Cavad Heyət və 45 yaşlı “Varlıq” dərgisinin birinci sayı
DOKTOR CAVAD HEYƏTİN ANADAN OLMASININ 100 VƏ "VARLIQ" DƏRGİSİNİN 45 İLLİYİNƏ HƏSR EDİLİR (2)
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
(Əvvəli ötən sayımızda)
O qanlı və qorxulu illərdə İranın qeyri xalqları kimi, Azərbaycan xalqı da bütün demokratik və ictimai haqlardan məhrum edildiyi halda, …eyni zamanda onun tarixi, milli mənsubiyyəti faşist və kazak çəkmələri altında əzilirdi və bir ovuc satqın xalq düşməni onun taleyinə hakim idi… Azərbaycanda onlarca Abdulla Mostəvfilər, doktor Mohsinilər və Şahbəxtilər kimi “həzrət əcəl”lərin fəaliyyətlərini, “Ostandare (vali) müəəzzəm Azərbaycan” və sair adlarla aparılan yaramaz və çirkin istismarçılıq siyasətini kim unuda bilər?.. Hələ bağladılmış teatrları, yandırılmış kitabları, yüzlərcə və minlərcə xalqın istedadlı və şərəfli oğullarının sinələrində boğulan hıçqırıqların ürək çırpıntılarının acı xatirəsi haçan və nə ilə Azərbaycan milli mədəniyyətinin səhifələrindən silinə bilər? Hələ öz kimliklərindən xəbəri olmayan “alim” və “nəzəriyyəçilərin” azərbaycanlılara “tarixi kimlik” uyduran utanmazlıqlarını kim yaddan çıxara bilər? Qeyd edilirdi ki, bu 50-60 ilin ərzində Azərbaycan dilində danışmaq, yazmaq, oxumaq və dərs vermək əleyhinə aparılan millətəzidd siyasət özü-özlüyündə bir faciədir. Doktor Əmadul-mulk Mohsininin və ondan sonra Həsən Zouğinin “rəyasəte-maarif” (maarif rəisi) məqamında apardıqları vəzifələrdən biri və ən mühümü Azərbaycanda mədrəsələrdə (məktəblərdə) Azərbaycan dilinin yasaq edilməsi, milli mətbuat və kitabların mənsux edilməsi (yandırılması) idi. Hər türkcə danışan müəllimi işdən çıxarmaq və hər öz ana dilində danışan məhsəli (öyrəncini) cərimə etmək və hər bir azəri dilində çıxan kitab və yazını yandırmaq o dövrün olduqca məmul (adi) işlərindən idi.
Bildirilirdi ki, o qorxunc və qaranlıq illərdə Azərbaycan milli teatrının bağlanması, Azərbaycan dilində teatr əsərlərinin yoxa çıxarılması da baş verdi. Teatr İranda hər yerdən əvvəl Azərbaycanda başlanmış və şəmsi təqvimilə 1308-1310-cu illərə (m.1929-1931) qədər uğurlu fəaliyyət göstərmişdi. Lakin bu illərdə yenə ağayi doktor Mohsini Təbrizdə və Azərbaycanın digər yerlərində teatrı qadağan etmiş, bu zidd maarif və ziddi-mədəniyyət fəaliyyəti ilə “iftixarını” artırmışdı.
Məqalədə qeyd olunur ki, Təbriz Universitetinin ədəbiyyat fakültəsi tərəfindən uzun illərdir üç aylıq bir ədəbi-araşdırma dərgisi çıxmaqdadır. Bu dərginin bütün saylarını başdan-başa vərəqləsəniz, orada hətta bir səhifə, ya bir beyt Azərbaycan türkcəsində mətləbə rast gələ bilməzsiniz. Demək olar ki, bu nəşriyyəni yola salanlara (nəşr edənlərə) Azərbaycan xalqının varlığı, dili, folkloru, ədəbiyyatı və bir sözlə, onun milli fərhəngi heç-puç hökmündədir. Qeyd olunur ki, bu dövrədə Azərbaycanda aparılan ziddi-milli və ziddi-mədəni siyasətdən yüzlərcə və minlərcə bu cür nümunələr göstərmək olar. İyirminci əsrdə bu kimi yaramaz işlərə əl atanlar utanclarından qızarsalar, yaxşıdır (s.15).
Məqalənin sonluğu Səhəndin bu şeiri ilə tamamlanır:
Taleyimə sən bax!
Düşüncələrim yasaq,
Duyğularım yasaq,
Keçmişimdən söz açmağım yasaq,
Gələcəyimdən söz açmağım yasaq,
Ata-babamın adını çəkməyim yasaq,
Anamdan ad aparmağım yasaq…
…bilirsən?
