Hizbullahın Latın Amerikadakı fəaliyyətindən də xəbərdardırlar

Türkiyə mediasında yazılır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA)
yaxınlığına görə ictimaiyyət arasında “Kölgə CİA” kimi tanınan RAND şirkəti
olduqca təəccüblü hesabat dərc edib. Mərkəzi Kəşfiyyat İdarəsi ilə birgə
hazırlanan sənəddə İranın dəstəklədiyi Hizbullah təşkilatının Latın
Amerikasında bütün fəaliyyətləri təfərrüatlı şəkildə öz əksini tapıb. Hesabatda
təşkilatın Venesuelanın şimalındakı bir adada silahlı terror düşərgəsi açdığı da
qeyd edilib. 31 mart 2025-ci il tarixli “Hizbullahın Latın Amerikasında Şəbəkəsi”
adlı birgə hesabatda ABŞ Daxili Təhlükəsizlik Departamenti, Dövlət
Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsinin Latın Amerikasındakı Hizbullah
varlığına qarşı birgə mübarizə aparmaq üçün terrorla mübarizə qrupları
yaratması təklif edilib. Qrupların bölgəyə müdaxilə etməsinə dair təklifin də yer
aldığı hesabat ABŞ prezidenti Donald Trampa da təqdim ediləcək. Həmin
hesabatda diqqət çəkən maddələri təqdim edirik:


ABŞ-DA TERROR RİSKİ
İran Hizbullahın əsas silah, maliyyə və logistika mənbəyidir. İranın dəstəkləri
vasitəsilə təşkilat 1990-cı illərdən etibarən Avropa, ABŞ, Latın Amerikası və
Asiyada iştirakını genişləndirməyə nail olub. 2017-ci ildə ABŞ-a Latın Amerikası
ölkələrindən gələn və Nyu-Yorka hücum etməyə hazırlaşan üç Hizbullah
hücrəsinə basqın edilib. 2023-cü ildə təhlükəsizlik qüvvələri Braziliyadakı
Hizbullah hücrələrinin ölkə daxilində yəhudi qurumlarına böyük bir hücum
edəcəyini öyrəndi və əməliyyatla təşkilat üzvlərini həbs etdi. Bilirik ki, İsrailin
Yaxın Şərqdə təşkilata vurduğu böyük zərbəyə görə Hizbullah Amerika
qitəsindəki Qərb hədəflərinə, xüsusən də ABŞ-a qarşı böyük hücumlar
planlaşdırmaq ərəfəsindədir.
12 ÖLKƏDƏ FƏALİYYƏT
Hizbullahın Latın və Mərkəzi Amerikanın 12 ölkəsində geniş maliyyə və terror
şəbəkələri var, lakin təşkilatı terror təşkilatı kimi tanıyan yeganə ölkələr
Argentina, Kolumbiya, Honduras və Paraqvaydır. Hizbullahın, həmçinin,
mövcud olduğu ölkələrdə gizli təşkilatlarla və Venesueladakı hökumət
səviyyələri ilə sıx əlaqələri var. Venesuelada Tariq Zaydan El Aysami və Adil El
Zubeyir kimi tanınmış adların təşkilat adından narkotik alveri ilə məşğul olduğu
aşkarlanıb. Ölkənin ictimai aviasiya şirkəti olan “CONVIASA” təşkilatın üzvlərini
İrandan gətirir.
ADADA TERROR DÜŞƏRGƏSİ
Paraqvayın Argentina və Braziliya ilə sərhədində yerləşən və xüsusi ticarət
zonası olan “Üç Sərhəd Bölgəsi” Hizbullahın ən fəal olduğu ərazidir. Bölgədə
böyük Lübnan diasporu var və təşkilat irimiqyaslı qanunsuz maliyyə
fəaliyyətinin çoxunu bu bölgədə həyata keçirir. Təşkilatın həmçinin
Venesuelanın şimalındakı Marqarita adasında terrorçuların ideoloji və silahlı
təlim düşərgələri var. Bu düşərgələrin rəhbərləri venesuelalı iş adamı Fevzi
Kean və diplomat Qazi Nəsr-Eldindir.


QIZIL-NEFT MÜBADİLƏSİ
Təşkilat Yaxın Şərqdəki qərargahını pulların yuyulması, narkotik və silah
ticarəti, qeyri-qanuni mədənçilik və qitə boyu saxta pasport və şəxsiyyət
vəsiqələrinin istehsalı kimi fəaliyyətlər vasitəsilə maliyyələşdirir. Kolumbiyada
narkotik, Venesuelada qızıl müqabilində İran neftinin ticarətinə vasitəçilik edən
təşkilatın iş adamları ABŞ sanksiyalarını pozur. Argentina və Braziliyada bir çox
şirkət və çirkli pulların yuyulmasında iştirak edən təşkilat üzvləri Panama,
Boliviya və Peruda da silah və sursat tədarükü ilə məşğuldur.
TERRORLA MÜBARİZƏ QRUPLARI
ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə Maliyyə Proqramının keçmiş
direktoru və hesabatı hazırlayan qrupa rəhbərlik edən Celina B. Realuyo
qurumların ortaq nəticələrə gəldiyini bildirib. İrana qarşı strategiya müəyyən
edilməmişdən əvvəl ABŞ prezidenti Donald Trampa təqdim olunacaq hesabatın
ən diqqətçəkən nəticələri belədir: “MKİ Dövlət Departamenti və Daxili
Təhlükəsizlik Departamentinin iştirakı ilə yaradılacaq birgə təşkilatlar qrupu ilə
kommersiya, diplomatik və çöl kəşfiyyatı və əməliyyat mübarizəsi aparmalıdır.
Bu istiqamətdə terrorla mübarizə qrupları formalaşdırılmalıdır”.
Şahin Elxanoğlu

Şərhlər bağlıdır.