ƏLİ TUDƏNİN ”ƏSƏRLƏRİ”NİN XVII CİLDİ HAZIRDIR

OĞLU NATİQ MÜƏLLİM DAHA 8-İ ÜZƏRİNDƏ İŞ APARMAQDADIR

Əli Tudə (Əli Qulu oğlu Cavadzadə) milli ədəbiyyatımızın görkəmli xadimlərindən biri olmaqla yanaşı məşhur ictimai-siyasi xadim, inqilabçı kimi tariximizdə silinməz izləri qalan şəxsiyyətlərdəndir. O, 21 Azər hərəkatının ideyalarına, Azərbaycan Demokrat Firqəsinin amallarına həyatı boyu sadiq qalmış, ən başlıcası özündən sonrakı nəsillərə bir örnək olmuşdur. Övladlarını da bu ruhda böyütmüş, cəmiyyətin nümunə götürə biləcəyi tərzdə formalaşdırmışdır.

“AZ TV” Qapalı Səhmdar Cəmiyyətinin məsul əməkdaşlarından olan oğlu Natiq Cavadzadə isə nəinki şanlı bioqrafiyaya malik valideyinin ruhu qarşısında borcunu yerinə  yetirməklə qalmayıb, Əli Tudənin 25 cilddə əsərlərinin toplanılıb nəşr olunmasını öz üzərinə götürüb. Bu ədəbiyyat tariximizə örnək ola biləcək ilk möhtəşəm nümunədir. Əsərlərin 17 cildi hazırdır və əminik ki, Natiq müəllim həm də ədəbi ictimaiyyətimizə böyük töhfə olacaq bu işi uğurla başa çatdıracaq.

Yanvarın 31-də Natiq müəllim və yaxınları Əli Tudəni xatırlayarkən buna ümidvarlıq dilə gətirilib.

Sizlərə həmin cildlərə yazılan ön sözlərdən birini təqdim edirik.

 

AZERBAYCAN-RUZNAMESİ.ORG

HEÇ VAXT VƏTƏNSİZ YAŞAMAMIŞDIR

Bilmirəm, unudulmaz şairimiz Əli Tudə haqqında yazmağa haqqım, hüququm çatırmı? Ancaq mən nə vaxtsa öz mənəvi borcumu ödəməliyəm, heç olmasa, şairin xatirəsi önündə baş əyib deyim ki, Sizə Allah rəhmət eləsin Əli müəllim, bu torpağın başını ucaltdınız.

O, ədəbiyyata lap gənc yaşlarından gəlsə də, poetik yaradıcılığı səngərlərdə püxtələşmişdi. Cənubi Azərbaycanın istiqlalı yolunda sözün həqiqi mənasında qələm və silahla vuruşmuşdu.

Nə qədər döyüş var, mübarizə var,

Bayrağım vətəndir, silahım qələm.

Dəfələrlə həyatını məsləki uğrunda təhlükəyə atan gənc və mübariz şair axırda gizli əllərin xəyanəti nəticəsində Arazın o tayındakı vətənindən, Arazın bu tayındakı vətəninə mühacirət etmək məcburiyyətində qaldı. Xalqının azadlığı uğrunda həyatını belə qurban verməyə hazır olan şair öz vətənində siyasi mühacir kimi yaşadı. Ömrünün axırına kimi ona Cənubi Azərbaycana, Təbrizə, Ərdəbilə, Savalan ətəyindəki doğma Çanaxbulaq kəndinə getməyə icazə vermədilər. Nə o tərəf İran, nə bu tərəf  Sovet. Əli Tudə ikisinə də təhlükəydi. İki imperiya bir şairdən qorxdu. Alovlu səsini kar qulaqlar eşitmədi. Bəlkə də eşitdi. Gələnlərin qayıdışından, Səttarxanların, Xiyabanilərin, Pişəvərilərin yada düşəcə-yindən qorxdular. Millətin qan yaddaşının oyanacağından qorxdular. Əli Tudə isə içində qovrulurdu. Bunu da görmürdülər. Yox, görürdülər, göz yumurdular.

Əli Tudə dünyasını dəyişdi. Şəhid şairin tabutu üstündə Azərbaycan himni çalınmadı. Yaylım atəşi açılmadı. İlahi, nə vaxtacan biz layiqli insanlarımızı layiqincə qiymətləndirməyi bacarmayacağıq?!

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim.

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim.

Bu şeir Naxçıvanda 12 dekabr 1946cı ildə mühacirliyin birinci gecəsi dəftərsizqələmsiz şairin hafizəsində yaranmışdı. Bu şeir mühacirətdə yazılan Cənubi Azərbaycan poeziyasının manifestinə döndü.

