YAŞASIN MILLI BAYRAMIMIZ

“Azərbaycan” qəzeti səhifələrində

Dekabr ayının 12-də (21 Azər) Azərbaycan xalqının tarixində “Bismillahi” yazıldı. Dalınca həm “əl-rical təqəllə əl-cibal” (Kişilər dağları da götürər) cümləsi birinci oldu.
Müqəddəs firqəmizin və onun sadiq rəhbərləri cənab Pişəvəri və Şəbüstəri cənablarının çəkdiyi zəhmətlər xalqımızı müqəddəs məramına çatdırdı. Milli Məclisimizin təsdiqi ilə təşkil edilmiş yeni Milli Hökumətimizin nazirləri başda sevimli rəhbərimiz cənab Pişəvəri olmaqla xalqımızın müqəddəratını demokratik yollarla həll etməyə başlayıblar.
Azərbaycan xalqının qəhrəman oğulları Səttarxan və Xiyabanilərin başladıqları ədalətli azadlıq məramını firqəmizin düzgün rəhbərliyi sayəsində qalibiyyətlə başa çatdırdılar. Qoy qorxulu Tehranın irtica hakimləri bilsinlər ki, özünün milli muxtariyyatını qazanan xalqımız öz müqəddəratını həll etməyə də qadirdir. İllər boyu sabiq dövlət məmurlarının xalqımız üzərində tətbiq etdikləri vəhşi işgəncələr xalqımızın qüdrət, qüvvəsini, mənəviyyatını öldürə bilmədi. Xalqımız coşqun ruh yüksəkliyi ilə firqə və Milli Hökumətimizin qətnamələrini qalibiyyətlə başa çatdlracaqdır. İndi firqə üzvlərinin qarşısında duran gündəlik mühüm vəzifə əl-ələ verib Mərkəzi Komitənin çıxardığı tarixi qərarları təqdir və təhsin eləməklə onun dalında poladdan səf çəkməkdir. İrticanın sözlərinə aldanmamalı, bütün xalqımız bu tarixi günü təbrik etməklə bərabər dekabr ayının 12-ci gününü (21 Azər) milli bayram kimi təsdiq edilməsini Milli Məclisimizə yetirməyi sevimli baş nazirimiz cənab Pişəvəridən xahiş edir.
Yaşasın Milli Hökumətimiz!
Yaşasın milli bayramımız!

Doktor Məsud Yusifzadə

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, No 81, 19 dekabr 1945-ci il

Şərhlər bağlıdır.