VƏTƏN MÜHARİBƏSİNDƏ HƏRBÇİ KİMİ İŞTİRAK ETMİŞ JURNALİSTLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

Bu gün Bakı İdman Sarayında davam edən Milli Kitab Satış Sərgisi çərçivəsində 44 günlük Vətən Müharibəsində hərbçi kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib.

Azerbaycan-ruznamesi.org Trend.az-a istinadən xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Vətən Müharibəsində 30-dək jurnalist hərbçi olaraq döyüşüb. “Onlar qələmlərini silahla əvəzləyərək Vətənin çağırışına səs vermiş həmkarlarımızdır. Hər biri bizim, ümumilikdə media ictimaiyyətimiz üçün dəyərlidir. Mətbuat Şurası müharibə müddətində onların valideynləri, ailə üzvləri ilə daim təmasda oldu. Biz gördük ki, onlar öz övladları ilə necə fəxr edirlər. Əlbəttə, hər birimiz fəxr və qürur hissi keçirirdik. Müharibədə döyüşmüş jurnalistlər bizim üçün əzizdirlər. Mətbuat Şurası olaraq çalışacağıq ki, onlar Azərbaycan dövlətinin bu və ya digər imtiyazlarından bəhrələnə bilsinlər. Ümumən döyüşçü jurnalistlərimizi daim diqqətdə saxlayacağıq”, – deyən Ə.Amaşov vurğulayıb ki, rəhbərlik etdiyi qurum Vətən Müharibəsinin ildönümü ilə əlaqədar müharibədə iştirak etmiş, eləcə də müharibəni işıqlandırmış jurnalistlərə yönəlik müxtəlif aksiyalar reallaşdırmağı planlaşdırıb. Bu günkü görüş həmin tədbirlərin ilkidir. Ə.Amaşov rəhbərlik etdiyi qurumun təşəbbüsünün gerçəkləşrilməli ilə əlaqədar dövlət qurumları ilə danışıqlar aparıldığını diqqətə çatdırıb. Müvafiq razılıb əldə edildikdən sonra həmin tədbirlər gerçəkləşdiriləcək və bu barədə cəmiyyət məlumatlandırılacaqdır. O, həmçinin Zəfər Gününə qədər döyüşdə olmuş media təmsilçilərinin xatirələrinin yer aldığı kitabın nəşrinin planlaşdırıldığını diqqətə çatdırıb və jurnalistlərdən cəbhə xatirələrini qələmə alaraq Şuraya göndərməyi xahiş edib.

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, toplantı Vətən Müharibəsinə döyüşçü kimi qatılmış media təmsilçilərinin əməyinə dəyər vermək baxımından əhəmiyyətlidir. O, rəhbərlik etdiyi qurumun bu təşəbbüsə həvəslə qoşulduğunu deyib. Ş.Xuduoğlu həmin jurnalistlərin döyüş xatirələrinin toplanaraq kitab şəklində nəşri təşəbbüsdən də söz açıb və bildirib ki, Mətbuat Şurasının irəli sürdüyü bu təşəbbüsə “Qanun” Nəşrlər Evi tərəfindən dəstək olacaq və həmin kitabın nəşri həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov çıxışında Vətən Müharibəsinin informasiya savaşı mərhələsindən söz açıb. O, jurnalistlərin həmin savaşda fədakarlıq göstərdiklərini vurğulayaraq bunun yekun zəfərin əldə edilməsində müstəsna rol oynadığını önə çəkib, bununla əlaqədar maraqlı məqamlara toxunub.

MŞ sədri Ə.Amaşov 44 günlük Vətən Müharibəsi dönəmində AR Müdafiə Nazirliyinin Mətbuat xidmətinin kifayət qədər operativ çalışdığını vurğulayaraq, buna görə xidmətin MŞ tərəfindən xüsusi diplomla təltif edildiyini vurğulayıb və diplomu A.Eyvazova təqdim edib.

MŞ sərinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli də çıxışını müharibənin informasiya cəbhəsinin vacibliyi üzərində qurub. O bildirib ki, erməni saytı olan “news.am” 44 günlük müharibədə Ermənistanın müvafiq dövlət qurumlarının danışdıqları yalanları günbəgün göstərən kampaniyaya start verib. M.Ələsgərli bundan fərqli olaraq AR Müdafiə Nazirliyinin, eləcə də digər müvafiq strukturların dəqiq və operativ çalışdıqlarını, cəmiyyəti dolğun informasiyalarla təmin etdiklərini vurğulayıb. MŞ sədrinin müavini həmçinin müharibədə döyüşmüş jurnalistlərin də öz işlərinə peşəkar yanaşdıqlarını, hərbi forma geyindikdən sonra sırf hərbçi kimi davrandıqlarını dilə gətirib, Ermənistan tərəfdə söz azadlığı və jurnalist təhlükəsizliyi müstəvisində ciddi spekulyasiyaların həyata keçirildiyindən söz açıb.

Müharibədə döyüşmüş jurnalistlərdən – Pərviz Aslanov, Məğrur Əliyev, Fərid Teymurxanlı, Nurlan Əliməmmədov, Nahid Salayev, Mahal Məmmədov və digərləri çıxışlarında döyüş xatirələrini bölüşərək bildiriblər ki, 44 günlük Vətən Müharibəsində iştirak etmək, torpaqlarımızın azadlığı uğrunda döyüşmək onlar üçün böyük qürur və fəxarət anlarıdır və bu anlar ömür yollarında əbədi qalacaqdır. Onlar həmçinin Vətən Müharibəsi dövründə Azərbaycan xalqının birlik və bütövlük nümayişinin yekun qələbənin qazanılmasında müstəsna önəm daşıdığını vurğulayıblar.

Görüşdə müharibədə iştirak etmiş bir qrup jurnalistə Azərbaycan Mətbuat Şurasının bir neçə ay öncə təsis etdiyi “Qələmdən süngüyə” mükafatı təqdim olunub.

Görüşdən sonra isə toplantı iştirakçıları Milli Kitab Satış Sərgisi ilə tanış olublar. Jurnalistlərə “Qanun” Nəşrlər Evi tərəfindən kitablar hədiyyə edilib.

Orxan Amaşov

Şərhlər bağlıdır.