Yeni rubrika: 21 AZƏR-dən doğulanlar
Azərbaycan Demokrat Firqəsi ötən ili 21 AZƏR hərəkatının 75 illik yubileyi kimi yaşadı. Çox təəssüf ki, pandemiya üzündən bir çox görkəmli şəxslər barədə toplantılarımızı da təxirə salmalı olduq.21 AZƏR hərəkatının iştirakçısı, fədai, ictimai-siyasi xadim, Təbrizin tarixi kimi fundamental əsəri bizlərə yadigar qalmış tarix elmləri doktoru Seyidağa Miron oğlu Onullahinin də 95 illik yubileyini keçirməyi planlaşdırmışdıq. Lakin bunu da 2021-ci ilə saxlamalı olduq. Belə saylı-seçimli adamlarımız çox olduğundan oxucularımız “21 AZƏR-dən doğulanlar” rubrikasını açmağımızı təklif ediblər.
Fədai, alim, yenilməz insan Seyidağa Onullahi
Seyidağa Miron oğlu Onullahi 26 avqust 1925-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdi. 1945-1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və buna görə “21 Azər” medalı ilə təltif olunmuşdur. Milli hökümətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Sovet Azərbaycanına(hazırda Azərbaycan Respublikası) pənah gətirmişdir. Astarada şəhər siyasi idarəsinin rəisi işləmişdi. Güney Azərbaycanda Pişəvəri hərəkatının faciəli süqutu zamanı Sovet Azərbaycanına gəlmiş, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdı.1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olmuşdur.1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. 1962-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının (hazırda Azərbaycan Milli Elmlər Akademiyası)Tarix İnstitutunun «Orta əsrlər tarixi şöbəsi»ndə kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləmişdir. Ömrünün son illərində, 2001-ci ildən 2004-cü ilədək Bakı Dövlət Universitetinin(BDU) «Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)» kafedrasının müdiri vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıca problemlərinin araşdırılması ilə bağlı olmuşdur.Bir neçə sanballı monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifi olmuşdur.
Yaradıcılığı
«Təbriz şəhərinin tarixi» (1982), «İran fəhlələrinin tətil hərəkatı: 1951-1953-cü illər» (1968), «Övliya Çələbi», «Gəncənin tarixi», «Azərbaycan tarixi», eləcə də AMEA-nın çoxcildli «Azərbaycan tarixi» kitablarının müəlliflərindən biri idi. Onun «Erməni millətçiləri və İran» kitabı Londonda və Bakıda çap olunmuşdu. Fars, ərəb, fransız, rus, türk dillərini bilirdi. Orta yüzil qaynaqlarını araşdıraraq nəşr etdirmişdi. S.M. Onullahi Azərbaycan tarixinə dair dəyərli mənbə olan Məhəmməd Müfid Yəzdinin «Müxtəsəri-Müfid» əsərini ilk dəfə təhlil etmiş və Təbrizin XVII əsrin sonundakı vəziyyəti haqqında bu əsərə istinadən maraqlı məlumatlar vermişdi. Qeyd edək ki, bu əsər Məhəmməd Müfid Yəzdi tərəfindən 1680-ci ildə Lahurda yazılmış və nəşr olunmamışdır. Bu qaynaqla yanaşı S.M.Onullahi Xondəmirin “Nameyi Nami” əsərinin Bakı nüsxəsi, Əbülqasim Kaşaninin “Tarix-i Ulcaytu” adlı elxanilər dövünə aid əsəri, Mahmud Nətənzi və onun “Nəqavət əl-asar fizikr-ül əxyar“ əsəri, Fəzli İsfəhaninin “Əfzəl-ət-təvarix” adlı əsəri, Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin “Tarix-i Abbasi” adlı mənbələrə, Səfəvilər dövləti ilə bağlı bəzi məktublara dair məqalələr nəşr etmişdir.
