POLİTOLOQ SƏDRƏDDİN SOLTANIN ŞƏRHİ

BU MƏSƏLƏDƏ UDUZAN TƏRƏF İRAN OLDU VƏ...

“Bu məsələdə uduzan tərəf İran oldu və başa düşdülər ki, bir müddət əvvəl Azərbaycana qarşı etdiyi hərəkət və ortaya atdığı cəfəng fikirlər yersiz gərginlik və yersiz iddialardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan söyləyib. Yazının ictimai marağını nəzərə alaraq Azerbaycan-ruznamesi.org-da dərc edirik. Politoloq : İranın öz yük maşınlarına Laçın və Qarabağa qanunsuz gedişi qadağan etməsinin Bakı ilə Tehran arasında son zamanlar yaşanan gərginliyə necə təsir göstərməsini şərh edib.

Ekspertin fikrincə, İran bu müddətə qədər süni gərginlik yaratmaq yolunu tutmuşdu:

“İran bir müddət bundan öncə Azərbaycana qarşı atdığı yersiz hərəkətləri ilə süni şəkildə gərginlik yaratmağa çalışıb. Ümumiyyətlə, Tehranın xarici siyasi kursunda gərginlik yaradıb, sonradan gərginliyi azaltmaq kimi taktikadan da istiadə olunur. İran İsrail, ABŞ və s. məsələləri bəhanə edərək, Bakı ilə özü arasında gərginlik yaratdı. Cənub ölkəsi Azərbaycanın haqlı tələblərini mənasız olan başqa istiqamətlərə yozdu. Nəticədə Azərbaycan nə öz müttəfiqlərindən, nə müttəfiqliyindən, nə də ki, İrana indiyə qədər olan münasibətindən əl çəkdi”.

Həmsöhbətimiz bildirir ki, son olaraq bu məsələdə uduzan tərəf məhz İran oldu:

“Tehran başa düşdü ki, bir müddət əvvəl ortaya atdığı cəfəng fikirlər yersiz gərginlik və yersiz iddiadır. Ona görə də yükdaşıma şirkətlərinə qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olmağı qadağan etdi. İndiyə qədər guya bilmirdilər ki, həmin ərazilər Azərbaycan ərazisidir?”

Politoloq qeyd edir ki, mövcud vəziyyətdə İran Qarabağın, Laçının da yiyəsinin məhz Azərbaycan dövləti olduğunu nəhayət anladı:

“İkinci bir tərəfdən, İranda hesab edirdilər ki, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları həm də ərazinin yiyəsidir. Amma hadisələr göstərdi ki, Gorus-Qafan istiqamətindəki Azərbaycan ərazisi, Laçın koridoru və İranın qanunsuz olaraq fəaliyyət göstərdiyi digər ərazilərimizin yiyəsi məhz Bakıdır. Burada Azərbaycanın suveren hüquqları qüvvədədir. Bunu həm İran¸həm də dünya başa düşdü”.

Rüfət Sultan

Şərhlər bağlıdır.