Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına İran fəal siyasi hərbi dəstək verir.
Məqsəd isə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə əngəl törətmək, Türkiyənin artan təsirinin və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdır. Sentyabrın 13-də Azərbaycanın dövlət sərhəddindəki hərbi mövqelərinə Ermənistanın İran istehsalı olan pilotsuz uçuş aparatları ilə zərbə endirməsi barədə məlumatların sayı artır. İranın hərbi müşavirlərinin nümayəndəsi general İsmayıl Xəlilzadənin və “Həmzə Qərargahı”nın əməliyyat və kəşfiyyat üzrə məsul nümayəndəsi, general Əhmədinin İslam İnqilabı Keşikçiləri Qvardiyasının bir qrup zabiti ilə birlikdə təcavüzkar Ermənistan ordusunu Azərbaycana qarşı gücləndrmək üçün hazırda İrəvanda olduğu bildirilir.
Onlar Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli komandirləri ilə yaxından əməkdaşlıq edirlər. Eyni zamanda, “Azad İran” teleqram kanalının verdiyi məlumata görə, İran ordusunun dron qüvvələri də bölgədədir və SEPAH-ın Xasavadakı raket bölməsi döyüş hazırlığı vəziyyətinə gətirilib. İranın hərbi karvanının mərkəzdən şimal-qərbə və Azərbaycan sərhədlərinə doğru göndərildiyi xəbər verilir. İran rejimi Ermənistanın təxribatlarına dəstək verməklə İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallığı pozmağa çalışır.
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan isə özünün “Twitter” hesabında dost İran dövlətinə və xalqına bu çətin vəziyyətdə Ermənistanın ərazi bütövlüyünü dəstəklədiklərinə görə təşəkkür etdiyini yazıb. Bütün bu faktlar İranın bölgədə sülh prosesini pozmaq və Ermənistanla Azərbaycan arasında növbəti münaqişə yaratmaq üçün yenidən fəallaşdığını göstərir.
Siyasi ekspertlərin rəyinə görə, Azərbaycan-Ermənistan sərhədində gərginliyin yaranmasında Rusiya və İranın maraqları üst-üstə düşür. İlk növbədə, hər iki ölkə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülhə nail olunmasına dair danışıqlar prosesini fiaskoya uğratmağa çalışır. Bununla kifayətlənməyən İran rəsmiləri Azərbaycan dövlətinin və xalqının ünvanına təhqiramiz hədyanlar yağdırır, siyasi ədəbsizlik nümayiş etdirir.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında bildirib ki, İran Ermənistanın təxribatlarına hərbi və siyasi dəstək verməklə Cənubi Qafazda sabitlyi pozmağa çalışır. Həmin yazını oxuculara təqdim edirik.
“İranın Ermənistanı dəstəkləməsi, ona arxa durması yeni hadisə deyil. Azərbaycan müstəqilliyini elan etdikdən və Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən bu günə qədər İran işğalçı tərəfi dəstəkləyir. Ermənistana qaz kəməri Təbriz ərazisindən keçir. 44 günlük müharibə dövründə Rusiyanın Ermənistana dəstək üçün göndərdiyi hərbi texnika İran ərazisindən daşındı. 30 il işğal altında altında qalmış ərazilərdə inzibati binalar, yaşayış evləri, xəstəxanalar məhz İran şirkətlərinin yardımı ilə dağıdılıb. İşğal dövründə İranın Ermənistanda qeydiyyatdan keçmiş 80-dən artıq hüquqi və fiziki şəxsi separatçılarla birlikdə işğal olunmuş ərazilərdə talançılıqla məşğul olub. İran qanunsuz olaraq Azərbaycan ərazisindən narkotik daşımaqla məşğul olub. İşğaldan sonrakı dövrdə də İran Azərbaycana qarşı böhtan kampaniyasını davam etdirdi. İran rəsmiləri Azərbaycanda guya xarici ölkələrin hərbi bazalarının yerləşməsi və İsrail hərbçilərinin olduğuna dair əsassız iddilara irəli sürdülər. İran Azərbaycanın işğaldan azad etdiyi torpaqlarla sərhəddə SEPAH-ın hərbi təlimlərini keçirdi. Halbuki, İran işğal dövründə müharibə zonası yaxın ərazi kimi həmin bölgəyə bu qədər ordu cəmləməmişdi. Sentyabrın 13-dən başlayaraq Azərbaycanın dövlət sərhədində törədilən hərbi təxribatlarda da İran Ermənistanı müdafiə edir. İran tərəfi 2020-ci il 10 noyabr Bəyanatının həyata keçirilməsi ilə bağlı Ermənistana bir dəfə də olsun iradını bildirməyib. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi Rusiyanın Ukrayanaya qarşı apardığı işğalçı müharibəni dəstəklədiyi kimi, İran da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü dəstəkləyir. İran olmayacaq və ağıla sığmayan iddianı ortaya atıb. Guya Azərbaycan İranla Ermənistan arasında hansısa yolu bağlamaq istəyir. Azərbaycan İranla Ermənistan arasında heç bir yolu bağlamır və heç bir dövlətə qarşı ərazi iddiası ilə çıxış etmir. Azərbaycan bildirir ki, istənilən vaxt Ermənstanın təcavüzünə məruz qala bilər. Üstəlik, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdən olan məcburi köçkünləri perspektivdə öz torpaqlarına qaytarmağa hazırlaşır. Dinc sakinlərin təhlükəsizliyinin təminatı üçün bufer zonanın yaradılması lazımdır. Çünki Ermənistan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmir. Bununla da Ermənistan beynəlxalq hüququn normalarını pozur. Məsələn, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Brüsseldə Azərbaycanla əldə olunmuş razılaşmalara əməl etmir. Sərhədlərin müəyyənləşməsi, minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi kimi məsələlər müzakirə olunmaqdansa, Ermənistan növbəti təxribata başlayır. Bu təxribatı isə Ermənistanı ona havadarlıq edən Rusiya, İran və Fransa müdafiə edir”.
