KÜTLƏVİ ETİRAZ:

GÜNEYDƏ MİLLİ AZADLIQ MÜBARİZƏSİ BAŞLAYIR?

İranın Buşehr, Əlburz, Rəşt, İlam, Tehran, Məşhəd kimi böyük şəhərləri də daxil olmaqla 164 şəhərində etiraz aksiyaları davam edir.

ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatının son məlumatına görə, indiyədək aksiyalarda 524 nəfər həyatını itirib.

Bildirilir ki, ölənlərin 71-nin yaşı 18-dən aşağıdır.

17 sentyabr tarixindən aparılan hesablamaya görə, 19 401 nəfər həbs olunub. Onlardan 4 973 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil.

Eyni zamanda, həbs olunan 713 nəfər tələbədir. Nümayişlərə 144 universitetin tələbəsi qoşulub. Həmçinin, aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.

Etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!” və digər şüarlar səsləndirilir.

Maraqlıdır, bəs aylardır davam edən etirazlar nə zaman demokratik hərəkata çeviriləcək və milli azadlıq mübarizəsinə keçəcək?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında bildirib ki, İranda davam edən etiraz aksiyalarında hər iki amil var:

“Güney Azərbaycan şəhərlərində azadlıq, ədalət, milli hokumət şüarları səslənirsə, deməli, burada etiraz artıq milli azadlıq mübarizəsi səviyyəsinə keçib.

Eyni zamanda etiraz aksiyalarında “Diktatora ölüm” və “Siyasi məhbuslar azad edilməlidir” şüarları səslənirsə, deməli, demokratik prosesdə də bir irəliləyiş var. İranda keçirilən aksiya demokratiya uğrunda dinc hərakatdır. Aksiyaların şüarları “Diktaturaya ölüm”dür. Bir yerdə ki, “Diktaturaya ölüm” şüarı var, orada demokratiya tələbi var.

Əslində, İran Konstitusiyasında sərbəst toplaşmaq azadlığı, fikir azadlığı və bunun kimi digər demokratik dəyərlərin hamısı təspit olunub. Sadəcə olaraq, hakimiyyət bu azadlığı cəmiyyətə vermir və son aylarda cəmiyyət bunu tələb edir. Buna görə də İrandakı proses demokratik hərəkata çevirilib. Bunun arxasında siyasi-ictimai təşkilatlar var, onlar da bu hərəkatı yönləndirirlər”.

Siyasi şərhçi bildirib ki, etiraz aksiyalarına qoşulanlar edamla hədələnir və bu, İranın son çıxışı yoludur:

“İranda inqilabın ilk illərində yeni rejimə etiraz edən müxalif düşüncəli insanları İran indiki Prezidenti İbrahim Rəisinin üzvü olduğu prokurorlardan ibarət komitə dar ağacından asmaqla bağlı hökm çıxarırdı. Bu addımı ilə cəmiyyətdə xof yaradırdı və hakimiyyətə gələn yeni qüvvələrdən qorxmağı təlqin edirdi. Bu günlərdə isə 5 aksiya iştirakçısı və müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərini edam ediblər. 

Bununla da eyni ssenari davam edir. Rejim aksiya iştirakçılarını edamla hədələyir. Aksiya iştirakçıları isə bu edamlardan qorxmur. Bu isə İran xalqının mövcud rejimdən boğaza yığılması, cana gəlməsidir. Əlirza Əkbərinin edamı rejimdaxili qüvvələrə edilən xəbərdarlıqdır ki, eyni aqibət sizi də gözləyə bilər”.

Naibə

Şərhlər bağlıdır.