MOLLA REJİMİ, SƏNİN SİMAN NƏ MURDARMIŞ…

“İran İslam Respublikası” adlanan dövlət artıq bütün diplomatik ibarələri, üstüörtülü mesajları və müxtəlif istiqamətdə şərh edilə biləcək bəyanatları bir kənara qoyaraq, açıq şəkildə deyir: “Ermənistanı dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik! Azərbaycanı məhv etməyə çalışmışıq, bundan sonra da çalışacağıq”.

Bunu artıq dəqiq dərk etməli, anlamalı və Tehrandakı mollakratiya rejiminin bizə qarşı yürütdüyü aşkar düşmənçilik siyasətinə uyğun davranmalıyıq.

Adı saxta, özü saxta

… “İran İslam Respublikası” – taleyin ironiyasına bax ki, dövlətin rəsmi adını təşkil edən üç sözün heç biri Tehrandakı üsul-idarənin, hakimiyyətin və rejimin mahiyyətinə uyğun olmayan kəlmələrdir.

İrandakı klerikal rejimin İslamla heç bir əlaqəsi yoxdur – cənubumuzdakı ölkənin idarə olunduğu “vilayəti-fəqih” sistemi ümumiyyətlə, İslama ziddir və iranlı ayətullahların təqdimatındakı İslam bütün dünyadakı İslamdan kökündən fərqli olan sekta, təriqətdir.

İran dövlətinin adı “Parsiya”dır ki, o da müxtəlif xalqların hüquqlarının ən kobud şəkildə, vəhşicəsinə pozulması hesabına yaranıb. İranın hakimiyyət dairələri “Qədim İran” barədə danışmağı çox sevirlər.

Halbuki indiki Fars Körfəzinn sahillərində qədimlərdə olmuş “Parsuaş” adlı bölgədə olmuş yunan tacirlər həmin arealı “Parsiya” adlandırmışdılar.

Sözügedən bölgədə yaşayan xalqlar sonradan, eramızdan əvvəl 6-cı əsrdə Əhəmənilər dövlətini qurdular. O dövlət əsrlər keçəndən sonra Sasanilər imperiyası oldu, axırda da “Parsiya” və “Persiya” adlanmağa başlandı.

Farsların “arilər ölkəsi” kimi interpretasiya etdikləri “İran” kəlməsi isə 1935-ci ildə gündəmə gətirildi. Həmin kəlmənin müəllifi də farslar yox, nasist Reyxinin milli maarif və informasiya naziri Yozef Gebbels idi.

Məhz Gebbels 1935-ci ilin martın 16-da Persiyanın Berlindəki səfiri ilə görüşündə ona dövlətini “Arilər ölkəsi İran” adlandırmağı “təklif” etmişdi.

Rza şah Pəhləvi Berlindən alınan “təklif” formasındakı əmri qəbul etsə də, Tehrandakı alimlər buna etiraz etmiş, “dövlətimizin “İran” adlanması bizi şanlı tariximizdən ayırır” demişdilər.

Sonucda 1959-cu ildə yeni şah Məhəmməd Rza Pəhləvi demişdi: “Ölkəmizin iki adı var – “İran” və “Persiya”. Hər ikisindən istifadə edirik”.

Adı kimi, özü də saxta və illüzor olmasına rəğmən, İranın hakimiyyət dairələri ilə din xadimləri, alimləri fars şovinizminə əsaslanan psevdotarixlə ideologiyanın intensivliyini zəiflətmir, rəsmi təbliğatda bundan yararlanırlar.

İran prezidenti İbrahim Rəisinin ötən ilin oktyabrında Pasargadda 2-ci Kirin sərdabəsinin təmirinə dövlət büdcəsinləne 4,7 milyon dollar ayırması da Tehran hakimiyyətində fars şovinizmi “irsi”nin davam etdirildiyinin göstəricisidir.

Xomeyni və Xamenei xəyanəti

1979-cu ildə şah rejiminin devrilməsində Güney Azərbaycandakı soydaşlarımız müstəsna rol oynamışdılar. Azərbaycanlı ayətullah Məhəmməd Kazım Şəriətmədarinin mənəvi liderlik etdiyi soydaşlarımız həddən ziyad fəaldılar. Şəriətmədarinin özü isə sələfi ayətullah Hüseyn Borucərdinin 1961-ci ildə vəfatından sonra Qum dini hövzəsinin rəhbəri seçilmiş, İrandakı din xadimləri arasında ən yüksək nüfuza malik insandı.

Məhz Şəriətmədari 1963-cü ildə Ruhulla Xomeyniyə “mərcei-təqlid” adını almağa kömək etmiş, onu edamdan xilas etmişdi.

