Azərbaycan ordusunun Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqın bir yumruq kimi onun arxasında durması nəticəsində Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatına qəti cavab olaraq 27 sentyabr 2020-ci ildə başladığı Vətən müharibəsi 44 gündən sonra düşmənin tamamilə darmadağın edilərək qeyd-şərtsiz təslim aktını imzalaması ilə başa çatmışdır.
Azərbaycan xalqı həmin qələbəni bu ilin dekabr ayının 10-da keçirilən Zəfər Paradı ilə qeyd etdi. Həmin paradda Azərbaycanın strateji müttəfiqi, bir millətin digər dövləti, Azərbaycanın müstəqillik tarixi ərzində daim onun yanında olmuş, ona arxa-dayaq olan, Vətən müharibəsi başlayan gündən Azərbaycana hər cür siyasi və mənəvi dəstək göstərən Türkiyə Cümhuriyyətinin Prezidenti, Azərbaycan xalqının sevimlisi Rəcəb Tayyib Ərdoğan fəxri qonaq qismində tribunada yer almış və Azərbaycan Prezidentindən sonra o da Azərbaycanın tarixi Zəfərini təbrik etmək və eləcə də öz ürək sözlərini xalqa və dünyaya çatdırmaq üçün dərin məzmunlu emosianal bir çıxış etmişdir.
Dekabr ayının 11-də İranın bütün saytlarında Türkiyə prezidentinin qeyd edilən çıxışından bir parçaya, demək olar ki, başda İran İslam Respublikasının xarici işlər naziri olmaqla ikinci səviyyəli bütün rəsmiləri, çoxsaylı ekspertlər müxtəlif forma və demək olar ki, oxşar məzmunda mənfi münasibət bildirmişlər. Həmin münasibəti əks etdirən yazılarda çox qəribə yanaşma və yozumlara rast gəlmək olar. Eyni zamanda həmin yazılarda İran siyasətini və siyasətçilərinin əsil simasını və gizlin xəyallarını görmək olar.
Əvəllcə bir neçə saytda getmiş yazıların və münasibət bildirən rəsmilərin və ekspertlərin qısa siyahısını dəyərli oxucuların diqqətinə təqdim etməyi lazım bildik.
1. İran Mazandaranından olan ekspert Xosrov Motəzed: “Tarixi xatırlatmalar” (“ANAJ” saytı);
2.”Türkiyə səfiri XİN-ə çağrıldı”;
3.İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif: “Ərdoğan biləmədimi ki, Azərbaycanın müstəqilliyi əleyhinə danışlıb” (TASNİM” saytı);
4. “Ərdoğanın Bakıda ölçülməmiş fikirləri və Tehranın dərhal reaksiyası” (TASNİM” saytı);
Burada qeyd edilir ki, həmçinin Rabitə naziri Cəhromi, keçmiş Maarif naziri Behai, Səhiyyə nazirliyinin sözçüsü, digər rəsmilər öz mənfi münasibətlərini bildirmişlər (TASNİM” saytı);
5. Şərqi Azərbaycan ostandarının siyasi və təhlükəsizlik işləri üzrə müavini Əlyar Rastqu: “Ərdoğan bizim daxili işlərə qarışmağa yönəlmiş sözlər demək əvəzinə öz daxili problemlərini həll etsin (“tabrizebidar.ir” saytı);
6. İranın Azərbaycanda keçmiş səfiri Möhsün Pakain: “İran-Azərbaycan münasibətlərinin pozulmasına icazə vermərik” (“İRNA” saytı);
7. Məsləhət Şurasının katibi Möhsün Rezai: “Azərbaycan İran millətinin qəlbində və digər qövmlərin yanında yer tutur” (“İRNA” saytı);
8. XİN sözçüsü Xətibzadənin Türkiyə səfiri ilə söhbətinin bəzi detalları haqqında müxtəlif saytlarda müəyyən hissələr ön plana çəkilir;
