İRANIN URAN YALANI

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) son hesabatında açıqlayıb ki, İranın Fordodakı nüvə obyektində fəaliyyəti Tehranın öhdəliklərinə ziddir. İngiltərə, Almaniya, ABŞ və Fransa da artıq bəyan ediblər ki, Tehranın MAQATE-nin tənqidinə cavabı qeyri-kafidir. İran hakimiyyəti də, ənənəsinə sadiq qalaraq, bunun “səhv” olduğunu və məsələnin çoxdan həll edildiyini vurğulayır. İstənilən halda, molla rejiminin nüvə proqramı ətrafında vəziyyət gərgin olaraq qalır. MAQATE hesab edir ki, İran nüvə silahı əldə etməyə gətirib çıxara biləcək trayektoriya ilə irəliləyir və bunun qarşısını almaq üçün Tehran və Vaşinqtonun Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtması ilə bağlı danışıqları davam etdirmək lazımdır. Mütəxəssislərin fikrincə, nüvə sazişi praktiki olaraq “ölüdür”, ancaq tərəflərdən heç biri rəsmi şəkildə bunu elan etməyə tələsmir.

“Reyters” informasiya agentliyinin məlumatına görə, MAQATE-nin baş direktoru Rafael Qrossi İranın Fordo yanacaq zənginləşdirmə zavodunun layihəsində əhəmiyyətli dəyişikliklər etməsindən narahatdır. Xatırladaq ki, MAQATE-nin nümayəndə heyəti yanvar ayında elan edilməmiş yoxlama ilə Fordoya səfərə gəlib. Missiyanın nəticəsi olaraq agentlik İranı uranı 60 faizə qədər zənginləşdirən IR-6 sentrifuqalarının iki kaskadının işində elan olunmamış dəyişikliyə görə tənqid edib. Hesabatda, həmçinin qeyd olunur ki, İran agentliyə başqa iş rejiminə keçməsi barədə məlumatı MAQATE-yə yoxlamadan sonra verib.

Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Tədqiqatları İnstitutunun baş elmi işçisi Andrey Baklitskinin sözlərinə görə, İranın hansı dəyişiklikləri etdiyi barədə dəqiq məlumat yoxdur, lakin qurumun kifayət qədər sərt reaksiyaya səbəb olması bunun əhəmiyyətli dəyişiklik olduğunu deməyə əsas verir. Mütəxəssisin fikrincə, istənilən halda, Tehranın xammal ehtiyatları və texniki imkanları həftələr, hətta günlər ərzində nüvə bombası üçün xammal istehsalına kifayət edir.

Xatırladaq ki, Fordo zavodu İranın nüvə proqramı üçün əsas obyektlərdən biridir və 2015-ci ildə İran tərəfindən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planında xüsusi yer verilib. Sənədin məqsədi bu ölkəyə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramını məhdudlaşdırmaq olub. Fəaliyyət planında qeyd edilib ki, İran uranın zənginləşdirilməsi səviyyəsini 3,67 faizdən çox saxlamayacaq və uranın zənginləşdirilməsi üzrə hər hansı bir fəaliyyətdən, habelə Fordo zavodunda nüvə materiallarını saxlamaqdan çəkinəcək. Tehran, həmçinin zavodu nüvə, fiziki və texnoloji tədqiqat mərkəzinə çevirməyi öhdəsinə götürüb.