Qarabağ
Onullahinin tədqiqatlarında Qarabağ da müsətsna yer tutmuş bu barədə “Dövrün fars dilli qaynaqlarına istinadən” “Azərbaycan Qarabağı”, “Arran Qarabağı”, “Qarabağ XV-XVII” əsrlərdə adlı məqalələrində maraqlı məlumatlar vermişdir. O yazır ki, “Qərbdən Kiçik Asiya, şimaldan Muğan və Gürcüstan, cənubdan Ermənistanla (indiki-E.Ə) həmsərhəd olan Arran Şirvan ilə Azərbaycanın cənub hissəsi arasında olan ərazi idi”. Dövrün mənbələrinə istinadən isə göstərir ki,“Naxçıvanın şimalında Qarabağlar, Urmiyanın şimalında Qarabağ, Əfqanıstanda Qəzneynin qərbində Qarabağ fars əyalətində Qarabağ rayonu, Cənubi Azərbaycanda Araz çayı sahilində Qarabağ və s. yerlərdə bu adın olması türkdilli tayfa adı olmasını sübut edir. Erməni tarixçisi Riçard Hovanesyan da “Ermənistan Respublikası” əsərinin I cildində Qarabağ mahalını Cənubi Qafqazın ərazisində müsəlmanlar yurdu kimi qeyd etmişdir. Atabəylər dövründən tutmuş Qacarlara qədər türk hökmdarları həmişə Qarabağda – Aranda qışlaq etmişlər. Teymurun özü, oğlu Şahrux Qarabağda qurultay çağırmışlar”.
Təbriz
S.M. Onullahi Təbriz şəhərinin tarixi ətraflı şəkildə işləmişdir. Bu barədə həm 1982-ci ildə tarix elmləri doktorluğu almaq üçün müdafiə etmiş olduğu fundamental əsəri, həm də Təbriz şəhəri ilə bağlı silsilə məqalələri məlumdur. Bu məqalələrdə Təbriz mədəniyyət, maarif və məktəb tarixindən, Təbriz kitabxanalarından, Təbrizdə baş verən zəlzələlər,Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi, Xaqani Şirvaninin Təbrizlə bağlılığı, Elxanilər dövründə Təbrizdə tikilmiş Rəb-i Rəşidi məhəlləsinin tarixi və əhəmiyyəti, Təbriz abidələri, o cümlədən də Təbrizin Cahsanşah yadigarı hesab edilən 1465-ci ildə tikilmiş Göy məscidinin tarixçəsi və başqa tarixi məsələləri barədə məlumatlar vermişdir.
Səfəvilər
S.M.Onullahinin yaradıcılığında Səfəvilər dövləti ilə bağlı tədqiqatlar da mühüm yer tutmuşdur. Səfəvilərin soykökünün türk olması haqqında Onun tədqiqatlarında tarixçilik üçün həm maraqlı və həm də yeni məlumatlar vardır. Müəllif XIV yüzillikdə yaşamış Təvəkkül ibn İsmayıl ibn hacı əl-Ərdəbilinin «Səffat əs-Səfa» adlı əsərinə istinad edərək yazır: «Şeyx Səfiəddin bu ləfz ilə buyurdu – Ey xüləfa camaatı, Xacə Səfiəddinə dua edin ki, rəhmətlik Şeyx Zahidin və mən türkzadənin (türk oğlunun) taxtını aparmışdır». Seyidağa Onullahi olduqca elmi əhəmiyyətli olan bu fikirə istinad edərək Səfəvilərin soykökünü kürdləşdirməyə, yaxud da farslaşdırmağa çalışan tarixçilərə tutarlı cavab verərək göstərir ki, Şeyx Səfiəddin türk olduğunu hər halda onlardan daha yaxşı bilərdi.
