VALİDEYNLƏR SORUŞURLAR: UŞAĞA NİYƏ TÜRK ADI QOYMAQ QADAĞANDIR?

Təbrizdə 1 ay əvvəl dünyaya gələn Volkan Azərmiradın hələ ağlı kəsmir ki, soruşa: Təbriz qeydiyyat idarəsi ona bu adın verilməsini niyə yasaqlayıb. Ola bilsin ki, o, ömrü boyu ağaların məsləhət bildikləri kimliyində rəsmən bu adı daşısın. Evdə uşağa Volkan, rəsmi sənədlərdə isə məsləhət bildikləri başqa adla çağırsınlar.

Qeydiyyat idarəsinin Volkan adının əleyhinə çıxmasının yalnız bir səbəbi var-türk adıdır.

Təbriz şəhərinin qeydiyyat idarəsi məhz bu səbəbdən azərbaycanlı uşağa “əcnəbi” saydıqları “türk” adının verməsini məsləhət görmürlər.

26 Yanvar 2023-cü ildə anadan olan Volkan Azərmirad  kimlik vəsiqəsi olmadığı üçün tibbi və sosial xidmətlərdən məhrumdur.

Valideynlər tərəfindən seçilən adlara kimlik vəsiqəsinin verilməməsi və qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. Bundan öncə 2020-ci ildə ərdəbilli uşaq “Ayıl” üçün kimlik vəsiqəsinin verilməməsi və onun atasının şəhər qeydiyyat idarəsi qarşısında etirazla bərabər bir videonun yayması “Ayıl Kampaniyası”nın başlanğıc nöqtəsi idi.

Kampaniyada Ayılın valideynləri ilə yanaşı belə ayrıseçkiliklə qarşılaşan başqa azərbaycanlı ailələr də yaşadıqları təcrübələri sosial şəbəkələrdə yaymağa başlayıblar. Bununla yanaşı iranlı bəluç, kürd və ərəb ailələri də sosial mediada paylaşım edərək uşaqları üçün doğum şəhadətnaməsi alarkən qarşılaşdıqları eyni maneələri tənqid ediblər.

İranın Vətəndaşlıq Qeydiyyatı Təşkilatının təsdiqlədiyi adların siyahısını yayımlayarkən vətəndaşlardan bu adları övladları üçün seçmələrini istəyirlər. Valideynlər tərəfindən seçilən ad qeydiyyat idarəsi tərəfindən təklif olunan siyahıdan kənarda olduqda, seçilmiş ad araşdırılmaq üçün  təşkilatın (ad komitəsinin) idarə heyətinə göndərilir və təsdiq edilmədiyi təqdirdə isə adın seçilməsinə icazə verilmir.

Təsdiqlənmiş adlarının siyahısında siyasi və dini məhdudiyyətlər və fikirlər, bir çox vətəndaşı insan hüquqları konvensiyalarının ziddinə olaraq, uşaqlarına dini, etnik və ya mədəni kimliklərinə görə ad verməkdən məhrum edir.

Şərhlər bağlıdır.