Lakin sonradan Xomeyni ona düşmən kəsildi, bütün vəzifələrindən kənarlaşdırdı, ev dustağı etdi. 1986-cı ildə isə ayətullah Şəriətmədari “böyrək çatışmazlığıdan vəfat etdi”, daha doğrusu, qətlə yetirildi.

Onun dəfninə belə, icazə verilmədi və sonucda ayətullah Şəriətmədarinin cənazəsi Quma aparıldı, tələsik, gizli şəkildə torpağa verildi.

Digər məşhur azərbaycanlı din xadimi ayətullah Sadiq Ruhani 1985-ci ildə ev dustağı edilmiş, 15 il bu zilləti çəkmişdi. Onun suçu “vilayəti-fəqih” sisteminə etiraz etməsi idi.

Digər nüfuzlu ayətullah Məhəmməd Şirazi isə höccətülislam Əli Xamneyinin yetərincə savad və bilik sahibi olmadığından ölkənin ali dini lideri təyin edilə bilməyəcəyini dediyinə görə ev dustağı edilmiş, 2001-ci ildə müəmmalı şəkildə “vəfat” etmişdi.

Mollaların “qırmızı xətt”i

İranın Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi və idarə etdiyi “İran diplomatiyası” saytında dərc olunmuş “İranın ərazi bütövlüyünün qırmızı xətti olan bölgə: Tehran Qarabağda passiv yanaşmadan əl çəkməlidir” başlıqlı məqalə isəTehrandakı molla rejiminin öz maskasını könüllü şəkildə çıxarması sayıla bilər.

Məlum: molla rejimi son 32 ildə mütəmadi olaraq “Azərbaycanla Ermənistanı problemləri dinc yolla çözməyə çağırırıq”, “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”, “Azərbaycan bizə qardaş ölkə, bu ölkənin vətəndaşları isə qardaş xalqdır” və s. tipli bəyanatlar verir, “müsəlman ümmətinin birliyi, İslami vəhdət”dən bəhs edirdi.

Bu zahiri “idilliya” 44 günlük Vətən Müharibəsindən sonra başa çatdı və molla rejiminin təbəssümlü maskasının altındakı eybəcər siması üzə çıxdı.

Bəhs etdiyimiz məqalədə Qarabağı “Dağlıq Qarabağ”, Xankəndini “Stepanakert” adlandıran müəllif Məhəmməd Hüseyn Məsumzadə yazır: “Stepanakertin məğlub olacağı təqdirdə bütün Cənubi Qafqaz və ətraf bölgələr, o cümlədən İran üçün arzuolunmaz ssenariləri təxminləmək çətin deyil. Dağlıq Qarabağ təki maneənin aradan qaldırılması Ermənistan ərazilərinin işğalı və bölgənin xəritəsinin dəyişdirilməsi, daha sonra isə İranın şimal-qərb bölgələrinə hücumlar üçün yollar açır. Məhz bu səbəbdən Tehran Qarabağ məsələsində passiv davranışdan əl çəkməlidir”.

Tehran Universitetinin Mərkəzi Asiya və Qafqaz tədqiqatları kafedrasının magistrının fikrincə, “Bakıya yeri göstərilməlidir”.

O, daha sonra yazır: “Son günlər rəsmi Bakı Ermənistanla Dağlıq Qarabağ Muxtar Vilayəti arasındakı Laçın yolunu blokadaya alıb. Bu addımlar 2020-ci ilin noyabrında itmzalanmış atəşkəs anlaşmasına ziddir. Daha sonra Bakı Dağlıq Qarabağ səmasını uçuşlara qapalı edan edib ki, bu da vəziyyətin müharibəyə bir addım da yaxınlaşması deməkdir”.

Müəllif qarabağlı erməniləri “İranın bölgədəki dayaqlarından biri” adlandırır və sonra da etirafa başlayır: “1990-cı illərdə İran erməni amilinin potensialından istifadə etdi. Məhz İranın birbaşa dəstəyi nəticəsində Robert Köçəryan Dağlıq Qarabağın, 1998-ci ildə isə Ermənistanın baş naziri oldu. Daha sonra İranın sayəsində Serj Sarkisyan hakimiyyətə yiyələndi. Tam 20 il ərzində İranın sayəsində Ermənistanı qarabağlı ermənilər idarə etdilər. Bunun nəticəsində İran bölgədə balans yarada bilmişdi. Lakin o balans 2018-ci ildə Serj Sarqsyanın devrilməsi və Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə itirildi”.

Və sonda müəllif ümumiyyətlə, vəcdə gələrək vurğulayır: “Qarabağ – İranın ərazi bütövlüyünün qırmızı xəttidir. Problemin həllinin yeganə çıxış yolu qarşısıalınmaz risklərə yol verməmək üçün müdafiədən hücuma keçməkdir”.

