PROFESSORUN YALAN VƏ İFTİRALARI

İran saytlarından birində Tehran universitetinin qadın professoru ilə  Zəngəzur dəhlizinin İran üçün təhlükələri haqqında iri həcmli müsahibə dərc edilmişdir. Qadın alim yalan və iftiralardan yola çıxaraq ağzı köpüklənə-köpüklənə sübut etməyə çalışır ki,İran var gücü ilə Zəngəzur dəhlizinin açılmasına mane olmalı  və həmin dəhlizin İranın milli təhlükəsizliyi üçün heç bir təhdid yaratmadığı haqqında danışan iranlı alimlərin sözlərinə əhəmiyyət verməməlidir.

Onun yalan və iftiralarına qısa nəzər salmaq olar.

Professor  Zəngəzur dəhlizi haqqında guya sanballı danışmaq üçün deyir ki, dəhliz məsələsi “ Britaniya-sionist  birliyinin qədim planının bir hissəsidir”.

Maraqlıdır ki, bu “alim” Britaniya-sionist planının tarixini nə vaxtdan hesablayır. Onun məntiqini davam etdirsək, yəqin ki, həmin plan İsrail dövləti yaranandan (1948 ) əvvəl cızılıbmış ,yoxsa onu QƏDİM adlandırmazdı.

Bu xanım, alim yox, ən bəsit etik qaydalara belə məhəl qoymadan   həyasızlıq edərək dünyada öz müstəqil xarici  siyasəti ilə seçilən Bakı və Ankaranı başqaları tərəfindən müəyyən edilmiş türk birliyi idyasının memarlarının planlarını icra edən oyuncaq    adlandırır.

O yazır :”Bakı və Ankara dünyanın türkdilli adlanan əhalisini birləşdirməyi hədəfləyən layihənin əsas marionetləri və icraçılarıdır”.

Bu alim Rəhbərin heç nəyə əsalanmayan məlum fikrindən çıxış edərək, hazırki İran-Ermənistan sərhədi zonasının işğal edilməsi və bağlanmasının yol verilməz olduğunu vurğulayır.Məlum olduğu kimi, Rəhbər İranda Suriada tənzimlənmə ilə baölı üçtərəfli(İran,Rusiya,Türkiyə) zirvə görüşündə (28 tir 1401\19 iyul 2022)iştirak edən  Türkiyə prezidenti R.T.Ərdoğanla görüşündə demişdir:”… Əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”.

İran- Ermənstan münasibətlərinin neçə min il davam etməsi haqqında Rəhbərə hansısa alimin  məruzəsi olmuş və ya Rəhbərin özünün belə bir fikir söylədiyini deyə bilmərik.Təkcə onu deyə bilərik ki, son min ildə  ermənilərin,900 idə farsların dövləti olmayıb ki, onların arasında hansısa dövlətlərarası əlaqədən və həmin əlaqədə vacib rol iynayan məntəqədən danışmaq mümkün olsun.

Son min ildə farslar və  ermənilər ərəblərin, türklərin. monqoların və yenə türklərin\azərbaycanlıların   təsis etdikləri dövlətlərin tərkibində yaşamışlar, ona görə eyni dövlətlərin  tərkibində yaşayan etnik qrupların iki dövlət səviyyəsində əlaqəlrindən danışmaq gülüncdür.

“Alim” Zəngəzur dəhlizi haqqında mövqeyini əsaslandırmaq üçün  Rəhbərin fikrini təkrar edərək ondan çıxış etdiyini vurğulayır. Deməli, Rəhbərin dilindən çıxan istənilən  doğru və yanlış fikir qeydi-şərtsiz  istinad mənbəyinə çevrilməlidir.

Alimin yalan və iftiralarını saymaqla bitmir.

O, iftiradan çəkinmədən yazır ki, Azərbaycan ərazilərini, İranın da qardaşcasına kömək etdiyi Ermənistan yox, Dağlıq Qarabağ separatçıları işğal etmişdilər.

Müəllif İranda və Turanda Zəngəzur dəhlizinin İran üçün heç bir təhlükə yaratmadığı, əksinə İrana böyük fayda gətirəcəyini deyənlərin fikirlərini böyük səhv hesab edərək yazır:”Turan dəhlizi İranın qonşuluğunda  yerləşən Sünik vilayətini  Ermənistandan ayırmaqla bu ölkəni İran yolundan, tarixi nəfəs keçidindən məhrum edir”.