Anadan doğulanda belə
Özüm bilməyə-bilməyə
Dil açıb danışdığım dildə
Danışmağım da yasaq imiş, yasaq! (s.15)
Dərginin sonrakı – dilimiz haqqında, Azərbaycan türkcəsindəki “Ağaran fəcri (sübh) salamlarkən…” məqaləsi H.M.Altaya məxsusdur. İlk cümlələr suallarla başlayır: Dilimiz bu göyərmə və çiçəklənmə baharında nə haldadır? Zəngin dil nə deməkdir? Xalis və arınmış dil nədir? İlk suala cavab da belədir: Dilimiz Azərbaycanda şiddətli təzyiq altında uzun qaranlıq gecə keçirmişdir. Xalqımızın və dilimizin fövqəladə canlılığı və dinamizmi olmasaydı, çoxdan yuxulara qarışmışdı. Bu təzyiq Bertran Rasselin dediyi kimi, həm “çırıl-çıplaq zorbalıq” və həm də örtürü “zorlama” şəklində yurdumuzda xalqımıza və dilimizə qarşı tətbiq olunmuşdur…” (s.16)
Bu məqalədə Azərbaycan türkcəsində nəşrlərin qadağan edildiyi, belə bir dilin varlığını dilə gətirməyin yasaqlandığı, olan nəşrlərin və naşirlərin təqib edildiyi, dilimizin tədrisdən, ictimai salonlardan, məclislərdən “qovulduğu”, danışmaq və yazmağın cinayət sayıldığı dilə gətirilir. Milli musiqimizin ifasının qadağan edildiyi qeyd olunur. Bir milyondan çox azərbaycanlının yaşadığı Tehran şəhərinin (1979-cu il nəzərdə tutulur, indi ən azı beş milyon nəfər olar – E.M.) televiziyasında, onun da musiqi namına qala-qala, Ququşdan ildə-ayda bir “Səkinə dayı qızı”ya qaldıq. Teatrımız son nəfəslərini verdi. Biz ikinci dərəcəli vətəndaşlığı qəbul etdik. Keçmişimizə qələm çəkmək, uydurma tarixləri ayələr kimi əzbərdən təkrarlamaq, ancaq özlüyümüzü inkar bahasına, əlimizdən aldıqları haqlarımızın qırıntılarını yerdən yığmağa icazə tapdıq, qul və “çakər” (nökər) olmaq müqabilində açıq və serili (davamlı) yəğma süfrəsinin aşağı başında oturmağa izn ala bildik… (s.17)
Vurğulanır ki, “nə yaxşı, dilimiz savadsız, namuslu və zəhmətkeş kəndli və işçilərimizin qeyrətinə əmanət oldu. Münəvvərlərimizin (aydınlarımızın) əksəriyyəti çoxdan farslaşdılar, yadlara yarınmaq, xalqımız və dilimizə ədavət yolunda, şairin dediyi kimi, düşmənləri belə keçdilər və onları heyran qoydular” (s.17).
Nümunə göstərilir ki, fars sözləri və ifadələrini daha çox işlətməklə o həddə çatdırdılar ki, aşağıdakı kimi ifadələr dəbə düşdü: “Nəzər be in ke, cənab ağayi felan – mudir-e kolle – edare-ye dadqostəri-ye- Azərbaycan burdadır…” Guya bu, türkcə danışır. Ədliyyəyə “dadqostəri”, əyalətə “ostan”, valiyə “ostandar” və bu kimi, xalqın əsrlərlə işlətdiyi ifadələri farsca sözlərlə əvəz edib azərbaycanlılar üçün yadlaşdırdılar. Həmin cümlənin düzgün ifadəsinin dilimizdə “Azərbaycan əyaləti ədliyyə idarəsinin ümummüdiri ağayi felan cənablarının burada olduğuna görə…” deyilməsi gərəkdiyi bildirilir. Coğrafi adların dəyişdirilməsinin yolverilməzliyi vurğulanır, zəngin folklorumuzun, ata-babalarımızın miras qoyduğu əsərlərin dilindən istifadə edib və ehtiyac olan kəlmələri yaradaraq dilimizi inkişaf etdirməyin zəruriliyi irəli sürülür.
“Varlıq” dərgisinin növbəti yazısı bu dərginin qurucu naşiri, az sonra isə sahibi və baş redaktoru olacaq dünyada tanınan Doktor Cavad Heyətə (1925 Təbriz – 2014 Bakı) məxsusdur. “Azəri türkcəsinin tarixinə qısa bir baxış” adlanan bu məqaləsində, əslində, Dr. Cavad Heyətin bu mövzuda gələcəkdə daha da genişləndirəcəyi fundamental elmi tədqiqatın əsas tezisləri öz əksini tapmışdı.
