1399-CU İLDƏ İRAN

SİYASƏTÇİ BAXIŞI

Əziz oxucular, söhbət iran təqvimi ilə martın 20-də sona çatmış ötən ilin hadisələrinə baxışdan gedəcək. Bir neçə gündür ki, yeni 1400-cü ilə qədəm qoymuşuq. Yaz bayramı və bu münasibətlə sizi ürəkdən dəyərli Azərbaycan xalqı öncə yeni qədəm qoyduğumuz 1400 cü il yaz bayramı münasibətilə sizi ürəkdən təbrik edirik. Ümidvarıq ki, sabahlarımız arxada qoyduğumuz 1399-cu ildən yaxşı olsun.. Yaxşı olsun, və dərd bəlalar qurtarsın uzun illər düçar biz də inkişaf etmiş xalqlar kimi istiqamətlənən inkişaf yolu ilə addımlayaq.
Təbii ki, siyasi, iqtisadi, mədəni və ekoloji böhran bir gündə yaranmayıb. Bu böhran düz bir əsr əvvəl 1299-cu ilin esfənd ayının Rza xan çevrilişindən başlanıb, bu günə qədər davam edir. I əsrdir ki, təkamül yolunun qarşısında daxili və xarici irticanın dəstəyi və planı ilə Azərbaycan xalqının normal iqtisadi, siyasi və mədəni şəraitinin inkişafı əngəllənir. Hansı ki, Azərbaycanın qəhrəman övladları Səttar xan, Baqır xan, Heydər xan, Əli Misyo, Hüseyn Bağbanlar Məşrutə Hərəkatını yaradıb və zəfər çalıblar. Şahənşah Qacar isə xalqlara, başda azərbaycanlılara ədalət, qanun, azadlıq, demokrasi və təccəddüd ərməğan etmək məcburiyyətində qalmış və onlara da dünyanın tərəqqi karvanına qoşulmağa imkan yaratmışdı. O günki İran sosial-demokrat olan Əhməd şah Qacar Qərbin mütərəqqi ölkələri ilə inteqrasiyaya başlamışdı.
Fəqət məşrutə inqilabına qarşı olan daxildəki fanatik ehkamçı şeyxlər xarici imperialist qüvvələrə söykənərək şəriəti özlərinə bayraq edən Şeyx Fəzlullah Nuri kimi adamlarla məşrutənin bütün nailiyyətlərini məhv etmək məqsədilə dəridən-qabıqdan çıxdılar. 1299-cu il esfənd ayının çevrilişi də həmin məşrutəçi və fanatik qüvvələrin xarici dəstəyi ilə həyata keçdi. Rza xan kimi quldurlar cümhuriyyət şüarı ilə meydana gəldi və sonra isə qanuni Qacar hakimiyyətinə qarşı çıxaraq devirərək özünü şah elan etdi. Beləliklə Pəhləvi sülaləsini İran əhalisinə sırıdı.
Rza şah hakimiyyətə gəldiyi gündən əlinə balta alıb əldə edilən konstitusiyanın öhdəliklərini baltaladı, sıradan çıxartdı və yaxud öz xeyrinə dəyişdi. Məmalik məhrusədə tam diktatorluq elan edərək bir faşist, totalitar, polis hökumətinin təməlini qoydu. Məşrutə dövründə yeni canlanan İranda yaşayan xalqlar hansı ki, qazet, kitab oxumağa başlamış, məktəb açıb elm dalınca getməyə həvəslənmiş, azadlığa, ədalətə, demokratiya, təcəddüd faktorlarına sevgi ilə yanaşan və alışmağa başlayan xalqları boğuntular yaratdı. Bir millət, bir dil, bir dövlət şüarı altında yeni çiçəklənən məşrutə abu-havasını alman faşisitlərinə yaxınlaşmaqla kökünü kəsməyə nail oldu. Şah, Fəruxi Yəzdi kimi azadlıqsevər şairin ağzını tikdi, Təqi Ərani kimi alim zəhmətkeşlərin müdafiəsini zindanda məhv etdi və bir çoxlarının başın batırdı. Pişəvəri kimi görkəmli şəxsiyyəti 10 ildən çox zindanlarda məhbus etdi. Bu yaramaz siyasəti onun oğlu Məhmməd Rza şah da 37 il davam etdi.
Məhəmməd Rza şah Milli Hökuməti qan dəryasında boğaraq Azərbaycan xalqını qətlam etdi və mədəni soyqırıma məruz qoydu. Amma o da xalqların qəzəbi ilə 1357-ci ildə tarixin zibilliyinə atıldı. Səltənət devrildi cümhuriyyət yarandı. İran İslam Respublikası adı altında hakimiyyətə gələn rejim bol-bol vədlər verdi. Onlar qeyri-fars xalqların özlərini idarəetmə, milli mədəni sahədə təhsil alma və iqtisadiyatlarını çiçəkləndirmə, rifah, izzət, ehtiramla yaşamaq barədə ağız dolusu çıxış edərək, İranda behişt yaradacaqları, insan kəramətini yüksəldəcəkləri barədə verdilər.
Xomeyni Parisdən İrana təyyarə ilə dönərkən hava limanındakı çıxışında dedi ki, Məhəmmədrza məmləkəti xaraba qoyub, ancaq qəbirstanlıqlarını abad edib. Lakin inqilabdan iki il keçmədən onlar nə qədər riyakar olduqları üzə çıxdı. Qadınları zorla çadra altına saldılar. Onları ev küncündə dustaq etdilər. Hətta geyim tərzinə də qarışdılar. Tənqidə qarşı təhdid etdilər. Tənqidçini kafir, mürtəd, münafiq, ziddinqilab adlandırdılar. Yeni canlanan partiyaların fəaliyyətinə qadağalar qoydular, “hizb fəqət hizbullah”, “rəhbər fəqət ruhullah” deyərək partiya mənsublarını, o cümlədən Azərbaycan Demokrat Firqəsini təqibə, təzyiqə, həbsə, edama və daş-qalağa məruz qoydular. İranı behişt əvəzinə cəhənnəmə çevirdilər. Bu cəhənnəm 42 ildir yaşayır. Biz bu gün başladığımız XV əsr, 100 il bundan qabaq dayandığmız yerdən daha ürək ağrıdıcıdır və acınacaqlıdır.
Keçən il bəhmən ayında arvad-uşaq üçün bir tikə çörək dalıyca gedən bəluçlardan 40 nəfəri güllələndi və çoxları da həbs olundu. Ötən il ana dilində məktəb açmaq istəyən azərbaycanlı qadın və kişilər kütləvi həbs olundu. Əhvaz ərəblərinin doğulduğu torpağın altı qızıl olsa da, üstündə acınacaqlı həyat sürməkdə davam etdilər. Azərbaycan torpaqlarında qızıl istehsal edən hakimiyyət, əhalini qul kimi işlədib qazandıqları sərvəti öz şəxsi məsrəflərinə yetirirlər. Əhaliyə ancaq qul kimi işləmək və xəstəliklərə düçar olmaq qalır.

