İRAN İSLAM RESPUBLİKASINDA SEÇKİ “DASTAN”I…

3-CÜ YAZI. II TELEDEBAT

Möhsün Rezai demişdir: “Mən birinci teledebat zamanı bütün İrandan danışırdım, indi bütün İran xalqlarından danışıram, İranın başı olan Azərbaycandan. …Ağa Mehdi Bakeri, bir dəfə o, düşmən səddini  keçəndə, dedim, “Yaşasın Azərbaycan”, Himmət Motəvəssəliyan, Tehrani Müqəddəm, bütün etnosların qəhrəmanlarından danışıram. Bizim hökumət bütün İran xalqlarının (qövmlər) hökuməti olacaq: sünnilərdən tutmuş şiələrə qədər. Mən bilmirəm ki, məni niyə Zaqroslu olmaqda ittiham edirlər. Mən Zaqroslu olmağımla fəxr edirəm və lor etnosundanam. Hamı bilir ki, mən həyatım boyu həmişə fəaliyyət sahəmdə  bütün etnosların nümayəndələrindən istifadə etmişəm”.

Möhsün Rezai yüksək etnik kimliyə malik olduğunu  və hakimiyyətin  İranın bütün etnos və məzhəblərini təmsil etmədiyini, başqa sözlə, hakimiyyətin siyasi ayrı-seçkilik və siyasi bərabərsizlik  siyasəti yeritdiyini vurğulayır. Həmin bərabərsizliyi aradan qaldırmaq üçün hökumətində qeyd edilən sosial qrupların nümayəndələrinin təmsil olunmasını kafi hesab edir. Həmin vədin yerinə yetirilməsinin  milli məsələnin həlli ilə heç bir əlaqəsi olmadığı məlumdur. Çünki onun  lor etnosunun nümayəndəsi olaraq   16 il Sepahın Baş komandanı olmasının təmsil etdiyi xalqın siyasi-ictimai və mədəni problemlərinin həllinə heç bir təsiri olmamışdır. Maraqlıdır ki, milli məsələnin  mövcud siyasi sistem çərçivəsində  mümkün ola biləcək həlli ilə bağlı  ilk yazılı kompleks proqramla 2009-cu il prezident seçkilərində prezidentliyə namizəd, lor xalqının nümayəndəsi 2000-2004-cü illərdə parlamentin spikeri olmuş M.Kərrubi çıxış etmişdir. Lor xalqının iki nümayəndəsinin İranda ən yüksək vəzifələri tutması lor xalqının milli problemlərini həll etsə idi, onda M.Kərrubi qeyd edilən proqramla çıxış etməzdi.

M.Mehrəlizadə: “Əvvəlcə məni Rəisinin təhsili haqqında dediklərimə görə  guya əxlaq prinsiplərinə əməl etmədiyimə (bədəxlaqlığa) görə ittiham edən Rəisiyə deməliyəm: Rəisinin təhsil sənədi haqqında olanı demişəm, bunun nəyi əxlaqsızlıqdır [Buradan sonrakı hissə telemətndən götürüb, yazılı hesabatda yoxdur-V.M.]. Rəisi əxlaqsızlıqdan danışdı: “Mən bilmirəm nəyi nəzərdə tuturdu və dedi ki, azəri dillilər ona zəng edərək üzrxahlıq ediblər. Mən bilmirəm və deyə bilmərəm ki, azəri dillilər onu təhqir ediblər, çünki burada azəri dilli olmayıb, mən düzəliş etmək istəyirəm, bizdə azəri yoxdur. Azərbaycan ostanları (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan), Həmədan, hətta Xorasan, İsfahan, Şiraz, digər yerlər, hətta Xuzistanda türk dillilərdir. Mən düzəliş edirəm ki, Rəisi bu sözləri deyəndə diqqətli olmasını istəyirəm, bir hakim (qazi) hüquqşünas kimi  bu sahədə daha diqqətli olmalıdır”.

