BU GÜN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycan Respublikasında da qeyd edilir.

Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də təsis olunub. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT-nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayramdır.

Azərbaycan Respublikasında uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Burada uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur.

Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilməkdədir.

Bütün bunlar çox sevindiricidir. Lakin dünyanın onlarca dövləti vardır ki, orada bütün cəmiyyət üzvləri ilə yanaşı uşaqların da hüquqlarına biganə yanaşırlar. Onların sağlam və xoşbəxt böyümələri, təhlükəsizliyi, rifahı basqılara məruz qalır. Təəssüf ki, vətənin o tayındakı balalar barədə də təskinlik verici sözlər söyləyə bilmərik. Azerbaycan-ruznamesi.org dilindən, milliyyətindən, yaşadığı ölkədən asılı olmayaraq bütün uşaqların bayramını təbrik edir, onlara sülh, əminamanlıq şəraitində yaşamağı, bütün insan hüquqlarından faydalanmağı arzulayır.

İndi isə bu konteksdə hazırladığımız materialları oxuculara təqdim edirik.

Şərhlər bağlıdır.