Onların isə qazandıqları ancaq xəstəliklər olur. Covid-19-a yoluxan milyonlarla insanın gündə 600-dən çoxu həlak olur. Əhalinin vaksinə əl tapma arzusu əlçatmazdır. Sadə camaatın gündəlik məsrəf etdiyi ərzaqların qiyməti od tutub yanır, qat-qat bahalaşıb. Qıtlıq baş alıb getdi. Urumiyə şəhərində toyuğa, ətə, meyvəyə, yağa əhali həsrət qaldı. İnfilyasiya dərəcəsi həddini aşdı. Pulun dəyəri su qiymətinə düşdü. Ayətullah Xamenei 1400-cü ilin bayaram çıxışında camaata üzünü tutaraq dedi: Bir dövlət qurmalıyıq ki, orda oğurluq, fəsad az olsun. Demir ki, heç olmasın deyir az olsun!!!
Saydıqlarımız İran İslam Respublikası adlanan dövlətin daxili siyasətinin nəticəsidir. Xarici siyasəti də daxildən geri qalan deyil. Daxildə yaşayan millətlər belə beziblərsə, xaricdə İranı əhatə edən qonşuları lap cana gəlib. Qonşulara qarşı ikili siyasət davam etdi. Düşmənçilik, nifaq, onlara qarşı ərazi iddiaları, şiə və sünnü ixtilaflarını alovlandırdı. Qonşuların daxili işlərinə qarışdı. Qonşularda terroçu qruplara, Azərbaycan Respublikasında Hüseynçilərə, Əfqanıstanda Zeynəbiyuna və talibanlara, Yəməndə Husilərə, İraqda Həşədüs Şəbilərə, Türkiyədə Ələvilərə və PPK-ya, Livanda Hizbullaha dəstəyini davam etdi. Yoxsul İran xalqlarının illik gəlirlərini onlara həsr etdi, olub-qalan büdcəni də balisstik raketlərin istehsalına, yararsız atom bombası stansiyalarının gücləndirməsinə sərf etdi. Ermənistan dövlətini Azərbaycana qarşı qızışdırdı. Qarabağ erməni icmasına dəstək verdi. Anti-Azərbaycan və anti-Türkiyə siyasətini zirvəyə qaldırdı.
Keçən il İran rəsmiləri tərəfindən sayın Ərdoğana qarşı nə qədər zəhərli, intrikaçı, qonşuluq münasibətlərini pozan, kin-kudurəti artıran çıxışları kimsə unutmayıb.
Əziz oxucular!
Keçənlər keçib, gələn günlərimiz xeyirli olsun. Düşmənlərimizə Allahdan ağıl, dostlarımıza xeyir-bərəkət arzulayırıq.
Düşmənlərimiz xar olsun, dostlarımız var olsun!

Abdulla Əmir Haşimi Cavanşir

Şərhlər bağlıdır.