TƏBRİZLİ MİLLƏT VƏKİLİ HÖKUMƏTƏ SƏSLƏNDİ:

“YENİ TƏHSİL NAZİRİ ANA DİLİNİN TƏDRİSİNƏ ÖNƏM VERMƏLİDİR”

Şərqi Azərbaycan əyalətinin Təbriz, Tufarqan və Üskü şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi İranın təhsil naziri postuna təklif olunmuş Hüseyn Bağgülü ilə görüşüb.

Təbrizli nümayəndə görüşdən əsas məqsədinin yeni dönəmdə məktəblərdə ana dilində təhsil probleminin həll olunmasının müzakirəsi olduğunu bildirib.

“Mədəniyyət yaşamaq üçün insanların havaya duyduğu ehtiyac qədər əhəmiyyət daşıyır. Ola bilməz ki, bir xalq öz ana dilində təhsildən məhrum olsun”-deyə, Ə.Əlirzabeygi təhsil naziri postuna namizəd Hüseyn Bağgülü ilə görüşündə bildirib.

O, deyib ki, əgər İranda türk dili və mədəniyyətinə əhəmiyyət verilməsə ölkə sərhədlərindən qıraqda bundan istifadə olunacaq.

“Xalq sayıldığını hiss etməlidir. Bunun əsas amillərindən biri isə xalqın mədəniyyət və ana dilinə hörmətlə yanaşmaq, ana dilində təhsil haqqında konstitusiyanın 15-ci maddəsini icra etməkdir.

Bu, dövlət və millət arasında yaxınlığı artıra bilər”-deyə, Təbrizin millət vəkili İran konstitusiyasının ana dili ilə bağlı bbəndini bağgülüyə xatırladıb.

Hüseyn Bağgülü isə öz növbəsində qeyr-fars dillərinin inkişaf etdiriləcəyi ilə bağlı vəd verib.

“Bu məsələni yalnız azərbaycanlılar üçün deyil, İranda yaşayan bütün qövmlər üçün diqqətdə saxlayacağıma söz verirəm”-deyə, millət vəkili ilə görüşünün sonunda söz verib.

Qeyd edək ki, bundan 8 il öncə Həsən Ruhani prezident seçkiləri öncəsi azərbaycanlılara Türk Dili Akademiyasının qurulacağı, ana dilində təhsil layihəsinin icrası və Urmu gölünün bərpası ilə bağlı söz vermişdi.

Səlahiyyət müddəti başa çatan H.Ruhani hökuməti azərbaycanlılara verdiyi vədlərin heç birini yerinə yetirmədi.

Şərhlər bağlıdır.