Bununla belə, 201-ci ildə sabiq Prezident Donald Trampın dövründə ABŞ nüvə sazişindən çıxdıqdan və İrana qarşı sanksiyalar siyasətini bərpa etdikdən sonra Tehrandakı hakimiyyət də tədricən fəaliyyət planı çərçivəsində öhdəliklərdən yayınmağa başlayıb.   ABŞ  Prezidenti Co Bayden Administrasiyası öz sələflərinin siyasətini səhv hesab edərək, nüvə sazişinə qayıtmağa çalışıb. Həmin planı imzalayan digər dövlətlərin vasitəçiliyi ilə İran və ABŞ arasında dolayı məsləhətləşmələr 2021-ci ilin aprelində Vyanada başlayıb, lakin indiyədək heç bir razılaşma əldə olunmayıb. Hazırda ABŞ İrandakı etirazlar və ölkənin Rusiya ilə hərbi əməkdaşlığı fonunda nüvə sazişinin prioritet olmadığını vurğulayır. Tehranın Avropa ölkələri ilə də münasibətləri pisləşib. Avropa həmişə fəaliyyət planını dəstəkləyib, İranla ABŞ arasında kompromis əldə etməyə çalışıb. Ancaq indi “Köhnə dünya” da nüvə proqramı məsələsində Tehrana sərt üzünü göstərməyə başlayıb.

Bundan əlavə, son bir il ərzində Tehran və MAQATE arasında münasibətlər gərginləşib. Agentlik İranı tənqid edən bir neçə hesabat dərc edib. Buna cavab olaraq, noyabr ayında İran Fordo nüvə obyektində uranı 60 faizə qədər zənginləşdirməyə, Fordoda və Natanz nüvə obyektində yeni sentrifuqaları işə salıb. Xatırladaq ki, nüvə bombasının istehsalı üçün 90 faizə qədər zənginləşdirilmiş uran lazımdır. Ötən həftə MAQATE-nin baş direktoru Rafael Qrossi bir daha etiraf etdi ki, fəaliyyət planı ilə bağlı vəziyyət “qeyri-kafi və perspektivsizdir”. İndi fəaliyyət planının iştirakçıları ilə İran arasında dialoq əsasən Qətər vasitəçiliyi ilə aparılır. Ötən həftənin sonunda Qətər Baş nazirinin müavini, Xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Tehrana səfər edib. O, fəaliyyət planının iştirakçılarının mesajını İran tərəfinə çatdırıb.

Demək olar ki, Qətər nazirinin Tehrana səfəri ilə eyni vaxtda ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekanalına müsahibəsində deyib ki, hazırda Vaşinqtonun diqqəti fəaliyyət planına yox, İranla bağlı digər məsələlərə yönəlib: “Beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı narahatlığını aradan qaldırmağın ən təsirli yolu diplomatiyadır”. Eyni zamanda, o vurğulayıb ki, Prezident Bayden ABŞ-ın “İranın nüvə silahına sahib olmasının qarşısını almaqda qərarlı olduğunu və bunun baş verməməsi üçün bütün variantlar danışıqlar masasında qaldığını” açıq şəkildə ifadə edib. Bunun hərbi variant olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala dövlət katibi belə cavab verib: “Hər şey masanın üstündədir”. Bu mövzunu E.Blinken İsrailin Baş naziri Benyamin Netanyahu ilə də müzakirə edib.

MAQATE-nin son hesabatı Qərbdə İrana qarşı tənqidləri artırıb. İngiltərə, Almaniya, ABŞ və Fransa beynəlxalq təşkilatın İranın Fordo nüvə obyektində elan edilməmiş dəyişiklikləri ilə bağlı hesabatına sərt reaksiya verib. Qərb hesab edir ki, Tehranın baş verənlərin səhvin nəticəsi olması ilə bağlı izahatı qeyri-kafidir: “Biz İranı MAQATE ilə hərtərəfli təminat müqavilələri ilə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə və Fordoda müvafiq təminatların təmin edilməsində agentliklə tam əməkdaşlığa çağırırıq”. Avropa üçlüyü və Birləşmiş Ştatlar hesab edirlər ki, İranın Fordoda zənginləşdirilmiş uran hasilatı yayılmama rejimi üçün ciddi risk daşıyır və mülki ehtiyaclarla izah olunmur. Yəni, Qərb İrana mesaj göndərir ki, İranın nüvə proqramı hərbi xarakter daşıyır və molla rejiminə ölümcül silah hazırlamağa imkan verilməyəcək.

S.ELAY

Şərhlər bağlıdır.