“Alim” Birinci Qarabağ müharibəsi zamanı İranın Ermənistanı qəti məğlubiyyətdən xilas edərək, hadisələrin istiqamətinin dəyişməsində məlum və ermənilər tərəfindən vurğulanan rolu haqqında fikri təkrarlayır.Ermənilər deyirdi ki, həmin illərdə Ermənistan çox tez boğulardı, yəni məğlub olardı,əgər İran ona “nəfəs” verməsə idi.

“Alim”i davakar siyasətçilər və şovinist ideoloqlar kimi  narahat edən məsələlər sırasında Türkiyə ilə Azərbaycanın həmsərhəd və Naxçıvanın Azərbaycanın tərkib hissəsi olmasıdır.

Alim iki il düşündükdən sonra bu qənatə gəlir ki, demə, 2020 -ci il ikinci Qarabağ müharibəsini Azərbaycan ermənilər tərəfindən işğal altında olan  Qarabağı azad etmək üçün deyil, Zəngəzər dəhlizi yaratmaq üçün aparıb.

Ermənipərəstliyini nümayiş etdirmək üçün, onların yalanlarını şüurlu şəkildə təkrar edərək, son hadisələrlə bağlı deyir:”Azərbaycan Respublikasının Ermənistan ərazisinə  daha çox irəliəməsi” İranı ciddi şəkidə narahat edir.

“Alim” hadisələrin obyektiv təsviri və təhlilini vermək əvəzinə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması prosesinə mane olmağa çalışaraq, normal münasibətləri Ermənistan üçün nə az-nə çox, təhlükə adlandırır.O yazır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətləri erməni kimliyi üçün böyük təhlükədir.Münasibətlərin normalaşması nəticəsində  “Cənubi Qafqazda erməni mədəniyyəti və kimliyi yox olacaq”.

Çox riyakar bir yanaşmadır.Çünki son yüz ildə qeyri-fars xalqlara qarşı rəsmi səviyyədə etnosid və linqvosid ,yəni bir xalq kimi məhv etmə, siyasəti yeridən bir ölkənin “alim” nümayəndəsi müstəqil dövlətin milli kimliyinin müdafiəçisi donunda görünməyə çalışır.Məgər Ermənistan həmin dövlətlərin tərkibindəmi olacaq ki, öz milli kmliyini özü təyin edə bilməsin.

İranın Azərbaycan-Ermənistan münasibətlərinin normalaşmasına qarşı çıxmasınn  bir səbəbini alim gələcəkdə,nə vaxtsa,bəlkə….. Azərbaycanın NATO-ya üzv ola biləcəyi təhlükəsi ilə əlaqələndirməyə çalışır.

Başabəla alim İran İslam Respubliasının yarandığı gündən NATO-nun ən güclü ölkəsi olan qonşusu Türkiyə Respublikası ilə geniş, hərtərəfli, o cümlədən sıx iqtisadi, əlaqələrə malik olmasını təhlükə hesab etmir,amma Azərbaycanın NATO-ya nə vaxtsa üzv ola biləcəyi ehtimalını indidən İran üçün təhlükə hesab edir.

“Alim” Zəngəzur dəhlizi məsələsini, artıq qeyd edildiyi kim, ingilis-sionist(yəhudi) layihəsi və pantürk arzusu adlandıraraq,  bir davakar və populist siyasətçi kimi qəti şəkildə elan edir ki, İran həmin layihənin “həyata keçməsinə imkan verməyəcək”.Əlavə edir:”Turan dəhlizinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı Bakının və onun tərəfdarlarının heç bir əsaslandırması qəbul edilməməlidir”.

Bu alim Zəngəzur  dəhlizinin İrana mənfi təsirinə diqqəti cəlb etmək üçün onun əhatə  dairəsini az qala sonsuza qədər genişləndirir.O yazır ki,  Zəngəzur   dəhlizi adi tranranzit marşrutunun bir həlqəsi deyil, tranzit və iqtisadi yoldan daha artıqdır,çünki” ölkəmizin geosiyasi, təhlükəsizlik, daha da önəmlisi  şiə və iranlı kimliyini hədəf alır”.

