Dezinformasiya bəşəri fəlakətə çevrilir

Siyasət

      XQ-nin media eksperti

Dezinformasiyanın, “feyk xəbər”in siyasi savaşda vurduğu ziyan barədə təsəvvür yaratmaq üçün, adətən, İraq müharibəsini nümunə göstərirlər. ABŞ rəhbərliyi 2000-ci illərin əvvəllərində “İraqda atom silahının hazırlanması və İraq hökumətinin beynəlxalq terrorizmə dəstək verməsi” barədə informasiya yaymışdı. Dünyanın aparıcı transmilli media vasitələri legitim mənbədən qaynaqlandığı üçün bu xəbəri qeyd-şərtsiz tirajladılar və İraq beynəlxalq ictimai rəyin hədəfinə çevrildi. Həmin informasiyanın ictimailəşdirilməsindən sonra ABŞ öz hərbi qüvvələrini İraqa göndərdi. 

Dünya ictimaiyyəti də prosesə normal yanaşdı. Müharibə təkcə İraq rəhbərliyinə və hərbi qüvvələrinə deyil, İraq vətəndaş­larına da ağır zərbələr vurdu. Məlumata görə, 2003-cü ildə başladılmış bu mühari­bədə təkcə 1 milyon 220 min insan öldü­rüldü. Bundan da qat-qat çox şikəst oldu, şəhərlər, kəndlər, infrastrukturlar dağıdıldı. Dünyanın ən qədim tarixi mədəniyyət abi­dələri, eramızdan çox-çox əvvəldən bəri qorunub saxlanılan nümunələr məhv edil­di. Müharibə bitdi, amma İraqda atom si­lah tapılmadı. Yekunda bəlli oldu ki, ABŞ-nin “İraqda atom silahının hazırlanması” barədə xəbəri dezinformasiya imiş.

Oxşar hərəkətlər bu gün də təkrar­lanır. Məsələn, transmilli KİV olan CNN 2023-cü ildə HƏMAS-ın İs­railə hücumu zamanı 40 körpənin başının kəsilməsinə dair informasiya yaydı.

Xəbər sürətlə yayılaraq, Qərb media­sının manşetinə çıxdı, qlobal informasiya trendinə çevrildi. Bu xəbər emosiyaları coşdurub və təkcə HƏMAS-ı deyil, bütöv­lükdə, Fələstin xalqını beynəlxalq ictimai rəyin hədəfinə çevirdi. Amma 2023-cü il oktyabrın 10-da yayılmış bu xəbər son­radan öz təsdiqini tapmadı. Bəlli oldu ki, körpələrin başının kəsilməsi barədə xəbər yalandır, reallığı əks etdirmir. CNN-in müxbiri Sara Sidner oktyabrın 12-də so­sial şəbəkə hesablarında post paylaşaraq üzrxahlıq etdi. Amma, o, özünü qismən təqsirkar saydı. Qeyd etdi ki, xəbəri legi­tim qurumlara və legitim şəxslərə, daha konkret desək, ABŞ Prezidenti Baydenin nitqinə istinadla hazırlayıb. Sara Sidner yazır ki, “Prezident Co Bayden bu faktları təsdiqləyən şəkilləri gördüyünü açıqladı. Mən də inandım. Amma bu gün Ağ ev bəyan edib ki, Baydenə uşaqların başının kəsilməsinə dair heç bir fakt və sübut təq­dim olunmayıb. Görünür, mən onlara əmin olmamalı idim. Daha diqqətli olmaq lazım imiş”.