Tehran, ləyaqətin varmı?

Beləliklə, çoxdan bildiyimiz və əsla şübhə etmədiyimiz məqamları rəsmi Tehran etiraf etdi. Könüllü şəkildə, əsla çəkinmədən.

“İslami qardaşlıq”, “müsəlman birliyi”, “dostluq və tərəfdaşlıq”, “əsrlərdən bəri gələn mehriban qonşuluq” və sair və ilaxır kəlmələri bilmərrə gərəksiz sayaraq.

Tehran respublikasının sabiq XİN başçısı, indisə faktiki olaraq Xarici İşlər Nazirliyinə rəhbərlki edən şəxs, cənubdakı başabəla qonşumuzun “ali dini lideri” ayətullah Xamneyinin müşaviri Əli Əkbər Vilayəti ötən ay böyük məqaləsində yazmışdı: “Azərbaycan hücuma məruz qalarsa, İran onu dəstəkləyəcək. Azərbaycan göz bəbəyimizdir”.

Əsl Tehran ikiüzlülüyü və mimikriyasının nişanəsi olan məqalənin “mürəkkəbi qurumamış” məlum oldu ki, bilavasitə ayətullah Xamneyiyə tabe olan “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) Ermənistana 500 “Dehlavieh” və 100 “Almaz” tank əleyhinə raket komplekslərini hədiyyə edib.

“Almaz”ın SEPAH qoşunlarına ötən il verildiyi və İran ordusunun birləşmələrinin çoxunda belə, hələ də olmadığını nəzərə alsaq, Tehranın ermənilərə hədiyyəsi əsl “səxavət” nümunəsi sayıla bilərdi.

Bizə “qardaş” deyən ikiüzlü, siyasi mənəviyyat və əxlaqdan xali Tehran rejimi Ermənistanın bu silahlardan kimlərə qarşı, hansı məqsədlə istifadə edəcəyini bilmirmi?

Təbii ki, əla bilir və anlayır ki, ermənilər həmin silahlardan azərbaycanlıları öldürmək üçün istifadə etməyə çalışacaqlar.

Bəs Tehranın boğazdan yuxarı bəyan etdiyi “qardaşlıq, dostluq, qonşuluq” harada qaldı?!

Gerçək fərqlidir və reallıq budur ki, İran Azərbaycanla yox, Ermənistanla dost və qardaşdır.

Məhz İranın “səyləri” nəticəsində 1992-ci ilin mayında Şuşa işğal edilmişdi.

28 illik erməni işğalı ərzində İran fasiləsiz və sürəkli olaraq İrəvanın yürütdüyü siyasəti dəstəkləyib. Halbuki Ermənistan Vilayətinin “göz bəbəyi” adlandırdığı 750 min azərbaycanlını ev-eşiyindən didərgin salmış, minlərlə soydaşımızı amansızlıqla qətlə yetirmişdi.

Dünya miqyasında irinli yara sayılan Tehran rejimi Cənubi Qafqazın irinli yarası Ermənistanı onillər boyu dəstəkləmək və xilas etməklə məşğul olub. Nəqliyyat blokadasındakı Ermənistan məhz İrandan göndərilən neft, qaz, ərzaq və avadanlıq sayəsində 1990-2000-ci illərdə məhv olmadı.

İran da 28 il ərzində erməni işğalındakı ərazilərimizindən silah və narkoticarət marşrutları üçün istifadə etdi.

44 günlük Vətən Müharibəsi Tehran respublikasını bu marşrutlardan məhrum etdi.

Müharibə zamanına gəldkidə isə, iranlı hərbçilər Azərbaycan ordusunun birləşmələrinin mövqeləriin geolokasiyalarını ermənilərə ötürürdülər.

Bununla da kifayətlənməyən İran Ermənistana radioelektron mübarizə vasitələri və PUA-lar da verib.

Üstəlik, “vermişik, yaxşı etmişik” deyib.

… Tehran respublikasının, cənubdakı molla rejiminin çirkin xisləti, rəzil mənəviyyatı bəllidir.

Fəqət Azərbaycanda, bu ölkənin vətəndaşı olan bir para şəxslərin “Ləbbeyk ya Xamneyi”, “Ləbbeyk Ağa” demələri və yazmaları absurdun, izahı mümkünsüz marazmın və əslində, xəyanətin nümunəsidir.

Düşmənimizi silahlandıran, “Köçəryanla Sarkisyanı biz hakimiyyətə gətirdik” deyən mənhus rejimi “dəstələmək” belədə, şərəf və ləyaqətdən kənar əməl sayılmamalıdırmı?!

Elçin Alıoğlu

Şərhlər bağlıdır.