TƏBRİZLİ “İNQİLABÇI” JURNALİST

İkinci Dünya müharibəsi illərində bir qrup Azərbaycan yazıçısı sovet qoşunlarının tərkibində İranda fəaliyyət göstərib. Onların arasında Xalq şairi Süleyman Rüstəm də olub. Şairin İran xatirələrindən günümüzlə səsləşən bir maraqlı epizodu oxucularımıza təqdim edirik:

Oktyabr inqilabının ildönümü günü 7 no­yabrdı. İran torpağında olan sovet adamları bu günü böyük iftixar hissiylə, faşizm üzə­rində qəti qələbəyə inamla qarşılayırdı. Mən mehmanxanadaydım. Birdən Təbrizin baş küçəsindən uğultular, gurultular qopdu. Bal­kona çıxdım. Atları addım-addım, ağır-ağır gedən bir fayton nəzərimə çarpdı. Faytonun dalınca yüzlərlə adam “urra” deyə bağırırdı. Faytondan əhalinin üzərinə vərəqlər göyər­çinsayağı uçurdu.

Bu nə işdir, nə olmuşdu? Mənə elə gəl­di ki, təbrizlilər 7 noyabr gününü qarşılayır. Faytonun içindəki adam mənə çox tanış gəldi. Bəli, bu “Şahin” qəzetinin sahibi Ağazadə idi. Bu şəxs yel hayana əsdi, o yana əsən adamdı. O həmişə deyirdi: “Baba, bu yaşda mənim da­ğa-daşa düşüb inqilabçılıq eləməyə iqtidarım yoxdur. Nə bilim… Siz burda qalacaqsınız, yoxsa gedəcəksiniz. Əgər qəti burada qala­caqsınızsa mən kəfən taxıb sizdən də betər inqilabçılığa hazıram. Yox, gedəcəksinizsə, mənlə işiniz olmasın…”

Bu qorxaq, liberal bir adamdı, biz bir növ ilə onunla dil tapıb qəzetində ziyanlı materi­alların çıxmamasına çalışırdıq. İndi budur, Ağazadənin dalınca baş küçədən insan seli axır. Mən dərhal mehmanxanada yaşayan yuxarı rütbəli yoldaşları bu işdən xəbərdar etmək istədim. Təəssüf ki, onlardan heç bi­rini tapa bilmədim.

Yoldaşların hamısı şəhərdən bir az kə­narda hərbi hissədə 7 noyabr təntənəsini keçirməyə getmişdilər. Mehmanxanada bir yoldaş tapdım (bu adam hazırda Azərbaycan Dövlət Universitetindədir). Maşına minib Gülüstan bağına gəldik. Vərəqələrdən biri­ni alıb oxuduq. Farsca yaxşı bilmədiyimizə baxmayaraq vərəqədəki mətləbi başa düş­dük. Vərəqədə deyilirdi ki, “Şirindilli şiraz­lılar sizə peyam göndərir. Onların səsinə səs verməliyik və ilaxır…”

Bu vərəqəni Ağazadə özü tərtib etmişdi. Gülüstan bağının qabağında faytonun sürü­cüsü oturan yerinə qalxıb əsasını hərlədərək Ağazadə nitq söyləyirdi. Əlbəttə, bu nitqin Oktyabr inqilabının ildönümünə heç dəxli yoxdu. Nitq Təbrizdəki hökumətin başçıla­rının ünvanına söyüşdən ibarətdi. Əhali isə “urra” deyib Gülüstan bağına axışdı. Ağa­zadə əsasını şahın heykəlinə doğru uzadıb “Məhv olsun Pəhləvi xanədanı” deyirdi.

Bu sözlərdən sonra kimi Rza şah Pəhlə­vinin heykəlinə tüpürür, kimi heykəli daşa basır, uşaqlar isə heykəlin başına dırmanır­dılar. Bu dəmdə Gülüstan bağında yaşayan həkimlərdən bir neçəsi bizim köməyimizə gəldi. Əhalini sakit etdik. Ağazadəni və bir dostunu maşına mindirib “Firdovsi” meh­manxansındakı nömrəmizə gətirdik. Otağa çay gətirdilər. Ortaya nərd gəldi.

Ağazadə ağzıköpüklü ona mane olduğu­muzdan narazılığını bildirirdi. “Baba, niyə qoymursunuz ki, inqilabçı öz inqilabçilığını eləsin”, – deyə bizi töhmətləndirirdi. Biz çox yaxşı bilirdik ki, Ağazadə “Tudə”də yoxdur. Qəti bir məslək sahibi də deyil. Onun bu hərəkətlərinin xalqa, vətənə bir xeyri yox idi.

“Haradan bildiniz ki, vərəqədə mən nə yazmışam?!”

Onu başa saldıq ki, farsca bilməsək də, ayrılıqda bir çox sözün mənasını başa düşü­rük. Ağazadə yaman həyəcan keçirird:

– Baba, olmaya məni həbs etmisiniz?

– Xeyr, ağayi Ağazadə, bizim İran vətən­daşları ilə işimiz yoxdur. Onları həbs etməyə səlahiyyətimiz də yoxdur. Siz bizim qonağı­mızsınız. Buyurun, çay için, meyvə yeyin… Nərd oynayın. Bir qədər də söhbət edək.

– Xub, elə olsun.

O yenə də bizə şübhəli nəzərlərlə baxırdı. Hadisədən iki saat sonra Təbriz ağsaqqalla­rından bir neçəsi yanımıza gəldi. Əli Birəng də onların arasındaydı. Ağazadəni nərd oy­nayan gördükdə, sevindilər. Onlara xəbər ça­tıbmış ki, şurəvilər Ağazadəni həbs ediblər.

Onlar da söhbətə girişdilər. Şəhərdə artıq sakitlikdi. Lakin mehmanxana ətrafında bəzi nigaran adam görünürdü.

Ağazadəni və onun ardınca gələnləri opera teatrımızın tamaşasına apardıq. Bütün salonun gözü bizim oturduğumuz lojada idi. Şəhərə yayılan şayiə bununla yuyulub getdi. Qonaqları maşınlarda evlərinə yola saldıq. Bu hadisə haqqında isə mənimlə olan yol­daşla birlikdə yazılı surətdə izahat yazdıq. Ağazadənin “inqilabı” bu yolla yatırıldı.

Ağazadənin səsini sonra bir dəfə radio vasitəsilə eşitdim. Tehran qoşunları Cənubi Azərbaycandakı azadlıq hərakatını boğmaq üçün Təbrizə gələndə, Ağazadə yenə fəaliy­yətə keçmişdi.

Təbriz radiosu vasitəsilə cır səslə bağı­raraq şah qoşunlarını təbrik edirdi. Cənubi azəri qardaşlarımız cəlladlar tərəfindən qətlə yetirilərkən Ağazadə radio vasitəsilə “Zinda­bad şah İran” – deyə bar-bar bağırırdı.

Doğrudan da, bu “dostum”un ürəyi di­lindəydi.

Süleyman RÜSTƏM,
Xalq şairi

Şərhlər bağlıdır.