İranı bitirən aksiyalar: “İdeoloji bazanın təmsilçiləri hicabı…”

“İranda bir il öncə başlamış etiraz aksiyaları hazırda çox zəif şəkildə davam etməkdədir”.

Bu sözləri Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında deyib.O bildirib ki, aksiyalar nəticəsiz qalmadı:

İranı bitirən aksiyalar: “İdeoloji bazanın təmsilçiləri hicabı..."

 

“İranın bir çox şəhərlərində qadınlar artıq hicabdan istifadə etmirlər. Yəni İran cəmiyyətinin gözü qadınların hicabsız olmasına öyrəşdi. Hazırda Tehran hakimiyyətinin parlamenti 3 il sınaq müddətinə hicabla bağlı qaydaların sərtləşməsinə dair qanun layihəsini qəbul edib.

Amma bu qanun layihəsinin icra olunması üçün bir sıra instansiya lazımdır. Əvvəlcə, İran Nəzarət Şurası təsdiqləməlidir, sonra isə İranın ali rəhbəri Əli Xameneyi onun həyata keçməsi üçün sənədi imzalamalıdır. Hələ ki, bu proseslər baş vermədiyindən həmin qanun layihəsində müəyyən yüngülləşmə hallarının olacağını ehtimal etmək olar.

Faktiki olaraq, İran cəmiyyəti hicabsızlaşmağa, kimin necə istəyirsə, o cür geyinməsinə adət etdi. Hesab edirəm ki, bundan sonra bu şəkildə davranmaq davam edəcək. Hakimiyyət hüquqi cəhətdən istənilən vaxt bu insanlara təsir etmək üçün perpektivdə qəbul olunacaq qanundan istifadə edə bilər”.

Ekspert qeyd edib ki, İrandakı etiraz aksiyalarının səngiməsi və bu proseslərin hansısa böyük uğur əldə etməməsinin əsas səbəbi bir neçə daxili və xarici amildən asılıdır:

“Daxili amildə İranın güc strukturları birmənalı olaraq rejimi müdafiə etməsidir. Yəni rejim daxilində bu məsələ ilə bağlı parçalanma baş vermədi.

üstəlik, Rusiya və Çin kimi dünyanın aparıcı dövlətləri də İrandakı rejimi müdafiə etdi. ABŞ və Qərb bloku isə bu məsələdə Tehran hakimiyyətinə qarşı çox da təsiredici təzyiq göstərmədi.

Düzdür, beynəlxalq ictimaiyyət və kütləvi informasiya vasitələri İrandakı etiraz aksiyalarını dəstəklədilər. Amma bu, bütövlükdə rejimin güzəştə getməsinə və ya təzyiqləri azaltmasına təsir göstərə bilmədi”.

Sədrəddin Soltan qeyd edib ki, İran cəmiyyətində istər yüksək səviyyədə, istər keçmiş və ya indiki dövlət adamları, istərsə də aparıcı din xadimləri bu hadisələrə fərqli münasibət bildirdilər:

“Məlum oldu ki, İran hakimiyyəti daxilində və onu dəstəkləyən ideoloji bazanın təmsilçiləri heç də birmənalı olaraq hicabı müdafiə etmirlər.

Belə qənaətə gəlirlər ki, öldürməklə, edam etməklə və təzyiqlərlə bu tip məsələlər həll olunmur. Başqa sözlə, İran cəmiyyətinə gerçəkliyi demək üçün yeni fürsət qazanıldı. Bu istiqamətdə çıxışlar isə davam edir.

Hesab edirəm ki, bundan sonra azadlıq və ədalət barədə yeni fikirlər deyiləcək. Cəmiyyətin problemlərini deməsi üçün əlavə imkanlar və fürsətlər əldə olunacaq. ümumiyyətlə, bir il öncə başlamış hadisələr nəticəsiz deyil və bu gün təsirləri də görünür”.

Elmir Mustafa
Cebhe.info

 

Şərhlər bağlıdır.