Əli Tudə türk şairi Nazim Hikmətin, Çili şairi Pablo Nerudanın, tatar Musa Cəlilin, macar Şandor Petefinin keçdiyi mübarizə yolunu hünərlə keçdi və onların birbaşa varisi oldu. Qanında və ruhunda Səttarxanın, Xiyabaninin, Pişəvərinin İstiqlal qanı və ruhu yaşayırdı.

Tale elə gətirmişdi ki, bu ustad şairlə 30 il qonşu oldum. Mən bu insanın mənəvi paklığına heyran idim. Düzlük sevən, ədalətli, mərd adam idi. Könlügözü tox adam idi. Bəlkə deyərlər ki, Əli nisgilli idi. Yox! Əli həm də döyüşkən idi. Əli mübariz idi!

Əli müəllim Savalandan, Təbrizdən danışardı. Xalq hərəkatından danışardı. Əli Tudə Təbrizdə Milli Filarmoniya yaradıb. Ondan danışardı. Sonradan mən xahiş etdim ki, Əli müəllim, danışdığınız hadisələri nəsrlə qələmə alın. Sənədli bir əsər yazın. Sizin gördüyünüzü heç kim görməyib. Siz yazmasanız kim yazacaq? İtibbatar. Yazdı. Allah ona rəhmət eləsin. Əsər tamamlanandan sonra razılıq etdi ki, bu əsəri sən yazdırdın. İndi çox şadam ki, Əli Tudənin “Öz gözlərimlə” adlı sənədlixatirə kitabı mənim stolumun üstündədir. “Məni bu kitabı yazmağa həvəsləndirən… “sözlərilə başlayan avtoqrafının altında 26. 02. 1987ci il tarixi yazılmışdır.

Əli müəllimin bu kitabı Cənubi Azərbaycanda gedən azadlıq mübarizəsinin və bir illik Milli hökumətin salnaməsidir. Onun sənədli nəsri poetik yaradıcılığını tamamlayır.

O, ustad idi. 30 ildə yazdığım əsərlərin demək olar ki, hamısını ilk dəfə Əli müəllimə oxumuşam. Sevinərdi, məsləhət verərdi, qayğı ilə yanaşardı. Onu ailəsindən sonra mən itirdim.

Əli Tudə şəxsiyyət kimi məğrur adam idi. Səadət dilənçisi deyildi. Şöhrət dalınca qaçmırdı. Qapılar döymürdü. Heç kəsə baş əymirdi. Bəlkə elə buna görə idi ki, haqqında mətbuatda az yazıldı, yaradıcılığı təbliğ olunmadı, layiqincə qiymətləndirilmədi. İkicildliyi çıxmadı, fəxri titullar, ordenmedallar almadı. Ancaq Əli Tudə onlardan çox yüksəkdə dayanırdı.

İnanıram ki, Əli Tudə zaman keçdikcə Azərbaycanın hər iki sahilində öz həqiqi qiymətini alacaq. O, bütöv Azərbaycanın və dünya azərbaycanlılarının yaddaşında Azadlıq carçısı kimi qalacaq. Onun Cənubi Azərbaycana, Təbrizə, Ərdəbilə, Savalan ətəyindəki doğma Çanaxbulaq kəndinə yenidən qayıtmasını daha heç bir kəs yasaq edə bilməyəcək.

Əli Tudə heç vaxt vətənsiz yaşamamışdır.

Şairin oğlu atasının vəfatından bir az qabaq Təbrizdən Bakıya torpaq gətirmişdi. Əli müəllim uğrunda döyüşdüyü bu torpağın həsrətindəydi. Ölüm xəbərini eşidən günü, onun xatirəsinə yazdığım bir şeir belə başlayır:

 

Torpağı torpağa qarışdır, oğlum,

Dustağı dustaqla barışdır, oğlum.

O gedə bilmədi, gözündə qaldı,

Taleyi səslədi onu döyüşə.

İlahi! Sərhəddi torpaq adladı,

Torpaq özü gəldi bu son görüşə.

Səngərdə doğuldu torpaqda yatan,

Gözünə torpaq tök, yeri xoş olsun.

Torpağın üstündə Mühacir atan,

Torpağın altında Vətəndaş olsun.

 

 

Nəriman Həsənzadə,

Xalq şairi

Bakı, 4 sentyabr – 1997.

 

 

 

 

 

 

 

 

          

Şərhlər bağlıdır.