Müəllif bir tranzit dəhlizinin guya ölkə əhalisinin siyasi/ərazi(iranlı) və dini(şiə) kimliyi üçün nə kimi təhlükə yarada biləcəyini açıqlamır.Amma güman etmək olar ki, “alim” gələcəkdə İranda millətçi, şovinist farsların  və onların maraqlarına xidmət edən  şiə məzhəbinin hakim mövqeyini itirəcəyindən narahatlığını ifadə etmək istəyir.Alimin qorxduğu təhlükə, əlbəttə dəhlizin açılması ilə deyil, İran hakim rejiminin antibəşri, antixəlqi və ən əsası, anti tarixivə antitərəqqi mahyyəti ilə bağlıdır və tarix ona zorla qəbul etdirilmiş ədalətsiz və tərəqqiyə zidd olan qaydaları gec-tez dəyişir və cəmiyyət tarixin inkişafınn magistral yoluna qayıtmalı olur. İranda mövcud olan, bütün cəhətlərdən insanlığa zidd olan rejimin ömrünü yeni bir xarici düşmən obrazı icad etməklə uzatmaq cəhdi regionda müəyyən fəsadlara gətirsə də, şovinistlərin arzu etdikləri  nəticə verə bilməz.

Qeyd etmək lazımdır ki, müsahibə aparan jurnalist alimdən daha sağlam düşəncəyə malik olduğunu göstərirdi.O,alimə belə bir sual verir ki, Ermənistanın neçə ildir ki. Qərb və xüsusən ABŞ-la yaxınlaşmaq siyasəti yeritdiyi bir zamanda hansısa məhdud maraqlar baxımından Ermənistanı dəstəkləmək perspektivdə İran üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilərmi?.

Alim bildirir ki,  ABŞ-a görə Ermənstan Azərbaycanın Qafan bölgəsinə təcavüzünün(?) qarşısını almaq üçün İrana rəsmən müraciət edə bilmədi.

Alim qoyulan suala birbaşa cavabdan qaçaraq, son vaxtlar səsləndirən qırmızı xətt, geosiyasi dəyişikliyə imkan verməmək, region məsələlərinin 3+3 formatında həllinə tərəfdarlıq kimi qırıq-kəsik cümləlırlə kifaytlənməli olur.

Müsahibədə İran İslam Respublikasını hazırki  hakimiyyətinin- hakimiyyətin bütün qolları üzərində  inhisara sahib olan, mühafizəkar adlandırılan cinahın Cənubi Qafqaz siyasəti regionda itirilmiş mövqelərini Ermənistanı dəstəkləmək və Azərbaycanla düşmənçilik yolu ilə bərpa etməyə hesablandığı elmi(?) cəhətdən əsaslandırılır.

İranın Ermənistanı dəstəkləməsi sözdə müttəfiqlik əlaqələri qurmaqda olduğu, hazırda Ukraynaya təcavüz edərək müharibə girdabına qərq olan və zəifləyən  Rusiyayanı  Cənubi  Qafqazda   əvəz etmək kimi qeyri-real  hədəfi ilə izah edilə bilər.

İranda  qatı şovinist, panfarsist millətçi və dini  qüvvəlrin Azərbaycanla düşmənçiliyi genişləndirilməyə cəhd etməsi bir tərəfdən güclü, müstəqil və qalib Azərbaycanın 100 ildən çox müddətdə  milli ayrı-sekiliyə,etnik  və dil baxımdan hərtərfli təzyiqə  məruz qalan,bir xalq kimi yox edilməsinə çalışılan  Cənubi azərbaycanlılara  mənəvi təsirini azaltmağa, digər tərəfdən özünün ən əsas rəqibi saydığı Türkiyə və digər türk dövlətləri, həmçinin onların birləşdiyi Türk Dövlətləri   Təşkilatınn aparıcı və əsas birləşdirici həlqəsi olan Azərbaycanın müstəqilliyi və inkişafı yolunda süni maneələr yaratmaqla həmin təşkilatın güclənməsinə mane olmağa və region və qlobal məsələlərə təsir gücünü aradan qaldırmağa yönəlib.

İranın şovinist fars hakimiyyəti  daxildə azərbaycanlılara qarşı düşmənçilik siyasətini xaricdə türk dövlətlərinə qarş düşmənçilik formasında davam etdirməyə çalışır ki, bu da  son dərəcə perspektivsiz bir siyasətdir.

Bütün qalan iftira və böhtanlar,Ermənistan sevgisi və s. əsas məqsədi pərdələməyə  xidmət edir.

Vidadi Mustafayev

 

Şərhlər bağlıdır.