İrəvan xanlığının Rusiya tərəfindən işğalına dair onlayn kitab 9 dildə

“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına
köçürülməsi” kitabının onlayn versiyası 9 dildə – Azərbaycan, türk, ingilis, rus,
rumın, italyan, ərəb, ispan və alman dillərində Azərbaycan Tarixi Elektron
Kitabxanasında və Milli Kitabxananın elektron kataloqunda yerləşdirilib.
Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılan bu əsərin müəllifləri
AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov (elmi redaktor və naşir), professor
Tofiq Mustafazadə (elmi redaktorun müavini), dosent Güntəkin Nəcəfli (məsul
redaktor) və başqalarıdır.
Kitab “İrəvan xanlığı Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz tərkib
hissəsidir”, “Xanlığın əhalisi”, “Sosial-iqtisadi həyat”, “Xanlığın sərhədləri,
inzibati bölgüsü və idarəçilik sistemi”, “Mədəniyyət”, “Xarici siyasət”, “Rusiya
imperiyasının və Qacarlar dövlətinin işğalçılıq planları”, “İrəvan xanlığının
Rusiya imperiyası tərəfindən işğalı”, “İşğal olunmuş İrəvan xanlığı ərazisinə
ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi surətdə köçürülməsi” və
“İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi
surətdə dəyişdirilməsi. Müasir vandalizm: tarixi adlara qarşı soyqırım”
bölmələrindən ibarətdir.
Yaqub Mahmudov kitaba yazdığı “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan
torpaqlarına köçürülməsi tarixi həqiqətdir” adlı geniş “Ön söz”də bu fikirləri
bildirib:
“Çar Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan torpağında – İrəvan və
Naxçıvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılmasından dərhal
sonra Azərbaycan tarixinin amansızcasına saxtalaşdırılmasına başlanıldı.
Erməni millətçiləri öz havadarları olan Rusiya işğalçılarının yaxından iştirakı və
köməyi ilə saxta erməni tarixi yaratmağa başladılar. Bütün arxiv sənədləri, hətta
Rusiya imperiyasının Azərbaycan xanlıqları, Qacarlar və Osmanlı dövlətləri ilə
bağladığı müqavilələrin adları və mətnləri belə saxtalaşdırıldı. Rusiya və Sovet
İttifaqının ali rəhbərliyində, dövlət və hökumət strukturlarında mühüm mövqelər
ələ keçirmiş ermənilər öz məqsədlərinə asanlıqla nail oldular. Nəticədə XIX
əsrin 20-30-cu illərindən başlayaraq Rusiya tərəfindən Cənubi Qafqaza kütləvi
surətdə köçürülüb gətirilmiş gəlmə ermənilər bu regionun “ən qədim yerli
əhalisi”, ata-baba torpaqları əllərindən alınıb ermənilərə paylanmış yerli
azərbaycanlılar isə “gəlmə”, “köçəri yırtıcılar” kimi qələmə verilməyə başlandı”.
Xatırladaq ki, işğalçı Rusiya qoşunlarının İrəvanda törətdikləri dağıntılar və
şəhərə vurduqları zərərlə bağlı rus hərb tarixçisi V.Potto belə yazırdı: “Rus
mühasirə artilleriyasının dörd gündə etdiyini çərxi-fələk dörd əsrdə belə edə
bilməzdi”.
Aznews.az

Şərhlər bağlıdır.