9. Beynəlxalq münasibətlər sahəsində ekspert (adı göstərilmir): “Ərdoğanın illüziyaları təhlükəli nöqtəyə çatıbdır” (“İSNA” saytı);
10. Dünya Parlamentlərarası Birliyin İcra Şurasının sədri, Tehrandan deputat, İran Şura Məclisində “İnqilabın ikinci addımı” fraksiyasının sözçüsü Əhməd Naderi: “Ərdoğan tarixi oxusun” (“farsnews” saytı);
11. Parlamentin vitse-spikeri Nikzad: “Cənab Ərdoğan ya tarix oxumayıbdır ya da ….” (“farsnews” saytı);
12. “Farsnews” saytındakı “Siyasilərin Ərdoğanın sözlərinə reaksiyası” başlıqlı yazıda aşağıdakı şəxslərin fikirləri öz əksini tapmışdır:
– DİN-in Siyasi müavini Camal Ərəf,
– Parlamentin Milli təhlükəsizlik komitəsinin üzvü Fəda Hüseyn Maleki,
– Parlamentin Milli təhlükəsizlik komitəsinin sədr müavini Şəhriyar Heydəri,
– Parlamentin Sosial məsələlər komitəsinin üzvü Hüseyn Hatəmi,
– Parlementin Vərzqandan olan deputatı Allahverdi Dehqani,
– Parlament sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Əmir Abdullahiyan,
– Parlamentin kənd təsərrüfatı komitəsinin sədri Sadatinejad.
19. Beynəlxalq hüquq üzrə professor, ekspert Əhməd Kazımi: “Ərdoğanın sözləri BMT Nizamnaməsinə ziddir” (“farsnews” saytı);
20. Ekspert Həsən Hanizadə: “Xarici işlər nazirliyi Türkiyənin səfirini nazirliyə çağırmalıdır” (“farsnews” saytı).
Yəqin ki, etirazlar davam edəcək.
Türkiyə Cümhuriyyətinin prezydenti Rəcəb Tayib Ərdoğan Zəfər paradının başlamasından əvvəl möhtəşəm çıxışında həmişə olduğu kimi nitqini bədii ifadə vasitələri və münunələrlə zənginləşdirmişdir. O, öz çıxışlarında dini kəlamlar və bədii parçalardan tez-tez istifadə edərək onları daha təsirli və yadda qalan edir. Bu, onun çıxışlarının fərqləndirici xüsusiyyətidir. Türkiyə Prezidenti öz üslubuna bu dəfə də sadiq qalaraq, bu tarixi qələbədən ruhlanan azərbaycanlıların öz muğamlarını, şərqi və türkilərini, yəni klassik muğamları və xalq mahnılarını, o cümlədən “Qarabağ şikəstəsini”, “Ay Laçın” və “Arazı ayırdılar” nəğmələrini daha ürəklə və ucadan oxuyacaqlarını bəyan etmişdir. Türkiyə Cumhur Başqanı Arazla bağlı nəğməyə dönmüş bayatının mətnini tam şəkildə söyləmişdir. Onun çıxışı ilə tanış olan İran İslam Respublikasının rəsmiləri və ekspertləri burada İrana qarşı yönəlmiş bir məna axtarmağa başlamış, nəzərdə tutduqları sətiraltı mənanı “görmüş” və dərhal da reaksiya göstərərək geniş etirazlara başlamışlar.
Onların hamısı bir ağızdan R.T.Ərdoğanın həmin baytanının mətnini söyləməsini İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirərək, çıxışın həmin hissəsinə, onun ümumiyyətlə çıxışına və yeritdiyi siyasətə və şəxsən özünə qarşı geniş etirazlara başlamış, öz mövqelərini əsasən qısa və bəzən geniş, lakin tamamilə oxşar şəkildə əsaslandırmağa başlamışlar. Təbii ki, rəsmilərin bir çoxu öz twitter səhifələrində yazaraq qısa şəkildə etirazlarını bildirmiş, kütləvi informasiya vasitələrinə müsahibə verənlər bir qədər geniş, qərəzli ekspertlər isə uzun-uzadı danışaraq öz mövqelərini, demək olar ki, oxşar iradlarını əsassız arqumentlərlə əsaslandırmağa çalışmışlar.