Ekspert bildirib , Azərbaycanla Ermənistan arasında sülhün baş tutmasına mane olan bu üç ölkədir:
“Sülh prosesinin irəli getməsini pozan ən başlıca ölkə İrandır. Ona görə ki, İran Cənubi Qafqazda sabitliyin olmasında maraqlı deyil. Cənubi Qafqazda sabitlik olarsa, İranın daxilində də bir sıra hadisələr baş verə bilər. İran özünün regiondakı təsirini göstərmək üçün bu cür hadisələrdən faydalanır. İran PUA-larının Ermənistana verilməsi və ya verilə biləcəyi gözləniləndir. Əgər İkinci Qarabağ müharibəsində İran Rusiyanın hərbi texnikasının Ermənistan ərazisinə keçərək Azərbaycanı vurmasına şərait yaradıbsa, PUA-ları da da verə bilər. İran Ermənistana PUA verməklə özünü regionda Türkiyəyə alternativ kimi təqdim edir. Bu addımı İran artıq Ukraynada atıb. İran Rusiyaya dronlar verməklə Ukrayna cəbhəsində Türkiyənin “Bayraktar” PUA-larına alternativin olduğunu göstərir. Yəni İran göstərmək istəyir ki, onun da hərbi texnikası var bunu Ermənistana verə bilər. Ancaq İranın neftinə və təbii qazına olduğu kimi, hərbi texnika, raket satışına da sanksiya tətbiq edilib. Əgər İran Ermənistana PUA satırsa, deməli, bu sanksiyaları pozub. O halda, İrana və Ermənistana əlavə sanksiyalar tətbiq edilə bilər”.
Ekspert hesab edir ki, Zəngəzur istiqamətində İran Ermənistanın əli ilə təxribatlara nail olsa da, nəqliyyat dəhlizinin açılmasına mane ola bilməyəcək. “Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi prosesi hələ başa çatmayıb. Delimitasiya və demarkasiyanın həyata keçirilməsi üçün bir neçə xəritə var. Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin varisi olduğundan, onun sərhədləri də həmin dövrün xərisəti əsasında müəyyən edilməlidir. Hətta Azərbaycan SSRİ-nin ərazisinə daxil olanda çəkilmiş xəritə var. Delimitasiya həmin xəritə əsasında da aparıla bilər. Yəni sərhədlər müəyyənləşmədən İranın və ya başqa dövlətin Ermənistanın Azərbaycana qarşı təxribatlarını dəstəkləməsi, hay-küy salması yersizdir. Dəhliz məsələsində də İran birmənalı olaraq Ermənistanı dəstəkləyir. Amma proses başa çatmayıb. Zəngəzur dəhlizinin açılmasını gec-tez Ermənistan özü istəyəcək. O zaman İran gülünc vəziyyətə düşəcək. Çünki Zəngəzur dəhlizi yalnız Rusiya, Azərbaycan, Türkiyə, Avropa, Mərkəzi Asiya ölkələri üçün deyil, Ermənistan üçün də faydalıdır. Çünki Ermənistan bu dəhliz vasitəsilə həm Avropa, həm də Mərkəzi Asiya ilə əlaqə saxlaya bilər. Nəticədə, Rusiyadan asılılığı azalmış olar. İran isə bu məsələdə Azərbaycanla Türkiyənin yaxınlaşmasından narahatdır. Ona görə də Zəngəzur dəhlzi açılarsa, İran ərazisindən istifadə arxa plana keçir. Regionda nəqliyyat-kommunikasiya məsələlərində İranın rolu azala bilər. İran bölgədə kommunkasiyaların açılmasına həmişə əngəl olub. Məsələn, 2020-ci ildən bəri İran tərəfi Astara-Astara-Rəşt-Qəzvin dəmir yolunun çəkilməsi ilə bağlı layihəyə maliyyə ayırmır. Amma İran uranın 60 faizə qədər zənginləşdirilməsinə külli miqdarda pul xərcləyib. Ona görə də İran Azərbaycandan və Türkiyədən keçən nəqliyyat-kommunikasiya xətlərinə qısqanclıqla yanaşır, ona mane olmağa çalışır. İran regionda bu tip məsələlərdə yer ala bilmədiyindən həmişə pozucu fəaliyyət göstərir”.
Müşfiq Abdulla
Şərhlər bağlıdır.