Akademik Yaqub Mahmudova həsr edilmiş elmi məqalə çap olunub

CROSSMEDIA – Akademik Yaqub Mahmudova həsr edilmiş elmi məqalə çap olunub

Bu günlərdə Türkiyənin nüfuzlu məlumat bazalarında indeksləşən “Akademik tarix və düşüncə” dərgisində Azərbaycanın dünya şöhrətli alimi, akademik Yaqub Mahmudovun 85 illiyinə həsr edilmiş elmi məqalə çap olunub.

Jurnalın 11-ci cildi, 6-cı nömrəsində “Yaqub Mahmudov: 105 İllik Bakı Dövlət Universitetinin 85 Yaşlı Akademiki” adlı məqalənin müəllifi, tədqiqatçı alim Elvira Latifovadır. Məqalə, alimin 65 illik akademik fəaliyyətinin elmi təhlili olaraq da qiymətləndirilə bilər.

Azərbaycanda tarix elminin inkişafında mühüm xidmətləri olan görkəmli akademik, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri Yaqub Mahmudov elm tariximizdə bir çox uğurlara imza atmış alimlərimizdəndir. Hələ sovet rejiminin hökmranlığı dövründə – 1966-cı ildə Yaqub müəllim milli dövlətçilik tariximizi tədqiq edərək, Azərbaycan Ağqoyunlu dövlətinin çoxsaylı Avropa və Asiya dövlətləri ilə geniş əlaqələr saxladığını araşdırmış və sübuta yetirmişdir. Tarixşünaslıq elmimizdə ilk dəfə olaraq, XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarmışdır.

Bu günlərdə aparılan araşdırmalara əsasən,  akademik Yaqub Mahmudov “Google Scholar”da “Azərbaycan tarixi” (History of Azerbaijan) üzrə 18 alim arasında birinci yeri tutub. “Dünya tarixi” sahəsində tanınmış 500 alimin sıralamasında 31-ci yeri tutur. 2024-cü ilin yekunlarına görə Yaqub Mahmudovun əsərlərinə 450-yə yaxın istinad edilib. Ən çox istinad isə onun “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” adlı əsərinə edilib.

Fədakar maarifçi, tarix sahəsində yüksək təhsilin təşkilatçısı kimi Yaqub müəllim Azərbaycanda təhsilinin inkişafı sahəsində müstəsna xidmətlər göstərib.

Dünya şöhrətli alimimizi biz də təbrik edirik.

 

 

Şərhlər bağlıdır.