Ən maraqlı cəhət iranlı rəsmilər və ekspertlərin bayatıya yanaşmaları və dəyərləndirmələridir. Onlar bayatını “separatçı”(?) şeir adlandırırlar və bundan çıxış edərək onun hansı məna daşıdığını müəyyən etməyə çalışırlar. Türkiyə səfirinin İran XİN-ə çağrılması ilə bağlı məlumatdan görünür ki, İran tərəfi bayatıya ərazi iddiası kimi baxır və İranın heç kimə onun ərazi bütövlüyünə müdaxilə etməsinə icazə verməyəcəyi vurğulanır. İranın xarici işlər naziri C.Zərif əlavə izahat vermədən twitterdə bəyan edib ki, R.T.Ərdoğanın sözləri Azərbaycanın müstəqilliyi əleyhinə yönəlibdir.
Azərbaycandakı keçmiş səfirlərdən, hazırda isə ekspert kimi fəaliyyət göstərən şəxslərdən biri bayatının mənasın açıqlayaraq bildirir ki, bayatıda məlum sülh müqavilələrindən sonra İranın “azəri” hissələrinin ayrılaraq o tərəf getdikləri öz əksini tapır. O, daha sonra Ərdoğanın Savalan və Səhəndin də adını çəkməsini yada salaraq belə nəticəyə gəlir ki, bayatıda həmin adlara işarə etməklə demək istəyirlər ki, bu ərazilər “türkdillilərin” əraziləridir.
Ekspertlərdən digəri bayatının daşıdığı mənanı daha ətraflı şəkildə açmağa çalışır. O deyir ki, bu bayatı R.T.Ərdoğanın ekspansionist niyyətini açıb göstərir. Türkiyə prezidenti İranın bir hissəsini ondan qoparır, həmin hissəni Azərbaycan Respublikasına birləşdirir və sonra da Azərbaycan Respublikasını “Böyük Osmanlı imperatorluğu”na ilhaq edir.
Bir sözlə Türkiyə prezidentinin Zəfər paradında çıxışı zaman əzbərdən dediyi Arazla bağlı bayatı separatçı, irqçi və pantürkist adlandırılaraq İranın ərazi bütövlüyünə müdaxiləyə çağırış, onun ərazi bütöblüyü üçün təhlükə elan olunur və ardınca İran dövləti həmin təhlükəyə qarşı mübarizəyə çağrılır.
Burada etirazların əsas hədəfi bayatı və onun mətnini oxuyan hörmətli Cumhur Başqanı R.T.Ərdoğan olduğundan onlar haqqında ayrılıqda bir neçə kəlmə demək yerinə düşərdi.
Bayatı haqqında:
“Arazı ayırdılar
Qum ilə doyurdular
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar”
Belə hesab edilir ki, bu bayatı Rus imperiyasının Şimali Azərbaycanı işğal etməsindən sonra meydana gəlmişdir. Bayatıdakı fikir və mövqenin heç bir tarixi sübutu və dəlili olmadığından, bəzi dəlillərə əsaslanaraq onun həmin hadisədən əvvəl meydana gəldiyini iddia etmək olar, lakin əsas olan bu deyil. Əsas olan odur ki, həmin bayatının ən azı 200 il yaşı var və onu nəinki Şimali, eləcə də Cənubi azərbaycanlıların çoxu əzbər bilirlər eyni zamanda həmin bayatı İranda nəşr olunmuş Azərbaycan folkloruna aid toplularda da dərc edilib. Həmin bayatı şahlıq zamanı da oxunurdu və İslam hakimiyyəti meydana gələndən sonra da oxunur. İndiyə kimi həmin bayatı İranın və İran İslam Respublikasının ərazi bütövlüyü, milli təhlükısizliyi və suverenliyi üçün heç bir təhlükə yaratmırdı, indi onu Türkiyə prezidenti oxuyandan sonra İranın bir nömrəli təhlükə mənbəyinə çevrilmiş oldu. Bu, yəqin, ancaq fars millətçilərinin xəstə düşüncələrinə xas olan məntiqə uyğun ola bilər. Hamının oxuduğu bayatı adi bir bayatı idi, prezidentin dilindən səslənən bayatı “Milli təhlükə” statusuna yüksəldi.