Azərbaycan dili tarixinin saxtalaşdırılmasına qarşı fəaliyyəti
Onullahi həm də İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin saxtalaşdırılmasına dair fikirlərə münasibət bildirərək bu barədə məqalə yazmış və məqaləsində Kəsrəvi başda olmaqla İran alimlərinin mövqeyini ifşa etmişdir. Məqaləsində azəri dilindən “Qədavü bəla taçinəm” (Qadanı, balanı alım), ”Bibə-bəki çeşmət can dəhəm” (Gözünün bəbəyindən ötrü can verərəm) və. s misallar gətirməklə Azərbaycan dili ilə bu dil arasında fərqləri göstərmişdir. Məqalədə obyektiv elmi mövqeyini qoyaraq İran alimlərinin iddia etdiyi kimi “Səlcuqlar dövründə azərbaycanlıların dilinin azəri dili (fars,İran mənşəli dil) olması, türk dilinin isə təzə gəlmiş türklərin dili olması” fikrinin yalnış olmasını göstərmişdi. Bir başqa məqaləsində isə İranda milli məsələnin qoyuluşuna toxunmuş və göstərmişdir ki, “Ərəb istilasından sоnra ХI əsrdən 1925-ci ilə qədər İranda hakimiyyətdə türkdillilər оlmuşlar. Min il ərzində həmin türkdilli hakimlər fars dili və irandillilərin mədəniyyətinin inkişafında mühüm rоl оynamışlar. Sultan Mahmud Qəznəvinin sifarişi ilə Firdоvsi «Şahnamə» əsərini yazmışdır. Digər tərəfdən, türkdilli əhali islam dinini qəbul еtdikdən sоnra bеlə ərəb və fars dillərinin təsiri altına düşməyib öz dil, adət-ənənələrini unutmadılar. Lakin ХХ əsrin оtuzuncu illərindən başlayaraq «vahid İran», «vahid millət», «vahid dil», «İran milləti», «İran müsəlman milləti», başqa sözlə paniranizmin, panislamizmin, İranın rəsmi dövlət siyasətinə çеvrildi. Bu siyasəti fars şоvinizmi ilə yanaşı, farslaşmış, sapı özümüzdən оlan baltalar – Sеyid Həsən Təqizadələr, Sеyid Əhməd Kəsrəvilər, Rzazadə Şəfəqlər, Məhəmmədcavad Məşkurlar, Əbdüləli Karənglər, Mahmud və İrəc Əfşarlar, Mənüçöhr Mоrtəzəvilər və sairləri davam еtdirdilər. Paniranistlər İranı fars məmləkəti, İranda yaşayan хalqları «İran milləti», «İran ümməti» kimi, fars dilini isə İranın vahid dili еtmiş və еdirlər, başqa dilləri, hətta Azərbaycan dili ilə yanaşı kürd, talış, bəluc, gilan, mazandaran, ərəb və s. dilləri yasaq еtmişlər. Məktəb, mədrəsə və idarələrdə fars dilində danışmayanlar cəzalandırılırdı. Bu siyasət 54 il şahlıq dövründə, hətta 1979-cu il fеvral inqilabının qələbə çalmasından kеçən 24 il ərzində panislamizm fоrmasında davam еtdirilir. Panislamist pərdəsi altında millət və milliyyət inkar еdilir, bütün millətlərin islam dini altında еyni hüquqa malik «islam ümməti» adlandırılır. Halbuki islam dini hеç də milliyyəti inkar еtmir. Din qədər dil də zəruri amildir”
Onullahi Şəxsiyyəti
Professor Seyidağa Onulllahinin qəribə danışıq tərzi vardı. Səbirli idi, tələsməyi sevmirdi. Öz sahəsinin bilicisi idi. Azərbaycan tarixinə, mədəniyyətinə, dövlətçiliyinə münasibətdə məsuliyyətli idi. Alim yaradıcılığının mənasını Azərbaycana sevgidə görürdü. Araşdırmaçının radioda Güney Azərbaycan mövzusunda dinləyicini daim düşünməyə məcbur edən çıxışları soydaşlarımızın Vətən təəssübkeşliyinin yaranmasında əhəmiyyətli rol oynamışdı. Seyidağa Onullahi kimi araşdırmaçıların əməlləri öyrənilməli, sabahımız üçün yaşarı olanlar təzə ömürlərin, aqibətlərin yaradılmasına, yaşadılmasına yönəldilməlidir.
Şərhlər bağlıdır.