880 ildən artıq bir zaman keçsə də, Azərbaycan torpağında Nizami adlı bir günəşin nə nuru, nə hərarəti azalmır. Əsrlər keçir, poeziya aləmində şölə saçan bu günəşin şüaları çox zülmətlərə işıq saçdı, çox qəlblərə aydınlıq gətirdi. Bu poeziya Allahının yaratdığı bilik xəzinəsindən milyonlarla elm fədailəri bəhrələnir, lakin bu xəzinə 9 əsrə yaxındır ki, nə tükənmir, nə də ilahi güc və qüvvəti azalmır. Artıq təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin düha sahibinə çevrilən Nizaminin iti və parlaq zəkası elmin bütün sahələrinə nüfuz eləmişdir. Böyük alim və şairin əsərlərini oxuduqca onun fəlsəfə, kimya, coğrafiya, astronomiya və tibblə yanaşı riyaziyyatı da gözəl bildiyinin şahidi oluruq. Cəbr və həndəsənin böyük yaradıcı və tədqiqatçıları olan Qərb alimləri haqqında Nizaminin bilgilərə malik olmasını görüncə insan qürur hissi keçirir.
Nəqşində Maninin şöhrəti vardı,
Rəsmində İqlidis qüdrəti vardı. (“Xosrov və Şirin”)
Burada adları çəkilən İqlidis (Evklid) qədim Yunan riyaziyyatçısı, bu elmin banisi hesab olunur. Nizami bu alimin elmi nailiyyətlərini bilməsəydi, ona bələd olmasaydı, Evklid həndəsəsini dərk etməsəydi, onun adını çəkməzdi, onun qüdrətindən danışmazdı. Dahi şair “İsgəndərnamə” və“Xosrov və Şirin” poemalarında riyaziyyat elmini mənimsədiyini poetik şəkildə ifadə edir:
Xətləri müxtəlif olan nöqtədən
İlk gələn hərəkət “əlifdir”, bil sən.
Qovuşdu o xəttə sonra başqa xətt,
Ortalıqda bir səth törədi əlbət. (“Xosrov və Şirin”)
Bu bənddə söhbət düz xətdən və müstəvidən gedir. Şair iki kəsişən xətlə müstəvi hissəsinin göstərildiyini söyləyir. Daha sonra şair bir qədər də dərinə gedərək yazır:
Olunca üç xətlə əhatə mərkəz,
Bəsit bir cism oldu, qoy bilsin hər kəs.
Xətt, bəsit, ən sonra cisim, budur fənn,
Sən bu üç tərəfə tutum deyirsən. (“Xosrov və Şirin”)
Yəni üç kəsişən xətt konkret səth əmələ gətirir. Bu da hər hansı cismin səthidir. Başqa sözlə, riyaziyyat maddi aləmin müəyyən tərəflərini öyrənir. Beytin axırıncısında isə Nizami fəza füqurlarından danışır. Həcmdən (beytdə tutum) danışmaq üçün Evklid həndəsəsinin fəza füqurlarını öyrənən bölməsindən xəbərdar olmaq lazımdır və belə məlum olur ki, dahi şairin hətta bundan da məlumatı varmış, hətta onu mənimsəmişmiş. Hər hansı fəza füquru xətt (til) və səthdən təşkil olunur. Nizami bu fikri çox yığcam və mənalı şəkildə ifadə edə bilib: xətt, bəsit (səth), ən sonda cisim. Riyaziyyat ən mücərrəd elmdir, ta qədimdən alimlər bu elmin mahiyyəti barədə fikirlər söyləmiş, mübahisələr etmişlər. Nizami riyaziyyatın aləmi dərk etmək üşün lazım olduğu fikrini bildirir. O inadırır ki, riyaziyyat təbiəti öyrənməkdə kəskin mənəvi, həm də maddi silahdır.
Canın mərtəbəsini, könülün dəyərini
Riyaziyyatsız tapmazsan, bilməzsən yerini,
Təbiət gülüşünü, gəl bir özün yoxla sən,
Təbiət qızılını riyaziyyatla bağla sən. (“İsgəndərnamə”)
Bütün əsərlərində paklıq, sadəlik, mərdlik və vətənpərvərliklə yanaşı xalq üçün, bəşəriyyət üçün xeyirli işlər görməyi tərənnüm edən Nizami heç vaxt elmə “Xudbinlik üzvü” kimi baxmamışdır. Böyük düha və iti zəka sahibi bütün yaradıcılığı boyu həmişə elmdən cəmiyyət naminə xeyirxah əməllərlə əlaqəli söhbət açmışdır. “Geysin əməlindən dünya zər-xara” deyən şair elmin insan üçün ən yaxşı bəzək, mübarizədə ən qüdrətli vasitə olduğunu dönə-dönə söyləmişdir. Məhz buna görədir ki, o, riyaziyyatdan nəcib əməllərlə əlaqəli danışmışdır. Şair “Xosrov və Şirin” poemasında Fərhaddan danışarkən onun həndəsə elmini bilməsi nəticəsində gözəl sənətkar, usta mühəndis olduğunu oxucuya çatdırır:
Dedi: “Fərhad adlı bir cavan vardır,
Usta mühəndisdir, bir sənətkardır.
