FTB-yə görə, Məhəmməd Baseri və Əhməd Xazayi adlı bu iki İran kəşfiyyat zabiti, ABŞ vətəndaşı Robert “Bab” Levinsonun oğurlanması, saxlanılması və ehtimal olunan ölümü ilə əlaqəlidirlər.
Levinson, FTB-nin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olub və 9 mart 2007-də Dubaydan Kiş adasına uçduqdan sonra orada yoxa çıxıb.
ABŞ bildirir ki, bu günə qədər toplanmış sübutlar Levinsonun həbsdə öldüyünü göstərir.
İran İslam Respublikası rəsmiləri bu iddiaları rədd edərək Levinsonun illər öncə İranı tərk etdiyini iddia edirlər.
FTB bildirib ki, Baseri və Xazayi, İran Kəşfiyyat Nazirliyinin yüksək rütbəli zabitləridir. ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisi də 2020-ci ilin dekabrında bu iki nəfəri Levinsonun oğurlanmasına görə məsuliyyət daşıyan şəxslər kimi siyahıya almışdı.
FTB-nin açıqlamasında bildirilir ki, İran kəşfiyyatının yüksək vəzifəli şəxsləri Levinsonun oğurlanması və saxlanması əmrlərini versələr də, İran hökuməti təxminən 18 il ərzində bu ABŞ vətəndaşının taleyi haqqında məlumat verməkdən imtina edib. Hətta yanlış məlumat yaymaq kampaniyası apararaq məsuliyyətdən yayınmağa çalışıb.
FTB-nin məlumatına görə, İranın iki kəşfiyyat zabitinin həbsinə görə nəzərdə tutulan 25 milyon dolların 5 milyon dolları FTB tərəfindən, qalan 20 milyon dollar isə ABŞ Xarici İşlər Nazirliyinin “Ədalət üçün mükafat” proqramı çərçivəsində ödəniləcək.
IRANWIRE
Şərhlər bağlıdır.