Bakıda olan 27 ölkədən 130 diaspor nümayəndəsinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə Şuşaya beşinci səfəri başa çatıb.
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində beşinci dəfə gerçəkləşən səfər Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında diaspor üzvlərinə tövsiyələrindən sonrakı dövrə təsadüf edib. Dövlət başçımızın tövsiyələrində diasporumuzun işğaldan azad edilmiş doğma Qarabağın dirçəldilməsində və inkişafında fəal iştirakının önəmli olduğu bir daha nəzərə çatdırılıb. Qarabağa səfərlərin həm Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması kimi nəcib missiyaya xidmət etdiyi, həm də dünya ictimaiyyətinin diqqətinin bölgəyə cəlb olunmasına və xarici sərmayənin yatırılmasına ciddi təsir edəcəyi vurğulanıb.
Ölkəmizin mədəniyyət paytaxtına aparan yol boyu əllərində Azərbaycan bayraqlarını dalğalandıran soydaşlarımız öz sevinclərini Qarabağa həsr olunmuş xalq və bəstəkar mahnılarını birgə oxumaqla nümayiş etdiriblər.
Səfər çərçivəsində diaspor nümayəndələri Şuşanın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Bülbülün ev-muzeyini, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət edib, postmüharibə dönəmində qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.
Səfərin sonunda ənənəyə uyğun olaraq diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıblar. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.
Antalya-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Ceyran Səttarova bildirib ki, Şuşanı ilk dəfə görür: “Heç vaxt Şuşada olmamışdım. Çox həyacanlıyıq. Elə hissdir ki, bunu sözlə anlatmaq mümkün deyil. Qürürvericidir, çünki 30 ilə yaxın müddətdən sonra torpaqlarımız öz sahiblərinə döndü. Ömür boyu şəhidlərimizə və qazilərimizə borcluyuq. Bizi utancverici durumdan qurtardılar. Biz də diaspor üzvləri olaraq bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq, vətənimizi təbliğ etmək naminə əlimizdən gələn hər şeyi edəcəyik”.
İsveçdəki Azərbaycan Qarabağ Cəmiyyətinin təsisçisi Abdulla Əmir Haşimi Cavanşir bildirib ki, Şuşa səfəri həyatının zirvəsindəki andır: “Çünki 207 ildən sonra Azərbaycanda elə sərkərdə tapıldı ki, ölkəmizi misilsiz qələbəyə çatdırdı. Artıq siyasi, diplomatiya və iqtisadi cəhətdən çox güclü olan, sözü dünya çapında qəbul edlən Azərbaycan dünyanın inkişaf edən ölkələri ilə bir sırada dayanır. Fürsətdən istifadə edib, mən hörmətli Prezident İlham Əliyevə və bu qələbənin əldə olunmasında əməyi keçən bütün şəxslərə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.
Xəbəri təqdim etdi: Abdulla Əmir Haşimi Cavanşir
Şərhlər bağlıdır.