Çəkib azadlıq uğrunda böyük zəhmət fədailər
Qoyubdur boynuna öz xalqının minnət fədailər
Silah almış ələ, eylər gecə-gündüz bizə xidmət
Çalışar müttəsil, ta qeyddən azad ola millət.
Özün narahət etmiş ta ki, etsin xalqını rahət
Rəvadırmı çıxa yaddan belə xidmət ilə zəhmət.
Gərək öz şanlı xalqından görə rafət fədailər
Çəkib azadlıq uğrunda böyük zəhmət fədailər.
Fədai dəstəsin görcək hərasan oldu xainlər
Qaçıb bu ölkədən yeksər qorizan oldu xainlər.
Fədai qorxusundan xaneviran oldu xainlər
Fədai qüdrətilə tirbaran oldu xainlər.
Əzəldən verməyib düşmənlərə fürsət fədailər
Çəkib azadlıq uğrunda böyük zəhmət fədailər.
Şərafətlə keçib başdan, qoyubdur ovcuna canın
Salıbdır düşməni bəndə, tutub nagah gəribanın.
Həman dəm zülmükarlardan alıb məzlumların qanın
Ucaldıb yer üzündə şöhrətin bu Azəristanın.
Qazanmışdır bu gün hər ölkədə şöhrət fədailər
Çəkib azadlıq uğrunda böyük zəhmət fədailər.
Bu gün bu nöqtəyə lazımdır çox diqqət, vətəndaşlar
Gərək biz də verək onlar üçün qiymət, vətəndaşlar.
Həmişə ehtiram ilə edək hörmət, vətəndaşlar
Verib onlara hədiyyə eliyək rafət, vətəndaşlar.
Olub dilşad, etsin daima işrət fədailər
Çəkib azadlıq uğrunda böyük zəhmət fədailər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 137, 27 fevral 1946-cı il
Şərhlər bağlıdır.