İSRAİLLƏ İRANIN GİZLİ SÖVDƏLƏŞMƏSİ

SENSASİON TƏFƏRRÜATLAR

İslam Respublikasının nüvə proqramı “finiş xəttinə” çatarsa, İsrailin İrana qarşı hərbi əməliyyatlara başlayacağı ilə bağlı təhdidləri fonunda mətbuata Təl-Əviv və Tehran arasında “çox qeyri-adi və gizli razılaşma” barədə məlumatlar sızıb.

Haqqin.az-ın siyasi icmalçısı Fərid İsayevin portalda dərc olunan yazısında belə deyilir. Azerbaycan-ruznamesi.org həmin açıqlamanı oxuculara təqdim edir.

Müəllif qeyd edir ki, ABŞ-ın vasitəçiliyi ilə əldə edilən məxfi razılaşma Tehranın, İranın Suriyaya neft tədarükünə müdaxilə etməmək öhdəliyi müqabilində ABŞ-ın şərtləri ilə “nüvə sazişi” imzalamaq barədə razılığını nəzərdə tutur.

Bu məlumatı təsdiqləyən İsrailin 12-ci telekanalının müxbiri Nir Dvori dünən axşam xəbərlər proqramında üç neft tankerinin bir gün əvvəl İranı tərk edərək Suriyaya getdiyini bildirib. “Əvvəllər bu gəmilər yalnız Hizbullah şiələrinə silah çatdırmaq üçün istifadə olunurdu”, – deyə  Dvori vurğulayıb.

“Kifayət qədər nüfuzlu mənbələr”ə istinad edən Dvorinin sözlərinə görə, İsrail bu cür tədarükə yalnız “Amerika nəzarəti, İran şəffaflığı və İsrailin bu marşrut üzrə silah deyil, ancaq neft nəqlinə əmin olması şərti ilə” razılaşa bilər.

F.İsayev bildirir ki, bu, İsrailin iştirakı ilə real sensasiya kimi təqdim edilən ilk beynəlxalq danışıqlar deyil.

             Belədir ya yox, demək çətindir, amma… İran Suriyaya neft nəqlini bərpa edib

Belə ki, “The Hall Street Journal” qəzetinin ABŞ və Yaxın Şərqdəki mənbələrə istinadən verdiyi məlumata görə, 2022-ci ilin martında Şarm-əş-Şeyxdə ABŞ-ın himayəsi altında İsrail ordusunun yüksək rütbəli məmurlarının, həmçinin Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və BƏƏ ordularının nümayəndələrinin iştirakı ilə İranın raket hücumuna əl atacağı təqdirdə HHM vasitələrinin koordinasiyasına həsr olunmuş müşavirə keçirilib.

Görüşdə həmçinin İranın raket silahları və PUA-lar sahəsində potensialının artırılması ilə bağlı iştirakçı ölkələrin silahlı qüvvələri arasında əməkdaşlıq formatları müzakirə olunub.

“The Wall Street Journal”ın müxbiri vurğulayır ki, bu qəbildən olan görüş ilk dəfədir keçirilir. İsrail və BƏƏ istisna olmaqla ərəb dövlətləri görüşü şərh etməkdən imtina ediblər. Bununla belə, heç bir ərəb ölkəsi onun keçirilməsi faktını inkar etməyib.

Bir sıra ərəb mənbələrindən alınan məlumata görə, Şarm əş-Şeyxdə keçirilən görüşdə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Aviv Koxavi iştirak edib.

           İranın hücumundan müdafiənin koordinasiyası üzrə iclasda Aviv Koxavinin özü iştirak edib

Bundan əlavə, İsrailin müdafiə naziri Benni Qantz keçən həftə təsdiqləyib ki, ümumi regional hava hücumundan müdafiə sistemi artıq formalaşıb və İranın müxtəlif növ ballistik raketlər və pilotsuz təyyarələrlə İsrailə və ya Yaxın Şərqdəki digər dövlətlərə hücum cəhdlərini dəf etməyə hazırdır.

Bununla belə, beynəlxalq analitiklərin fikrincə, tezliklə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi İsraildə siyasi qeyri-sabitlik İsrailin İrana hücumu ehtimalını praktiki olaraq sıfıra endirir və diplomatiya imkanlarını genişləndirir.  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Tehrana dünənki səfəri bunu təsdiq edir. Bundan sonra tərəflər tezliklə İranın nüvə razılaşmasına qayıdışı ilə bağlı danışıqlara başlayacaqlarını bəyan ediblər.

F.İsayev sonda vurğulayıb ki, İslam Respublikası ilə nüvə sazişinə qarşı çıxan İsrail hələlik bu açıqlamaya münasibət bildirməyib.

Şərhlər bağlıdır.