FƏXRİ UĞURLU YAZIR :

XANƏXƏRAB, İRANI VIRAN QOYMA!  

Fəxri Uğurlu

Görünən budur ki, 2700 il bundan qabaq başlanmış İran-Turan savaşı hələ də bitməyib. Atəşpərəst Əhəməni sülaləsinin, zərdüşti Sasani imperiyasının yurdunda oturmuş teokratik İran rejimi islam bayrağı altında sələflərindən miras qalan şovinist siyasətini yürütməkdədir. İmperiyasını çökdürmüş, min beş yüz illik mədəniyyətini yerlə bir eləmiş ərəb işğalıyla barışmış kimi görünən fars millətçiliyi Turan ellərinin varlığıyla hələ də barışa bilmir, milli varlığını yer üzündən silmiş ərəbi yox, milli varlığı üçün xüsusilə son yüz ildə başlıca təhdidə çevrildiyi türkü özünün bir nömrəli düşməni sayır.

Bu da təsadüf deyil, farsların ana kitabı “Şahnamə” əsas hədəfi onlara çoxdan göstərib. Əbülqasım Firdovsinin dünya şöhrətli dastanlar toplusunda İranın bir qarı düşməni var – Turan! Hətta cahanşümul Əhəməni imperiyasının axırına çıxmış Makedoniyalı İsgəndəri belə bağışlayıb süni yolla Kəyan şəcərəsinə calaq eləyə bilir, turanlıları isə əsla əfv eləmir. Nakam Səyavuşun qanını Turan hökmdarı Əfrasiyabın (Alp Ər Tonqanın təhrifə uğramış variantı) üstünə yaxmaqla qoca Firdovsi kin yaddaşını təzələyir, türkü hədəf göstərir. Hətta bununla bağlı belə bir rəvayət də var ki, qüdrətli padşah Sultan Mahmud Qəznəvi türk düşmənliyi üzündən şairə altmış min beytlik dastanın hər beyti üçün, söz verdiyi kimi, bir qızıl yox, gümüş axça ödəyib.

“Şahnamə”də Turan da, türk xaqanı Əfrasiyab da şərin timsalı, Əhrimənin təcəllası, sivilizasiyanın, mədəniyyətin düşməni kimi təqdim olunur. Məlumdur ki, istər Şərq ədəbiyyatı olsun, istər Qərb ədəbiyyatı, klassik dini-fəlsəfi düşüncə Günəşi – Tanrının, Ayı – İblisin rəmzi sayır. İşıq Günəşdən gəlir, Ayın isə öz işığı yoxdur, o, Günəşdən aldığı işıqla insanları aldadır. Bu prizmadan yanaşsaq, Nizami Gəncəvinin “Xosrov və Şirin” dastanında Şirinin bibisi, Bərdə hökmdarı Məhinbanunun dilindən verdiyi bu misraları Firdovsiyə cavab kimi də qavraya bilərik:

Əgər o (yəni Xosrov şah – F.U.), aydırsa, biz afitabıq,

O, Keyxosrovsa, biz Əfrasiyabıq.

Göründüyü kimi, Nizami burada Turan xaqanını Günəşə, ən şöhrətli Əhəməni hökmdarını aya bənzədir. Yeri gəlmişkən, bu misralar Nizaminin türklüyünə şübhəylə yanaşanlar üçün də bir dərs ola bilər.

İslam sivilizasiyası əsasən bəşər şəcərəsinin üç mühüm qoluna (sami, hind-avropa, altay) mənsub üç xalqın (ərəb, fars, türk) sayəsində meydana gəlib. Minillik proses boyu eyni bir mədəniyyətin yaradıcısı, daşıyıcısı olmuş bu xalqlar o hesabla çoxdan qardaşlaşmalı, Avropanın xristian xalqları kimi bir qardaşlıq bayrağı altında yaşamalıydılar. Əvəzində nə görürük – şiəliyi rəsmi dövlət ideologiyasına çevirmiş İran dövləti əhalisinin böyük əksəriyyəti şiə müsəlmanlarından ibarət Azərbaycan Respublikasını otuz illik münaqişə tarixində nəinki dəstəkləməyib (təbii ki, söhbət sözdə dəstəkdən yox, real dəstəkdən gedir), əksinə, ölkəmizin ərazisini işğala uğratmış, bizə qarşı düşmənçiliyi dövlət səviyyəsində rəsmi sənədlərlə təsbit eləmiş qonşu Ermənistana hər vəchlə kömək göstərib. Belə işlər, əməllər bu gün də yürüdülməkdədir. Bundan belə çıxmırmı ki, İran İslam Cümhuriyyəti siyasətini islam müddəaları üzərində yox, “Şahnamə” prinsipləri əsasında qurur? Nədən islam dövləti məscidlərdə donuz saxlayan islam düşmənlərini yox, müsəlman türkləri ittiham hədəfi seçir?

Min il boyunca farsın canı, malı, dili, mədəniyyəti türkün qılıncıyla mühafizə olunub. Fəqət İranda fars sülaləsi hakimiyyət başına keçəndən bəri ölkədəki türklərə, türkün dilinə, mənəvi dəyərlərinə göstərilən münasibətin buna tamam zidd olduğu hər kəsə gün kimi aydındır. Minillik xidmətin əvəzi budurmu? Bizim ölkəmizdə fars dilinə, bu dildə yaranmış mədəni abidələrə həmişə böyük sayğı-sevgi bəslənib – buna mən bir zaman tələbəsi olduğum şərqşünaslıq fakültəsinin auditoriyalarında, dəhlizlərində çox şahidlik eləmişəm. Firdovsi (ideoloji platformasına baxmayaraq), Rudəki, Sənai, Əttar, Ənsari, Xəyyam, Hafiz, Cami kimi böyük fars şairlərini biz özümüzə həmişə doğma bilmişik, onların əsərlərini bu gün də sevə-sevə oxuyuruq. Qarşılığında nə görmüşük? Karikatura çəkib türkü böcəyə, həşərata bənzədiblər, “xəri-türk”, “ətraki-biidrak” deyiblər. Boynumuza alaq ki, bu kimi ifadələrin dövriyyəyə buraxılmasında özümüzün də günahımız az deyil. Yoxsa türk soyundan gələn Sultan Səlim türk soyundan gələn Şah İsmayıla yazdığı məktubda onu niyə sözün mənfi mənasında “zəmanənin Əfrasiyabı” adlandıraydı?..