Göründüyü kimi, M.Mehrəlizadə  ən yüksək səviyyədə İranda azərbaycanlıların milli kimliyinə  qarşı  hakimiyyətin uzun illərdir davam etdirdiyi etnosid hədəfə xidmət edən qəsdə qarşı ciddi şəkildə etiraz edərək  azərbaycanlı milli-mədəni və milli-siyasi qüvvələrin həmin məsələyə çox sərt mənfi  münasibətini ifadə etmişdir. Prezidentliyə namizədin həmin cəsarətli  addımı yüksək qiymətləndirilməlidir.

Ə.N.Himməti: “Narkomanların həbsinə qarşıyam. Bəziləri belə fikirləşirlər ki, etniklər və məzhəblər ölkə üçün təhdiddir, lakin mənə görə etnoslar (qövmlər) və məzhəblər bizim ölkə, İran üçün güc yaradan komponentlərdir. Mənim əsas prinsipim ləyaqətdir, sünni  və şiə olmağından asılı deyil. Mən ləyaqətli bacı və qardaşlardan  [hökumətdə]  indikindən 3 qat artıq istifadə edəcəyəm. Mərkəzi Bankda  sünni  baş müşavirlərim vardı”.

Prezidentliyə namizədin sözlərindən aydın olur ki, İranda etnik və dini azlıqlar xüsusi qeyd edilməsə də, azərbaycanlılara ölkənin milli təhlükəsizliyi üçün təhdid kimi baxılır. Belə bir şəraitdə və hakim baxışlar çərçivəsində milli məsələnin hər hansı bir formada həllinə ümid etmək qeyri-real görünür.

Namizədlər 3 dəqiqə ərzində  püşklə müəyyən edilən suala cavab verməli idilər.

M.Rezai:  Mən loram və fəxr edirəm, amma bütün ömrüm millətə, etnoslara (əqvam) xidmətdə keçib. Azərbaycanlılar bilir ki, Ağa Mehdi Bakerini mənim qədər sevən ikinci şəxs yoxdur, hər dəfə yadıma düşəndə çox təsirlənirəm. Ağa Mehdi Bakeri qədər mənim qəlbimdə yer almış ikinci şəxs yoxdur. Onu da deyim ki, mənim proqramımda etnoslar və  ana dili mühüm məsələ kimi yer alıb”.

Əlavə etmək lazımdır ki, M.Rezainin bütün ostanlar üzrə ayrıca elmi-tədqiqat işlərindən ibarət proqramlarında və onların ümumi xarakter daşıyan  giriş hissəsində etnoslar və ana dili haqqında heç bir cümlə belə qeyd edilməmişdir.

Namizədlərin hər biri bir suala cavab verməli idilər.

Mehrəlizadə: Sonuncu cümlə, “15-ci maddəni fəallaşdırsaq, bir çox məsələlər həll ediləcək.”… yarımçıq qaldı.

İkinci teledebatdan sonra farsnews.ir agentliyi Təbrizdə video sorğu keçirmiş  və həmin sorğu-müsahibəni 19.03.1400/09.06.2021-ci il tarixində “Təbriz əhalisinin islahatçı namizədlərin türkcə danışığına münasibəti/“Şüurumuzu təhqir etməyin” başlığı altında  internetdə-youtube-də yerləşdirmişdi.

Agentliyin Təbriz  və ya Azərbaycan şöbəsi Təbrizdə Azərbaycan dilində bir neçə nəfərin islahatçı namizədlərin (müsahibənin aparıcısı namizədlərin türk olduğunu qeyd etmir) türkcə danışmasına  münasibətini soruşub, müsahibə keçirib.

Aparıcı xanım: ”Riyasət-e cumhurluq namizədlərinin əvvəlki mühazirəsindən neçə nəfər  möhtərəm namizədlərdən türki diliynən Azərbaycan millətindən köməklik istəyib və onların himayətlərini cəlb elamağa çalışdılar. Biz Təbriz camaatından soruşduq,  aya bir nəfərin türki danışmağına xatir ona rəy verərsiz”?