Belə bir sual ortaya çıxır. Hüquqi baxımdan kimisə müəllifi xalq olan bir şeir parçasını oxuduğuna görə ittiham etmək olarmı? Burada bayatının müəllifi ilə onu dilə gətirən arasında əlaqə necə müəyyən olunmalı və ittiham, əgər varsa, kimə qarşı yönəldilməli?
Digər məsələ, indiyə qədər İran təhlükəsizlik orqanlarının həmin bayatının təhlükə dərəcəsinə niyə diqqət yetirməmələri ilə bağlıdır. Bu baxımdan, onlar Türkiyə prezidentinə minnətdar olmalıdırlar ki, işlərindəki nöqsanları onlara göstərmişdir.
Nəhayət, etirazlar birbaşa Türkiyənin sözünü və mövqeyini açıq şəkildə deyən, dünyada heç bir dövlətdən və gücdən çəkinməyən prezidenti Rəcəb Təyyib Ərdoğana qarşı yönəlibdir. Bugünkü etiraz dalğası da İran siyasətçilərinin xarakterik xüsusiyyətini – susmaq, lazım gələndə içinin bütün paxırını açıb tökmək keyfiyyətini nümayiş etdirir. Sən demə, iranlılar R.T.Ərdoğanın başqa dövlətlərin daxili işlərinə qarışdığını, böyük dövlətçilik, Osmanlı imperiyasını bərpa etmək ideyasını daşıdığını yaxşı bilirlərmiş, amma sərf etmədiyinə görə bu barədə danışmırlarmış. İndi məqamı yetişib deyə, R.T.Ərdoğanı hər cür günahlarda ittiham etməyə qalxışıblar. Amma həmin məsələdə də sadiq, düz danışan deyillər. Çünki qeyd edirlər ki, İran və Türkiyə münasibətlərində münaqişəli məqamlar çox olub, hər iki tərəf həmişə həmin münaqişəli cəhətləri idarə edə bilib və münasibətlərin gərginləşməsinə yol verməyiblər. Deməli, bu dəfə də Türkiyə Prezidentini nə qədər “asıb-kəssələr” də bu hay-küy iki ölkə arasında münasibətlərə ciddi təsir göstərməyəcək.
Bir cəhəti də qeyd etmək lazımdır ki, bayatıya və onu qiraət edən hörmətli Prezidet R.T.Ərdoğana qarşı etirazlar, bəzi radikal ekspertlərin ötəri qeydləri nəzərə alınmazsa, Azərbaycan Respublikasına qarşı etiraz kimi qələmə verilmir. İran tərəfi Azərbaycan Respublikasının xarici, o cümlədən İran siyasətinin Azərbaycanın milli maraqlarana əsaslandığını, beynəlxalq hüquq prinsiplərinə dayandığını yaxşı bilirlər və bir bayatının, onun Bakıda təntənəli mərasimdə oxunmasının həmin siyasətə heç bir təsir göstərməyəcəyini yaxşı bilirlər. Azərbaycan Respublikası İran İslam Respublikası ilə əlaqəlırini iki ölkə və onların xalqlarını birləşdirən ortaq cəhətlərə söykənən mehriban qonşuluq, faydalı və daim genişlənməkdə olan əməkdaşlıq əsasında qurur və həmin əməkdaşlığın hər iki ölkənin milli maraqlarına cavab verdiyini yaxşı başa düşürlər.
