RUHANİLƏR İRAN REJİMİNƏ QARŞI:

“DİNİ HAKİMİYYƏTƏ QURBAN VERMƏYİN!”

İran hakimiyyətinin xalqın tələblərini qulaqardına vurub silahlı zorakılığa və kütləvi repressiyalara əl atması, o cümlədən etirazçılar barədə edam hökmlərinin çıxarılması müxalif ruhanilərin səsinin daha ucadan eşidilməsinə səbəb olub. Belə ki, dekabrın 23-də tanınmış şiə müctəhidlərindən biri, 3 dəfə İran parlamentinin deputatı olmuş Hüseyn Ənsarirad ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyiyə açıq məktubla müraciət edib.

Ölkədəki vəziyyəti və hakimiyyətin atdığı addımları kəskin tənqid edən ruhani İran rəhbərinə üzünü tutaraq yazıb: “Xameneyi həzrətləri, aydın və qəti şəkildə deyirəm, bütün qərəzsiz ekspertlər də təsdiqləyirlər ki, iqtisadi, ictimai, siyasi, mədəni və fərdi sahələrin hamısında İslam Respublikasının idarəçiliyi uğursuzluğa düçar olub. Ona görə indi İran xalqı dinc şəkildə və qorxub-çəkinmədən öz həyatının və taleyinin idarəçiliyinə sahib çıxmaq haqqını tələb edir. Qətiyyətlə demək olar ki, bu nümayişlər xalqın 85%-i tərəfindən dəstəklənir.

Məsələdən agah olanlar və işi bilənlər yeni bir inqilab, müharibə və süqut olacağından ehtiyat edirlər, səsini çıxarmayıb susanlar da bu idarəçiliyi və mövcud siyasəti qəbul etmirlər. Əgər fundamental islahatlar həyata keçirilməsə, Allahın günü adlandırılan o böyük partlayış baş verəcək, İran dövləti və xalqının aqibəti, Allah bilir, necə olacaq”. Məktubda tanınmış müctəhid Xameneyiyə repressiv siyasətə son qoymağı, edam və işgəncələri dərhal dayandırmağı təklif və tövsiyə edib.

Şərhlər bağlıdır.