“Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan aktual məsələlərdən
biri də ABŞ Prezidenti Cozef Baydenin oğlunun əfv edilməsi ilə bağlı qəbul
etdiyi qərardır. Hazırkı ABŞ Administrasiyasının bu addımı birmənalı
qarşılanmır və çoxsaylı sualların yaranmasına səbəb olur. Demokratik
dəyərlərin kobud şəkildə pozulması kimi dəyərləndirilən bu addım Baydenin
hakimiyyətinin bu və ya digər ölkələrə “demokratiya dərsi”ni hansı
prinsiplərə söykənərək keçdiyi barədə aydın təsəvvür yaradır. Dövlət
maraqlarını öz şəxsi maraqlarına qurban verən, ədalət meyarının tətbiqi
üçün vahid mexanizmin olmamasını açıq şəkildə təsdiqləyən bu qərar “öz
gözündə tiri görməyib başqasında çöp axtarmaq”, həmçinin “məndən ötsün,
kimə dəyir-dəysin” kimi deyimlərin reallıqda təsdiqidir. ABŞ kimi bir
dövlətin liderinin demokratik prinsiplərə, hüquqa belə ədalətsiz və hörmətsiz
yanaşma nümayiş etdirməsi dünya ictimaiyyəti tərəfindən də sonsuz
hiddətlə qarşılanır. Silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi
nəzərdə tutulan Hunter Bayden atası tərəfindən əfv edilməklə sonrakı
addımlarına sanki bir dəstək qazanmış olur. O da məlumdur ki, keçən ay
Ağ Evin hazırkı sahibi oğlunu əfv etmək niyyətinin olmadığına dair açıqlama
vermişdi. Sözlə əməli vəhdət təşkil etməyən, qanunlara qarşı açıq
hörmətsizlik göstərən ABŞ Prezidenti hazırda ictimai qınaqla üz
üzədir. Qeyd edək ki, Hunter Bayden 2018-ci ildə narkotik maddənin təsiri
altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O,
həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə
məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi ittihamı
üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah
alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar
cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi
məsələsi ilə bağlı isə dekabrın 16-na nəzərdə tutulmuşdu”.
Azerbaycan-ruznamesi.org Moderator.az-a istinadən Milli Məclisin
deputatı Vüqar Rəhimzadənin bu fikirlərini yayımlayıb.
Millət vəkili qeyd edib ki, Baydenin prezident səlahiyyətlərindən sui-istifadə
edərək oğlunu əfv etməsinə ilk münasibət bildirənlərdən biri də ABŞ-ın 47
ci prezidenti seçilən Donald Tramp oldu. O, bu hadisəni Baydenin
vəzifəsindən sui-istifadə etməsi və məhkəməyə hörmətsizlik kimi
qiymətləndirdi. Tramp sosial şəbəkəsində etdiyi paylaşımında bu
dəyərləndirmənin ardınca belə bir sual da ünvanladı ki, Co Hunterə verilən
əfv uzun illər həbsdə olan 6 yanvar girovlarına da şamil edilirmi? Tramp “6
yanvar girovları” ifadəsi ilə 2021-ci il Kapitoli basqınında iştirak etdikləri
üçün məhkum edilən şəxsləri nəzərdə tutur.
Vüqar Rəhimzadə vurğulayıb ki, vaxtilə tüfeyli həyat tərzinə görə dəfələrlə
qınaq hədəfində olan Baydenin səlahiyyətlərindən sui-istifadə edərək
narkoman, cinayətkar, əxlaqsız oğlunu əfv etməsi bu mənada başa
düşüləndir. Bu, amerikasayağı demokratiyadır. Digər ölkələrə qanunun
aliliyindən dərs keçməyə çalışan Bayden administrasiyası ən ali səviyyədə
belə qanunsuzluqlar törədir. Amerikasayağı demokratiyanın prinsipləri
zamana və məkana görə dəyişir. Demokratiyanın əsas prinsipləri qanunun
aliliyinin və sabitliyin təmin olunmasıdır. Əslində, məhkəmə-hüquq
sisteminə hörmətsizliyi ilə diqqətdə olan Baydendən demokratik addım
gözləmək sadəlövhlük olar. Bayden administrasiyasının “demokratiya”dan
özünün qlobal strategiyasını, geosiyasi addımlarını reallaşdırmaq üçün alət
kimi istifadə etməyə çalışması özlüyündə demokratik dəyərlərə ən böyük
zərbədir. Demokratiya hər hansı bir ölkənin patenti deyil, o, bəşəriyyətin
ortaq dəyəridir. Demokratik prinsiplərin tətbiqində vahid mexanizmin
bugünədək müəyyənləşdirilməməsi daim problemlərin yaşanmasına,
etimad mühitinin sıfıra enməsinə gətirib çıxarar. ABŞ-ın hazırkı
administrasiyasının guya demokratiya naminə keçirdiyi sammitlər də daim
tənqid atəşinə məruz qalır. Bu reallıq da xüsusi vurğulanır ki, Bayden
administrasiyasının təqdim etdiyi demokratiya modeli bu ölkənin xarici
siyasətinə, hazırkı beynəlxalq siyasi reallıqlara uyğun gəlmir.
Millət vəkili bildirib ki, Bayden hökumətinin demokratiyanın əsas
elementlərindən olan məhkəmə sisteminin qərarlarına belə hörmətsiz
yanaşması təəccüb doğurmur. Onun təşkilatçılığı ilə keçirilən saxta
demokratiyaya dəstək sammitləri bu hökumətin demokratik islahatlarının
əsasında hansı məqsədlərin dayandığının aydın ifadəsidir.
Qeyd edək ki, həmin sammitlərdə Ermənistanın dəvət edilənlər sırasında olması Baydenin demokratik prinsiplərə hansı prizmadan yanaşdığını açıqlamışdı..
Şərhlər bağlıdır.