Türkiyənin Antalya şəhərində dünəndən başlayan meşə yanğınları Manavqat qəsəbəsində şiddətlənib.
Qəsəbənin 4 fərqli nöqtəsində meşə yanğını başlayıb. Məlum olub ki, yanğın yaşayış yerləri və əkinçilik sahələrinə də sıçrayıb. Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli yanğınla bağlı keçirilən mətbuat konfransında bildirib ki, yanğında 3 vətəndaş dünyasını dəyişib. Nazirin sözlərinə görə, Manavgat mahalının Dikmen Məhəlləsində meşəlik ərazidə davam edən yanğın küləyin təsiri ilə böyüyüb və qısa müddətdə bir çox evə yayılıb. Yanğın zonasına girişlər tamamilə bağlıdır. Sakinlər polis dəstələri tərəfindən təxliyə edilib.
4 nöqtədən başlayan yanğınlarda qəbiristanlıqlar, zeytun bağları, dəfnə və badam bağları da alovların ortasında qalıb. Yanğın nəticəsində bölgədə heyvanlar tələf olub.
Meşə yanğınlarından zərər çəkmiş şəxslərin sayı 62 nəfərə çatdığı vurğulanıb. Yanğının turizm obyektləri üçünsə təhlükə törətmədiyi qeyd edilib.
Türkiyənin Kənd Təssərüfatı və Meşə naziri Bekir Pakdemirli bildirib ki, Türkiyənin müxtəlif yerlərində davam edən yanğınla əlaqədar Antalyanın 18 kənd və məhəlləsi, Adananın 11 kəndi, Mersinin isə 5 kəndi təhükəsizlik məqsədilə boşaldılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Naziri, Mədəniyyət və Turizm Naziri, valilik və Antalya Böyükşəhər Bələdiyyəsinin müvafiq bölmələri yanğını hər cür texnika, avadanlıqla söndürməyə çalışır, eyni zamanda işçi heyətinə ehtiyac var. Yanğından zərərçəkən vətəndaşlara üz tutan prezident əlavə edib ki, onun baş vermə səbəbləri ciddi şəkildə araşdırılacaq. “İstəyimiz odur ki, yanğınları ən qısa müddətdə nəzarət altına alaraq söndürə bilək” , – deyə o, yekunda qeyd edib.
Qeyd edək ki, indiyədək yanğınların söndürülməsinə 2 təyyarə, 8 helikopter, 50 suvaran texnikası, 2 buldozer cəlb edilib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.