Makıdakı Qaban qalası ətrafında insan zənciri: fəallar tarixi abidənin qorunmasını tələb etdilər

Azərbaycan tarixinin qorunması üçün fəaliyyət göstərən bir qrup fəal və tarix
həvəskarı, Makının tarixi Qaban (Qayaqala) qalasının ətrafında insan zənciri
yaradaraq, bu qədim abidəyə diqqətin artırılması və onun bərpası üçün dövlət
büdcəsindən vəsait ayrılmasını tələb ediblər.
“Abbas Lisaninin məlumat səhifəsi”nin verdiyi xəbərə görə, Makının tarixi
toxumasında yerləşən Qaban qalası, böyük tarixi əhəmiyyətinə baxmayaraq,
uzun illərdir baxımsız vəziyyətdə qalıb. Noyabrın 2-də şəhər sakinləri və fəallar
məsul qurumların biganəliyinə etiraz əlaməti olaraq qalaya toplaşıb və onun
tədricən dağıdılmasına qarşı aksiya keçiriblər.
Tarixi mənbələrə görə, Qaban qalası son Qacarlar dövrünə qədər istifadədə
olub. Arxeoloji qazıntılar zamanı burada Urartu və Paleolit dövrlərinə aid
tapıntılar aşkar edilib ki, bu da qalaya minilliklərə söykənən tarix verir. Lakin
onun dəqiq inşa tarixi hələ də müəyyən edilməyib.
Qərbi Azərbaycan vilayətinin Mədəni İrs və Turizm İdarəsinin o zamankı rəis
müavini Məhəmməd Fəthi 2016-cı ildə “Mehr” xəbər agentliyinə açıqlamasında,
qalada Teymurilər və Səfəvilər dövrlərinə aid çoxsaylı daş kitabələrin
aşkarlanmasından danışmış və burada Orta Paleolit dövrünə aid izlərin də
tapıldığını bildirmişdi.
Tarixi abidələrə qarşı məqsədli laqeydlik və onların təbii aşınmaya tərk
edilməsi, Azərbaycan bölgəsinin tarixi kimliyini zəiflətməyə yönəlmiş siyasət
kimi qiymətləndirilir. Bu yanaşmanın nəticəsində təkcə Makudakı Qaban qalası
deyil, həmçinin Təbrizdəki Ərk qalası və Rəbi Rəşidi, eləcə də tarixi Qəhqəhə
və Buynu Yoğun qalaları da oxşar aqibətlə üzləşib.
GADTB

Şərhlər bağlıdır.