PANFARSİSTİN TƏBRİZLİLƏRƏ MƏSLƏHƏTİ:

SƏFƏVİ TARİXİNİ OXUYUN

VİDADİ MUSTAFAYEV:

Bu günlərdə İranın  panfarsist-molla rejimi  Cənubi Azərbaycanda Araz çayı boyunca irimiqyaslı və təxribat xarakterli hərbi təlimlər keçirməklə Şimali Azərbaycana və bütövlükdə azərbaycanlılara qarşı düşmənçiliyini ən aqressiv bir şəkildə nümayiş etdirir. Beləki, Sepahın komandirləri tez-tez Təbrizə, Ərdəbilə baş çəkərək  bu mənfur niyyətlərini aşkar şəkildə bəyan etmişlər.

Sepahın quru qoşunlarının koordiantorunun müavini, panfarsist general  21 oktyabr 2022-ci il tarixində Təbrizdə cümə namazından əvvəl söylədiyi nitqində Ali rəhbərin “qırmızı cizgisinə” işarə edərək “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” və s. bu kimi təhdidləri və şablon ifadələri bir daha təkrar etmişdir.

Bunula belə, panfarsist general Şimali Azərbaycan sərhədlərinə geniş tərkibdə və coxlu sayda hərbi texnika, təchizat və canlı qüvvə cəmləşdirməklə irimiqyaslı hərbi təlim keçirmələrinə haqq qazandırmaq üçün Cənubi azərbaycanlılara tarixi,  xüsusən də Səfəvi dövlətinin tarixini, Çaldıran döyüşünü, kimin dost, kimin düşmən  olduğunu öyrənməyi  təkidlə məsəhət görüb.

Panfarsist general öz aləmində güman edir ki, Səfəvilər dövlətinin tarixinin öyrənilməsi Cənubi azərvaycanlılarda Türkiyə  türklərinə  düşmənçilik hissi yaradacaq və onlara düşmən gözü ilə baxılmasına səbəb olacaq.

Türklərə və türkləri bəhanə edərək Şimali Azərbaycana və azərbaycanlılara  qarşı düşmənçilik əhval-ruhiyyəsi yaratmağa çalışan panfarsist generalın Cənubi azərbaycanlılara Səfəvi dövlətinin tarixini dönə-dönə oxumağı məsləhət görməsini  biz də dəstəkləyirik.

Əgər Cənubi azərbatcanlılar Səfəvi tarixini bir də oxusalar (oxuyanlar çox yaxşı bilirlər), görəcəklər ki, Səfəvi dövlətinin yaranmasından əvvəl və sonra Yaxın və Orta Şərqdə, qısa fasilə nəzərə alınmazsa,  türk dövlətlərindən başqa dövlətlər yox idi və onların ərazi, nüfuz və təsir  dairəsini genişləndirmək uğrunda rəqabəti və mübarizəsi son dərəıcə arzuolunmaz, amma təbii hal idi. Axı Səfəvi dövləti də türklərin/azərbaycanlıların öz aralarında mübarizəsi nəticəsində meydana gəlmişdi.

Yenə təkrar edirik, tarixin subyektləri qismində müxtəlif türk etnik birlikləri ərazi, nüfuz və təsir  dairəsini genişləndirmək uğrunda mübarizə aparırdılar.

Səfəvilər dövləti qurulduqdan sonra onun qərbdə Osmanlı, şərqdə – Orta Asiyada Teymurilər, Şeybanilər kimi türk  dövlətlərindən başqa rəqibləri yox idi. Ona görə, qeyd edildiyi kimi, türk dövlətləri arasında rəqabət  adi hal idi və məsələnin həmin cəhəti bu gün türklər arasında düşmənçilik ruhu aşılamağa və qızışdırmağa əsas ola bilməz, əksinə türklər üçün bir qürur mənbəyidir ki, həmin dövrdə region türk dölətlərindən başqa dövlətlər tanımırdı. Bu bir.

Türk dövlətləri arasında orta əsrlərdə baş vermiş tarixi hadisələrdən indiki tamamlə yeni beynəlxalq və regional şəraitdə türklər arasında düşmənçilik hissi yaratmaq üçün istfadə edilməsi XAM BİR XƏYALDIR. 2009-cu ildə yaranmış Türk Dövlətləri Təşkilatının varlığı və fəaliyyəti bunun belə olduğunu aydın şəkildə nümayiş etdirir. Yəni türklərin öz aralarında keçmişdə baş vermiş rəqabət və müharibələrdən panfarsistlərin istifadə etmək cəhdinin heç bir uğuru ola bilməz. Bu iki.

Üçüncüsü, Cənubi azərbaycanlıların Səfəvi dövlətinin tarixini dönə-dönə oxuması və öyrənməsi panfarsistlərin yaratdığı  başqa bir  həqiqəti bir daha ortaya çıxarmış olur. Səfəvilər tarixini yalnız millətçi, panfarsist hakimiyyət nümayəndələrinin güman etdiyi aspektdən deyil, həm də başqa bucaq altında öyrənmək, doğrudan da çox vacibdir. Məhz onda, doğrudan da kimin həqiqi dost, kimin düşmən olduğu daha aşkar şəkildə ortaya çıxmış olar. Başqa sözlə, Səfəvilərin tarixini oxuyan və öyrənən hər bir azərbaycanlı istər-istəməz özlərinin həmin tarixi dövrdəki vəziyytlərini son yüzildə, əvvəlcə millətçi panfarsist, sonra dinçi panfarsist  hakimiyyəti  altında olduqları dövrlə müqayisə etməli olur və bu zaman türk Səfəvi dövrü ilə fars Pəhləvi və islam dövrü arsında azərbaycanlıların vəziyyətində  baş vermiş yerlə-göy arasındakı qədər  fərqi görmüş olur.