Son illərdə qlobal səviyyəli dezinfor­masiyalar intensiv şəkildə paylaşılır və ayrı-ayrı ölkələri deyil, bütövlük­də, dünyanı fəlakətə sürükləyir. Nüfuzlu “PolitiFact” platforması 2016-cı ildə “de­zinformasiya”nı “ABŞ siyasətinin fenome­ni” elan edib. Məşhur tədqiqat mərkəzlə­rindən olan “Statista” isə mövzunu daha da konkretləşdirib. 2022-ci ildə keçirdiyi sorğunun nəticələri üzrə hazırladığı hesa­batda qeyd edib ki, ABŞ-də ümumi infor­masiya dövriyyəsində “feyk xəbər”in payı 56 faizə çatır. Ən maraqlısı isə odur ki, sorğu iştirakçılarının 50 faizi saxta xəbər artımının kökündə ölkənin rəsmi dairələ­rinin dayandığını deyiblər . “Washington Post” un fakt yoxlayıcıları Prezident Tram­pın hakimiyyətə gəldikdən sonra söylədiyi “yalan və ya aldadıcı iddialar haqqında re­kord”u paylaşıblar. Onların hesablamaları­na görə, ABŞ Prezidenti səlahiyyət müddə­tində 6420 yanlış fakta istinad edib ki, bu da gündə orta hesabla 10 yalan və yanlış iddia deməkdir.

Yaşadığımız dövrdə “dezinformasi­ya” faktoru ABŞ sərhədlərini aşıb, dünya siyasətində savaş elementinə çevrilib. “Di­ctionary.com” bildirir ki, 2018-ci ildə de­zinformasiya “İlin ən məşhur sözü” kimi tarixə düşüb. Analitik mərkəzlərin hesab­lamalarına görə, “Saxta xəbər”in gündəlik informasiya dövriyyəsində payı 45-80 faiz aralığında dəyişir. Belə yüksək göstərici­ni həm texniki inkişafla (internetin, sosial media platformalarının çoxalması), həm də qlobal siyasi proseslərin aktivliyi ilə əlaqələndirirlər.

“Saxta xəbər”in növləri

Məlumat üçün qeyd edək ki, müasir media nəzəriyyələri “Saxta xəbər”i növ­lərə bölürlər. Təsnifatlaşdırmanın nəticəsi kimi, “Fake news”un qolları olaraq, “Mi­sinformation” və “Disinformation” ter­minlərini bir-birindən ayırırlar. Onların ümumi cəhətləri budur ki, cəm halında xəbərin yalan olduğunu, saxtalığını ifadə edirlər. Amma yayılma şərtinə, niyyət və məzmununa görə fərqlənirlər. Rəqəmsal lüğət tərtibatçısı olan “Dictionary Center” qeyd edir ki, yanlışlığın xəbərə təsa­düfən, yaxud bilərəkdən daxil edilməsinin önəmi vardır. “Misinformation” üzrə təs­nif edilən xəbərlərdə “yanlışlıq” təsadüfi xarakter daşıyır, texniki amillərlə əlaqəli olur, qərəzli niyyət daşımır. Bir sözlə, “Mi­sinformation” deyərkən, zərərli məqsəd, qərəzli niyyət güdmədən yayılmış “yanlış xəbərlər” nəzərdə tutulur.

“Dezinformasiya” isə “bilərəkdən sax­talaşdırılmış, qərəzli şəkildə manipulyasi­ya edilmiş fakt və məlumatlar” deməkdir. Ekvivalent olaraq, “rəqib tərəfdə təxribat törətmək məqsədilə düşməncəsinə yayı­lan saxta məlumat” cümləsindən istifadə edilir. Elmi ədəbiyyatlarda qeyd edilir ki, “Dezinformasiya bilərəkdən saxtalaşdırıl­mış yalan məlumatdır, mahiyyətində mən­fur motivlər vardır. Zərərli niyyətlər üçün yaradılmışdır”.

“Saxta xəbər”in kəmiyyət baxımın­dan artması ona qarşı mübarizə tədbirlə­rinin görülməsini zərurətə çevirir. “Feyk xəbər”lə mübarizə tədbirləri əsasən 3 is­tiqamət üzrə təsnifatlaşdırılır.

İlk istiqamət maarifləndirmə və mə­lumatlandırma tədbirlərini ehtiva edir. Ehtimal olunur ki, yeni media alətlərinin inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır. Bu kontekstdə sosial media istifadəçilərinin, internet fəal­larının maarifləndirilməsi, media savadlılı­ğının artırılması “feyk xəbər”lə mübarizə kontekstində mühüm vasitə kimi qəbul edilir.