Aparıcı soruşmur ki, azərbaycanlı namizədə səs verərsinizmi, elə təsəvvür yaranır ki, guya istənilən  namizəd azərbaycanlılara türkcə müraciət edə bilər, halbu ki, azərbaycanlılar ana dilini düz-əməlli bilmədiyi halda, qeyri türklər həmin dili bilmədiklərindən  müraciət edə bilməz, digər tərəfdən onların xəstə hakim millətçilik mövqeyi buna yol verməz.

Sorğu keçirən xəbər agentliyi  sepaha məxsus və ya ona yaxın agentlikdir. Ona görə auditoriyanın seçilməsində və bütövlükdə cavabların qeyd edilib videoçarxda yerləşdirilməsində müəyyən məqsədə, azərbaycanlıların etnik-milli şüurunun son dərəcə zəif olduğunu nümayiş etdirmək məqsədinə, xidmət edildiyi birmənalıdır. Bunula belə, Təbrizdə  ana dilinin movcud vəziyyəti və qeyri-rəsmi statusuna heç bir əhəmiyyət verməyən insanların  az olmadığını da inkar etmək olmaz.

Teledebatda iştirakla yanaşı  prezidentliyə namizədlər digər qanuni vasitələrlə öz təbliğat kampaniyalarını davam etdirirdilər. Həmin vasitələrdən biri ostan telekanalları idi.

10.06.2021/20.03.1400:

M.Rezainin Qərbi Azərbaycan telekanalında çıxışından:

M.Rezai deyirdi:

“İran etnoslar-əqvam, qəbilələr ölkəsidir. Təəssüf ki, hökumətlərin son 2-3 onilliklərdə yeritdikləri səhv siyasət nəticəsində  İranın beli bükülüb… Biz yenidən qiyam etmək, öz ayaqlarımız üstündə durmaq istəyirik. Böyük imam inqilab zamanı bütün əqvam və ostanları öz ətrafında birləşdirib böyük bir birlik yaratdı. İmam ikinci dəfə onları müharibə zamanı birləşdirdi və qalib gəldi. İndi, üçüncü dəfə gəlin birləşək. Üçüncü qiyam daha yaxşı həyat üçün. Biz yenidən əqvam və ostanları meydana çıxaracağıq, necə?  İiqtisadi rayonlar təşkil edəcəyik. Ostanda əmanətlər gərək orada investisiya qoyula, indiyə kimi onların 40%-i Tehrana gedir. Tehran ostanları (Tühran ostanları xaric) istismar edir, buna son qoyacağıq.

Xürrəmşəhrin azad edilməsi zamanı  müxtəlif ostanlardan,  kəndlərdən gələn qardaşlar hətta  fars dilini bilmirdi.

Fəaliyyət  və dəyişiklik hökumətinin öz proqramını icra etməsinin yolları: ostandar yerli əhalidən seçiləcək, mərkəzə 2-3 nəfər təqdim ediləcək və onlardan biri təyin ediləcək…”

24-cü  dəqiqədə Qərbi Azərbaycana müraciət etdi:

“Qərbi Azərbaycan  həqiqətən alim, üləma, şair,  böyük milli qəhərəmanlar, Ağa Mehdi Bakeri, Həmid Bakeri kimi, qəhrəmanlar tərbiyə edən diyardır.

Azərbaycanın problemlərini yaxşı bilirəm, sizləri də yaxşı tanıyıram, çünki uzun illər burada, sizin aranızda yaşamışam. Son vaxtlar çoxlu araşdırmalar nəticəsində bizə məlum oldu ki, sizin ərazinizdə ciddi problemlər var və onlar gərək aradan qaldırılsın. Bizim Qərbi Azərbaycanda “İqdam-fəaliyyət” sənədimiz var. Məhəlli müdirlər  gərək yerlilərdən olsun”.

