FARSLAR MİLLƏT, İRANIN DİGƏR XALQLARI QÖVMDÜRLƏR, ETNİKLƏRDİRLƏR

İranda Vəhdət həftəsi münasibəti ilə İran xalqlarının “Əziz İran” adlı festival- mədəniyyət günləri keçirilir..

Vəhdət həftəsi İslam vəhdəti həftəsi günləri kimi qeyd​ edilir. Bu​ həftə Məhəmməd peyğəmbərin anadan olduğu gün ilə bağlı sünnilər və şiələr arasında təqvim fərqi ilə ( sünnilərə görə peyğəmbər rəbiyoləvvəl ayının 12-də, şiələrə görə isə 17-də anadan olub, bu il həmin tarixlər müvafiq olaraq 9 və 14 oktyabra təsadüf edir) bağlıdır. İslam vəhdəti həftəsi keçirmək Xomeyninin ideyasıdır və mahiyyətcə şiələrlə sünnilərin vəhdətinin gücləndirilməsinə yönəlmiş tədbirlər sistemi kimi nəzərdə tutulub. Lakin elə Xomeyninin hakimiyyəti illərində (1979-1989) yeridilən və ilk növbədə qonşu sünni ölkələrinə yönəlik İslam inqilabı ixracı siyasəti göstərdi ki, İran İslamdan özünün böyük dövlətçilik ambisiyalarını reallaşdırmaq üçün istifadə etməyə çalışır. İslam inqilabı ixracı siyasəti İranın İslam aləmində birləşdirici deyil, əksinə nifaq amili kimi çıxış etdiyini əyani şəkildə göstərmişdir. Ona​ görə İran İslam Respublikasının İslam birliyi ideyası ilə çıxış etmısi İslam dünyasına təhqir kimi görünür.

Vəhdət həftəsi günlərində başlayan İran xalqlarının birliyinin güclındirilməsinə yönəlmiş mədəniyyət günləri də həmin xalqların varlığına qarşı yönəlmiş bir riyakar addım hesab edilir. Çünki həmin xalqların varlığı və inkişafı ildə bir dəfə və cəmi bir gün Tehranda öz folklor nümunələrini nümayiş etdirməklə deyil, onların əsas etnik ünsürləri olan dil və mədəniyyətinin qanunla qorunması və inkişafı üçün lazımi şəraitin yaradılmasından və ən azı Əsas qanunda qeyd edilən hüquqların əməldə təmin edilməsindən asııdır. İranda milli siyasət qövm adlandırılan xalqların əsas etnik qoruyucularının zəiflədilməsi və məhv edilməsinə yönəlib.

Haqqında danışılan tədbirə qayıdaraq deməliyik ki, oktyabrın 12-də Tehranda başlanan festivalın oktyabrın 21-nə qədər, yəni 10 gün davam edəcəyi elan olunub.Festivalın proqramına uyğun olaraq hər gün etnoslardan birinin nümayədələrinin çıxışı nəzərdə tutulur. Siyahıda həmin etnoslar belə sıralanıb :Lor, Kürd, “Azəri”, Bəluc, Türkmən, Giləki, Məzni(mazandaranlı), Ərəb, Bəxtiyari, Qaşqay.

Artıq ərəb və “azəri” qövmlərinin nümayəndələri festivalın müvafiq olaraq birinci və ikinci günü çıxış ediblər.

Göründüyü kimi, bu siyahıda FARS qövmünün adı qeyd​ edilmir.Deməli, farslar bütün hüquqlara və səlahiyyətlərə malik millətdir, digər xalqlar isə bütün hüquq və səlahiyyətlərdən məhrum olan qövmlər\etniklərdir. Elə bu festivalın Tehranda keçirilməsi onu göstərir ki, əqvamın\qövmlərin nümayəndələri paytaxta gələrək, fars millətini və fars ağalarını əyləndirməklə məşğul olmalıdırlar.

Vallah, belə birlik, bəlkə də olar, amma nə bərabərlik, nə də qardaşlıq olmaz.

14.10.2022

Şərhlər bağlıdır.