ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İranın Rusiyaya yüzlərlə pilotsuz uçan döyüş aparatı ötürməyi planlaşdırdığını deyib. C.Sallivan bunu Ağ Evdə keçirdiyi brifinq zamanı bildirib.
“Bizdə məlumat var ki, İran hökuməti bir neçə yüzə qədər pilotsuz uçuş aparatını (PUA), o cümlədən hücum vasitələrini Rusiyaya tez bir zamanda təhvil verməyə hazırlaşır”, – Sallivan deyib.
Bundan əlavə, o vurğulayıb ki, kəşfiyyat məlumatlarına görə, İran Rusiya hərbçilərinə bu pilotsuz təyyarələrlə işləmək üçün təlim verməyə hazırlaşır. Hazırda İran tərəfinin Rusiyaya tədarüklərə başlayıb-başlamadığı bəlli deyil.
Ağ Evin iddialarını “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, İranla Rusiya arasında hərtərəfli əlaqələr mövcuddur. Onun fikirlərini azerbaycan-ruznamesi.org-un oxucularına təqdim edirk:
“Yəni, İranın Rusiyaya PUA, raket, yaxud başqa İran istehsallı hərbi texnika verməsində qeyri-adi nəsə yoxdur. Çünki bu ölkələr bir-birilərinə müttəfiq sayılırlar. Hətta bu müttəfiqlik o yerə çatıb ki, İkinci Qarabağ savaşı zamanı Rusiya hərbi texnikaları İran ərazisindən Ermənistana ötürülürdü. Odur ki, məlum prosesdə qeyri-adi nəsə görmürəm.
Fikrimcə, bu, İran və Rusiya hakimiyyətinin hərbi texniki əməkdaşlığına dair o qədər də ciddi olmayan bir məlumatdır. Əgər deyilsə idi ki, İran Rusiyaya güclü, ballistik hərbi raketlər verib, yaxud İran ərazisindən Ukrayna ərazisi müşahidə edilir, vurulur, bunu daha ciddi hərbi məlumat kimi qəbul etmək olardı. Amma Sallivanın bəyan etdiyi fikirlər elə də ciddi informasiya deyil”.
Politoloq onu da qeyd edib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ağ Evin iddialarını təkzib edib:
“Onun sözlərinə görə, ABŞ rəhbərliyinin sözügedən məsələ ilə bağlı açıqlaması həqiqətə uyğun deyil. XİN-dən bildirib ki, Rusiyaya PUA-lar verilməyib, Rusiya ilə İran arasında hərbi texniki əməkdaşlığa dair müqavilə var. Bu mənada həmin xəbəri ciddi informasiya hesab etmirəm. Bu dəfə ABŞ-ın yaydığı informasiya elə də ciddi əhəmiyyət kəsb etmir”.
Çimnaz Şahlar
Şərhlər bağlıdır.