Həndəsə elmində xariqə saçar,
“Məcəsti”, “İqlidis” sirrini açar.
“Məcəsti” – Bəqlumusun (Ptolemey) dünyanın quruluşu haqqında yazdığı əsərdir. Beləliklə, Nizaminin riyaziyyat haqqında söylədiyi fikirlərdə humanizm, xeyirxahlıq riyazi dəqiqliklə üzvi surətdə birləşmişdir.
Dahi şairimizin XII əsrdə riyaziyyat barədə söylədiyi aşağıdakı fikirlər indi də aktual səslənir:
Ta ki riyaziyyatla bir məqama çatasan,
Nadanlığın daşını birdəfəlik atasan!
Nizami Gəncəvi öz yaradıcılığında bütün elmləri üzvi şəkildə birləşdirb. Ədib poemalarının mövzusunu tarixdən götürsə də, yaradıcılığında təbiət elmlərinin, xüsusən də fizikanın böyük yeri olduğunu görürük. Nizaminin əsərlərindəki elmi faktlar bu gün də yerüstü və kosmik hadisələrin öyrənilməsində öz aktuallığını qoruyub saxlayıb. Nizami Gəncəvi alim-şairdir. Bəşər sivilizasiyası tarixindəki nadir şəxsiyyətdir. Bədii-estetik və fəlsəfi görüşlərinə görə bütün zamanların şairidir.
Dahi şairin yaşadığı dövrdə bəşəriyyətə məlum olan əsas elmləri – fizika, riyaziyyat, kimya, astronomiya, tarix, ilahiyyat və s. dərindən mənimsədiyini və məhz dolğun biliklərdən istifadə edərək bütün dövrlər üçün qiymətli və tədqiqata ehtyac duyulan əsərlər yaratdığını bütün dünya alimləri qəbul edir.
XII əsrin dahi şəxsiyyətlərindən biri olan Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri ictimai fikir tarixində xüsusi yer tutur. Onun dünya şöhrətli, ədəbi-bədii və elmi dolğunluğu ilə seçilən poemaları bütün ölkələrin alim, şair, yazıçılarının tədqiqat obyekti olub, tarixi və fəlsəfi baxımdan geniş təhlil olunur. Lakin Nizaminin əsərləri təkcə bu cəhətlərdən deyil, eyni zamanda elmi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Onun poemalarında bir çox elm sahələrinə (astronomiya, riyaziyyat, həndəsə, ulduzşünaslıq, psixologiya, memarlıq və s.) dair qiymətli məlumatlar verilərək dəyərli elmi fikir və mülahizələr söylənilir.
Məhz bu bəşəri dəyərləri ilə N. Gəncəvi həm xalqımız, həm də dövlətimiz tərəfində daim diqqət mərkəzində olub, onu öyrənilməsi və tədqiqi ilə bağlı mütəmadi olaraq tədbirlər görülür. Təsadüfi deyil ki, II Dünya Müharibəsinin ən qızğın vaxtlarında – 1941-ci ildə dahi şairin 800 illik yubileyi çox çətin şəraitdə olsa da, Leninqrad şəhərində qeyd edilmişdir. Əsərləri dəfələrlə nəşr olunub. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində ölkəmizdə Nizaminin əsərlərinin latın qrafikası ilə nəşri həyata keçirilib, anadan olmasının 840 illik yubileyi geniş miqyasda qeyd edilib. Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi təntənəli şəkildə keçirilib. Ölkə Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi isə Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında yeni bir mərhələnin əsasını qoyaraq, dahi ədibin yaradıcılığının azərbaycançılıq işığında tədqiqi, təbliği və nəşri ilə bağlı qarşıya mühüm öhdəliklər çıxarıb.
Nizami Gəncəvini Şərq intibahçılarından biri adlandıra bilərik, onun əsərlərinin dünya dillərinə tərcüməsinin zəruriliyini artıq hamı dərk edir. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin alimləri ilə yanaşı, tanınmış dünya şərqşünaslarının da araşdırma və təbliğat proseslərinə cəlb edilməsinə şərait yaradır.
Dünyanın elm və mədəniyyət xadimləri Nizamini “bütün zamanlar üçün müasir, həm də bütün zamanlar üçün gələcək” kimi qəbul edirlər. Nizami Gəncəvi – Azərbaycan xalqının mənəviyyat pasportudur. Dünyaya onunla təqdim edilirik.
Ədalət Nemətov,
Qabaqcıl maarif xadimi, SSRİ-nin maarif əlaçısı
Əlizaman Baxış,
“Talisman” qəzetinin redaktoru
Şərhlər bağlıdır.