Bu gün Cənubi Azərbaycanda yaşayan otuz milyondan artıq soydaşımızın öz ana dilində heç olmasa ibtidai səviyyədə təhsil alması üçün bircə məktəbin belə olmaması İranda türklüyə göstərilən münasibətin ən bariz örnəyidir. Bir-birinə daban-dabana zidd olan şah rejimiylə teokratik sistemin bu məsələyə baxışında heç bir fərq olmadı. Təkcə bu fakt göstərir ki, sistem, bayraq, məcəllə dəyişikliyi İran dövlətini üç min il bundan qabaq götürdüyü kursdan, tapındığı ideologiyadan sapındırmır, bu gedişlə sapındıra da bilməz.

Ancaq zaman ayrı zaman, dövran özgə dövrandır. Bu gün özünü başqa qövmlərə, dünya birliyinə qarşı qoymaq, sağa-sola güc göstərib diş qıcamaq heç bir ölkəyə uğur qazandıra bilməz. Bu gün dünyada silahı çox olan yox, pulu, ağlı, istedadı çox olan; iqtisadiyyatı, elmi, mədəniyyəti güclü olan öndədir: belə olmasaydı, Ukrayna çoxdan yedəkdə getmişdi. İran kimi dərin mədəni qatları, mənəvi layları olan bir ölkəyə Zərdüştün, Maninin, Məzdəkin vətəninə, Firdovsinin, Xəyyamın, Hafizin qövmünə çağdaş sivilizasiyanın, ümumbəşəri mədəni-ictimai proseslərin periferiyasında yer almaq, tarixin qaranlıq küncünə sıxışdırılmaq heç yaraşmır.

Bəzi İran siyasətçilərinin, parlament üzvlərinin, jurnalistlərinin çıxışlarına baxanda adama elə gəlir bunlar öz ölkələrini dağıtmaq istəyirlər. Onların isterikası rus telekanallarında aqressiv nitqlər söyləyən yalançı patriotların, muzdlu vətənpərvərlərin isterikasına çox bənzəyir. İkincilərin aqressiv çağırışlarının bu gün hansı bəhrələr verdiyi bütün dünyanın gözü önündədir. Birincilər də onlardan necə ruhlanıblarsa, sərhədlərimizdə at oynatmaq həddinə qədər hədlərini aşıblar. Bir sadə həqiqət var: dostluq hər kəsə fayda gətirər, düşmənçilik heç kəsə fayda verməz. Gerçəkdən adamın özünün özünə elədiyini el yığılsa eləyə bilməz. Qonşularla dinc yanaşı yaşamaq, xeyir verib xeyir götürmək əvəzinə bunlar yaxına-uzağa meydan oxuyurlar, bizim varlığımızı heç cür qəbul eləmək istəmirlər.

Amma eləyəcəklər. Xəzər dənizinə “Mazandaran dəryası”, Azərbaycan Respublikasına “Bakı respublikası” deməklə siyasət yürütmək olmaz. Bu, siyasət deyil, siyasi tərbiyəsizlikdir. İnkişafın tək yolu dəmir darvazaları söküb atıb dünyaya açılmaq, insanlığa qucaq açmaq, təcrid bataqlığından qurtulub başı başlara qoşmaq, tarixin gen, hamar yoluna çıxmaqdır. Doğru yol axırı görünən yoldur, qalan bütün yolların axırı yoxdur. Düz yolla axsaya-axsaya, büdrəyə-büdrəyə də getsən, yol səni aparıb mənzil başına çıxaracaq; ancaq əyri yolla düz yeriyə bilməzsən, bu yol səni gec-tez azdırıb həyatın qırağına atacaq. Odur ki, gərək yolun düz olsun, o yolla sürünə-sürünə də irəliləyə bilərsən…

“Şahnamə” qəhrəmanı Rüstəm-Zalın gözünü qan elə tutmuşdu ki, qisas savaşında axır oğlu Söhrabı da öldürdü. Turana nifrət Rüstəm pəhləvanı heç zaman sönməyəsi bir cəhənnəm tonqalının içinə atdı. Səyavuş da bu düşmənçiliyin badına getdi, iki od arasında bir xeyli var-gəl eləyəndən sonra yurdunda sığınacaq tapdığı düşmənlərinin əliylə qətlə yetirildi. Göründüyü kimi, İranın say-seçmə oğulları Turanla nifaqın güdazına gediblər. Dünya ədəbiyyatında müharibənin acısını, ədavətin bəlasını Firdovsinin “Rüstəm və Söhrab”, “Səyavuş” dastanları qədər yanıqlı təsvir eləyən əsər az-az tapılar. Bu faciələrin təkrarlanmaması üçün İran-Turan qovğası, nəhayət, bitməlidir. “Şahnamə” də, bütün qalan dini-fəlsəfi kitablar da ədəbiyyat gözlüyündən baxanda gözəl, siyasət prizmasından baxanda təhlükəlidir.

Xanəxərab, İranı viran qoyma!

Şərhlər bağlıdır.