Bayatının və R.T.Ərdoğanın geniş şəkildə etirazlara məruz qalması, mahiyyət etibarı ilə nə İran-Türkiyə, nə də İran-Azərbaycan Respublikası arasında münasibətlərin gərginləşdirilməsinə yönəlməyibsə (biz bilirik ki, yönəlməyib), onda bu davam edən “iri çaplı” və geniş miqyaslı etirazlar kimə qarşı yönəlibdir. Fars dünyası “birini deyib birini gizlətməkdə” mahir olduğu üçün onun bu hərəkətlərini göründüyü kimi deyil, başqa məqsədlərlə edildiyi kimi nəzərdən keçirmək lazımdır. Bu halda soruşulur ki, həmin etirazlar və onların qızışdırılmasından ƏSAS MƏQSƏD nədir?
Ekspertlərdən biri qeyd edilən hadisə ilə bağlı münasibət bildirərkən yenidən köhnə nağılı təkrar etməyə başlayır. O, azərbaycanlıların linqvistik cəhətdən türkləşmiş, mənşəcə fars olduqlarını, türkdilli olmağın türk olmadığını, daha doğrusu türk irqindən, soyundan olmadığını xüsusi vurğulayır.
Türkiyə Prezidentinə və onun oxuduğu bayatıya etirazlar isə Cənubi azərbaycanlıların nə Türkiyə, nə də Şimali Azərbaycan türkləri ilə heç bir bağlılığı olmadığını bir daha diqqətə çatdırmaq MƏQSƏDİ güdür. Başqa sözlə, İran tərəfi və hökuməti iranlıların deyil, farsların nümayəndəsi və hökuməti olduğunu nümayiş etdirərək Cənubi Azərbaycan və bütövlükdə İran türklərinə qarşı yeni etnosid və linqvosid siyasətinə haqq qazandırmağa çalışacaqlar. Bunu biz Azərbaycanın Vətən müharibəsi günlərində İran hökumətinin Cənubi azərbaycanlılara qarşı görünməmiş təzyiqində müşahidə edə bilərdik. İran xüsusi xidmət orqanları, SEPAH-ın əsgər və zabitləri, polis qüvvələri demək olar ki, hər bir azərbaycanlını və xüsusən gəncləri, ciddi nəzarət və təzyiq altında saxlayaraq onların iki nəfərinin bir yerdə Azərbaycanın hərb meydanında uğurlarına və Böyük Qələbəsinə sevinclərini nümayiş etdirmələrinə icazə və imkan vermirdilər.
Fars millətçilərini təmsil edən İran İslam Respublikasının milli siyasətində Cənubi azərbaycanlılara qarşı yeni təzyiqlərin və repressiyaların şahidi olacağıq.
Fars millətçiləri digər xalqlara münasibətdə, bir fərqlə, ermənilərə bənzəyirlər. Belə ki, ermənilər eyni ölkədə birgə yaşadıqları xalqlara və həmin ölkənin dövlət yaradan millətinə qarşı, eləcə də monoetnik dövlət yaratmağa nail olduqdan sonra, qonşu millətlərə qarşı özlərini nifrətlə tərbiyə edirdilər və edirlərsə, fars millətçiləri də eyni ölkədə birgə yaşadıqları milli və etnik azlıqlara qarşı nifrət hissi ilə tərbiyə olunurlar. Nifrət üzərində qurulan milli siyasət millətçiliyin subyekti üçün həmişə çox acı nəticələr vermişdir. Həmin gün gələndə fars millətçi ideoloqlar çox təəccüb edəcəklər ki, onların acınacaqlı vəziyyətə düşməsinin səbəbi nə olmuşdur. Həmin səbəbləri onlar bu gün öz əlləri ilə yaradırlar, çox çəkməz acı nəticələrini də görərlər.
İranın qonşularından heç kim ona qarşı ərazi iddiası irəli sürmür, lakin onlar qonşularını belə iddialarda ittiham edərək əsas təzyiqi İranın milli azlıqlarına qarşı yönəldirlər.
Nyutonun ikinci qanunu isə deyir ki, TƏSİR ƏKS-TƏSİRƏ BƏRABƏRDİR və özünü hər yerdə göstərir.
Vidadi Mustafa
12.12.2020
Şərhlər bağlıdır.