Göründüyü kimi, prezidentliyə namizəd milli məsələnin  əsasən siyasi, iqtisadi aspektlərinə toxunmuş, ostanlarla əqvamları eyniləşdirərək, mərkəz-ostan münasibətlərinin ostanın ziyanına formalaşdığını qeyd etmiş, həmin münasibətləri ədalətli tənzimləmək üçün ostanlarda  banklara qoyulan əmanətlərin yerlərdə investisiyaya qoyulması, ostandar və yerli icra məmurlularının yerli əhalidən təyin edilməsini təklif edirdi. Həmin proqramın icrası, həqiqətən də az inkişaf etmiş, xüsusən qeyri-fars etnosların məskunlaşdığı ostanların, bir sıra iqtisadi və sosial problemlərinin həlinə yardım edərək, fars ağalığından və Tehrandan asılılığı azaldardı.

Bununla belə, M.Rezai nə  çıxışında, nə də adını qeyd etdiyi sənəddə, etnik-mədəni  problemlər, o cümlədən ana dili haqqında heç nə danışmayıb və  heç bir vəd irəli sürməmişdir.

21.03.1400/11.06.2021-ci il tarixində Ə.Himməti  Şərqi Azərbaycanın “Səhənd’ televiziya kanalında çıxış etmişdir. Çıxışın geniş icmalı “isna.ir” saytında dərc edilmişdir. Çıxış haqqında hesabat “Ostanlara siyasi və təhlükəsizlik baxışı aradan qaldırılmalıdır” adlandırılıb.

Saytda qeyd edilir ki, Ə.N.Himməti  çıxışının bir hissəsini türkcə davam etdirdi. Saytda çıxışın türkcə  hissəsinin farsca  tərcüməsi verilib. Çıxışın türkcə hissəsinin  farsca icmalının Azərbaycan dilinə tərcüməsi: “Təbriz birincilər şəhəri olmaqdan uzaqlaşıb, biz ciddi şəkildə bu mühüm ostana  diqqətimizi cəmləməliyik. Azərbaycan və Təbriz İranın Türkiyə və Qafqazla ticarət qütbü ola bilər. Təbriz yenə elə vəziyyətə gəlməli ki, ilk söz deyə bilsin və keçmiş əzəmətini qaytarmış olsun. Libas tikən, amma libas idxal edən, Təbriz xalçası zərər görüb. Azərbaycan türk dili sahəsində  də çalışacağıq ki, bu dil ən aşağı mərhələdən yayılsın”.

Çıxışın türkcə mətninin farsca icmalından göründüyü kimi burada milli məsələnin konret bir təzahür formasından, üstüörtülü şəkildə mərkəzi hakimiyyətin ayrı-seçkilik  siyasəti nəticəsində Şərqi Azərbaycan və onun paytaxtı Təbriz şəhərinin bütün sahələrdə qabaqcıl mövqeyini itirməsindən, eyni zamanda  Azərbaycan dilinin mövcud vəziyyətinə  bir-iki cümlə ayrılmışdı. Hərçənd onun Azərbaycan dili ilə bağlı fikirlərinin icmalda tam əks olunmamasını da ehtimal etmək olar, ona görə çıxış haqqında qəti fikir söyləmək çətinlik törədir.

Bunula belə, onu da nəzərə almaq lazımdır ki, prezidentliyə namizəd Ə.Himmətinin öz saytında dərc edilmiş seçki proqramında milli məsələyə yer ayrılmamışdır. Ona görə “Səhənd” televiziya kanalı ilə türkcə dedikləri sözlər tamaşaçıların xoşuna gəlmək və onların diqqətini cəlb etmək xatirinə deyilmiş konyukturadan irəli gələn sözlər kimi dəyərəndirilə bilər.

Prezidentliyə namizədlərin milli məsələyə münasibətini müəyyən etmək üçün əsas  mənbə teledebat zamanı ölkə və cəmiyyətin əsas problemləri və onların həlli yolları haqqında  fikirləri  olduğundan, sonuncu, üçüncü teledebatı da nəzərdən keçirmək vacibdir.

Davamı növbəti sayda

Vidadi Mustafayev,
24 sentyabr 2021

Şərhlər bağlıdır.