Səfəvilər dövlətini azərbaycanlılar Azərbaycanda  yaradıb və sonra bütün indiki İrana və ondan kənar türk ərazilərinə qədər genişləndiriblər. Azərbaycanlılar dövlət yaradan xalq olaraq öz dövlətini genişləndirmək və digər türklərin eyni istiqamətli fəaliyyətindən qorumaqla məşğul olmuşlar. Azərbaycanlılar dövlət quran xalq olaraq dövlətin idarə olunması və qorunması ilə məşğul idi. Ona görə ali hakimiyyət, əyalət və vilayətlərin idarə olunması azərbaycanlıların əlində cəmləşmişdi. Səfəvi ordusu da azərbaycanlılardan ibarət olub azərbaycanlı sərkərdə və komandirlər tərəfindən idarə olunurdu. Siyasi, hərbi, hakimiyyətin və idarəetmənin azərbaycanlıların əlində cəmləşməsi Azərbaycan dilinin bütün ölkədə, həyatın bütün sahələrində işləməsinə və buna uyğun olaraq Azərbaycan dilinin, bu dildə  mədəniyyətin inkişaf edib çiçəklənməsinə şərait yaradırdı. Səfəvi dövləti fars və digər millətlərin nümayəndələrinin ictimai-siyasi həyatın bütün sahələrində iştirak etməsinə, ən əsası, fars dilinin geniş şəkildə işlənməsi və inkişafına nəinki əngəl törətmir, əksinə şərait yradırdı. Səfəvilər tarixinin öyrənilməsi nəticəsində formalaşan bu təbii mənzərəni azərbaycanlıların son yüz ildəki vəziyyəti ilə müqayisə edən  hər bir sağlam düşüncəli və insaflı kənar şəxs belə dəhşətə gəlır.

Son yüz ildə panfarsist millətçilər indiki İran dövlətini quran, qoruyan azərbaycanlıları İranın (farsların) düşməni elan edərək onları bir millət, xalq, etnos kimi məhv etmək üçün bütün siyasi, iqtisadi, mədəni, ideoloji, mənəvi təzyiqlərdən istifadə edib və bu gün də istifadə etməkdədilər.

Son yüz ilə qədər, xüsusən Səfəvilər dövründə, sarayda, divanda, idarəetmədə, orduda işlənən Azərbaycan/türk dili, İran bir yana qalsın, Cənubi Azərbaycanda belə ictimai-siyasi və mədəni həyatın bütün sahələrindən sıxışdırılıb çıxarılmış, onun məhv edilməsi üçün daim yeni üsullar tapılaraq tətbiq edilmişdir və indi də tətbiq edilməkdədir. Cənubi Azərbaycan tikə-parça olmuş, itisadi sərvəti fars rayonlarına daşınmış və daşınmaqdadır, elmi potensialı fars millətinin xidmətinə verilmiş  və ondan azərbaycanlıların milli maraqları, milli varlığı əleyhinə istifadə edilir.

Pəhləvi rejimi (1925-1979) fikrləşilirdi ki, qatı millətçilik, şovinist milli siyasət yeritməklə məşğul olduğundan problem onun devrilməsi ilə həll oluna bilər. Lakin 1978-1979-cu illər antimonarxist inqilabdan sonra hakimiyyətə gələn dini-siyasi və sırf siyasi qüvvələr Pəhləvi rejimi zamanı həyata keçirilən milli siyasəti daha sərt və geniş şəkildə  davam etdirdilər. Hakim panfarsist dini və dünyəvi qüvvələr milli siyasət sahəsində  Pəhləvi rejiminin yetirmələri və davamçıları olduqlarını nümayiş etdirdilər və həmin siyasəti daha da sərtləşdirdilər.

Bəli, Cənubi azərbaycanlılara Səfıvi dövlətinin tarixini oxumaq və öyrənmək çox vacibdir. Həmin tarixi dərindən öyrənsələr, bu günkü vəziyyətlərinin dözülməzliyini bir daha dərindən hiss edib, həmin vəziyyətin səbəbləri və əsas amilləri haqqında düşünüb  ondan çıxmağın daha müasir və etibarlı  yolunu arayarlar.

ONA GÖRƏ BİZ DƏ CƏNUBİ AZƏRBAYCANLILARA İSRARLA MƏSLƏHƏT GÖRÜRÜK Kİ, SƏFƏVİ DÖVLƏTİNİN TARİXİNİ DÖNÖ-DÖNƏ OXUSUNLAR VƏ GÖRSÜNLƏR Kİ, ÖLKƏLƏRİNDƏ KİM QIRILIB, KİM QALIB, ONLARIN DOSTU KİMDİR, DÜŞMƏNİ KİM.

Şərhlər bağlıdır.