İnternet informasiya resurslarında etik prinsiplərin qorunması üçün “Netiket”, “Etik xartiyalar” və sair tərtib edilir.

“Saxta xəbər”in yeni media sferasında yayılmasının qarşısını almaq üçün “Neti­ket”, “Kodeks” və “Xartiya”ların hazırlan­ması ilə yanaşı, texniki alətlərin tərtibinə də önəm verilir. Beləliklə, “feyk xəbər”lə mübarizə tədbirləri yönündə 2-ci istiqamət, yəni, texniki tətbiqlər gündəmə gəlir.

Məşhur “fakt yoxla” (Fact-chec­king) platforması bu məqsəd­lə yaradılıb. Fakt yoxlayan veb-saytlar həm siyasi, həm də qeyri-siyasi mövzular haqqında faktların yoxlanılma­sına kömək göstərirlər. Platforma effektiv olduğu üçün inkişaf etdirilib və beynəlxalq şəbəkəyə çevrilib. “International Fact-Checking Network” bu sahədə nümunəvi örnəkdir. Bu platforma insanlara şübhəli yanaşdıqları informasiyaları araşdırmaq, yanlışlığı aşkarlamaq, həqiqəti bilmək üçün fürsət yaradır. Fakt yoxla funksiyası daşıyan milli saytın Beynəlxalq Fakt Yox­lama Şəbəkəsinin üzvü olması bu təşkila­tın etibarlılığını müəyyən etməyə yardım göstərir.

Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutlar Federasiyası (IFLA) isə in­sanlara saxta xəbərləri tanımaqda kömək etmək üçün diaqram şəklində xülasə hazır­layıb. Sənəddə əks olunmuş 14 bənddən 2-si xüsusilə diqqət çəkir. Qeyd edilir ki, “feyk xəbər”i gerçək xəbərdən fərqləndir­mək üçün öncə müəllifin, sonra da istinad olunmuş mənbənin legitimliyini yoxla­maq lazımdır. Yəni, əgər mənbə və müəl­lif legitimdirsə, onda xəbərin saxta olması yönündə şübhələr də azalır.

Amma tətbiq edilən bütün bu proq­ramlar, texniki alətlərin tətbiqi və maarif­ləndirmə tədbirləri saxta xəbərin qarşısını almaq üçün kifayət etmir. İndiki dövrün ən böyük problemi odur ki, “feyk xəbər” həm də legitim qurumlar tərəfindən yaradılır və yayılır. Məqalənin giriş hissəsində ABŞ prezidentlərinin çıxışlarından nümunə verdik. Legitim mənbə hesab olunan bu təsisatların özlərinin dezinformasiya yayı­cısı rolunda çıxış etmələri “feyk xəbər”i qarşısıalınmaz müşkülə çevirir. Problem qloballaşır. Milli hökumətlər üçün ona qar­şı hüquqi-inzibati müstəvidə mübarizənin təşkil edilməsi zərurəti yaranır. Beləliklə, “feyk xəbər”lə mübarizə tədbirlərinin 3-cü istiqaməti – hüquqi-inzibati yolla tənzim­ləmə metodu ortaya çıxır.

Bu baxımdan, ayrı-ayrı dövlətlər tərəfindən təşəbbüslər göstərilir. Məsələn, “Dezinformasiyaya qar­şı mübarizə” qanunu formasında hüquqi aktlar tətbiq edilir. Yaxud, xüsusi inzibati qurumlar yaradılaraq dezinformasiyaya qarşı mübarizə aparılması üçün ona səla­hiyyətlər verilir. Artıq dünyanın inkişaf et­miş ölkələrinin bir çoxunda, o cümlədən, Almaniya, Fransa, Türkiyə, Çin, Rusiya və digərlərində dezinformasiyaya qarşı mübarizənin inzibati-hüquqi yolla tən­zimlənməsinin modelləri tətbiq olunur. Növbəti məqaləmizdə bu modellər barədə geniş bilgi veriləcək.

Şərhlər bağlıdır.