Bu məqalədə Cavad Heyət türklərin və türk dilinin meydana gəlməsini xülasə şəklində anladır. Qeyd edir ki, türk kəlməsi “törəmək”dən gəlir. Bu adla dövlət ilk dəfə miladın VI əsrində indiki Monqolustan ərazisində meydana gələn Göytürk dövləti olmuşdur. İslamdan əvvəl türkcə danışanların hamısına türk deyilirdi… Türk ellərinin İrana gəlişi Sasanilər zamanında başlamışdır. Bu Ənuşirəvanın farscaya çevrilmiş qeydlərində zikr edilmişdir (s.20). İslamdan sonra 3 böyük mühacirət olmuşdur: 1-ci XI əsrdə Səlcuqlarla başlanmış və türklər Anadoluya qədər irəliləmişlər və burada Səlcuq dövlətini qurmuşlar. 2-ci mühacirət moğollarla başlamışdır. Moğollar türk deyildilər, amma orduları əsasən türklərdən ibarət idi. 3-cü mühacirət Əmir Teymurun zamanında olmuş, sonralar da davam etmişdir. Əmir Teymur Osmanlı padşahı İldırım Bəyazidə qalib gələndən sonra özü ilə Anadolu türklərindən ibarət olan 100 mindən çox əsiri gətirib Ərdəbil və ətrafında yerləşdirmişdi. Bu əhali sonralar Şeyx Şəfinin övladlarının əsas dayağına çevrilmişlər. Səfəvilər dövründə Azərbaycan tamamilə türkləşmişdi. Kəsrəvinin tədqiq edib “Azəri” dili adlandırdığı dil qədimdən burada yaşayan tatların dilidir və bunun bizim ana dilimiz ola azəri türkcəsi ilə bir əlaqəsi yoxdur.
Dr. Cavad Heyət yazır ki, azəri türkcəsi və türkməncə türk dilinin Qərb ləhcəsinin Şərq şivələridir. Qərb türkcəsi qədim türkcənin oğuz ləhcəsidir və on üçüncü əsrdən sonra Osmanlı türkcəsi və azəri türkcəsinə ayrılmışdır. Qədim türkcə Ural-Altay dil qrupuna bağlı qədim Türküstanın dilidir (s.21). …Qədim türkcəyə xaqani türkcəsi də deyilir… “Türk dili, iltisaq və sonyapışıqlı dildir. Bu qrup dillərdə kəlmələrin kökü dəyişməz. Farscada və digər Hind-Avropa dillərində isə kəlmələrin kökü dəyişə bilər. Məsələn, “qoftən” (demək) felinin kökü “bequ (de) “miquyəm” (deyirəm) kimi dəyişilir.
Məqalədə türklərin və türk dilinin tarixi inkişaf yolu qısa xülasə şəklində və faktlarla şərh edilir: türklərin müsəlman olduqdan sonra yazdıqları şeirlə yazılan ilk əsər “Qutadqu-bilik” (Səadət verən bilgi) Qaraxanlılar zamanında 1070-ci ildə Yusif Xas Hasib tərəfindən yazılaraq Qaraxanlı hakimi Buğra xana hədiyyə edilib. Bundan sonra Mahmud Qaşqarinin “Divani Lüğət üt Türk”, Ədib Əhmədin “Ətübətül-həqayiq” əsəri (XII əsr) yazılıb.
Cavad Heyət qeyd edir ki, Azərbaycan ölkəsində ilk dəfə türkcə şeir yazan Qətran Təbrizidir. Sonra yazır: “Nizami Gəncəvi “Leyli və Məcnun”un müqəddiməsində türkcə yazmaq istədiyini bəyan edərkən padşahın əmri ilə əsərini farsca yazmışdır”.
Sonra Cavad Heyət İzzəddin Həsənoğlunun, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin şeir dilini təsvir edir, nümunələr gətirir, Mirzə Şəfi Vazehi, Mirzə Fətəli Axundovu, Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri anladır, “Hophopnamə”ni dəyərləndirir. Mərsiyə və nouhə ədəbiyyatına nəzər salır, bu sahədə yazmış Dəxil Mərağayini, Seyid Fəttah Mərağayini, Hacı Xudaverdi Xoyini, Əbülhəsən Racini, Seyid Əbülqasım Nəbatini, Qəməri, Rəncur xanımı oxuculara tanıdır. Yazır: “XX əsrdə Şimali Azərbaycanda şeir və ədəbiyyat çox qabağa getdiyi halda İran Azərbaycanında Pəhləvi xanədanının istibdadi və türk düşmanlığı siyasəti sayəsində türk dili və fərhəngi duraxlamış və hətta dalıya qalmışdır”. (s.25) Məqalədə Səməd Vurğundan, Süleyman Rüstəmdən, Əliağa Vahiddən, Bəxtiyar Vahabzadədən, Mədinə Gülgündən, Balaş Azəroğludan, Əli Tudədən söz açılır.
(Ardı var)
https://525.az/
Şərhlər bağlıdır.