MƏRƏNDDƏ UŞAQ TEATRI FESTİVALI KEÇİRİLƏCƏK

BU ÖLKƏDƏ İLK BELƏ TƏDBİR OLACAQ

Güney Azərbaycanın Mərənd şəhəri İranda ilk uşaq teatrı festivalı keçirəcək. Cabbar Bağçaban adına Uşaq Teatrı Festivalının katibi Mehdi Salehyar bu barədə məlumat verib.

Festival Mərənd şəhərində İranda ilk dəfə uşaq teatrının təməlini qoymasının ildönümü münasibətilə təşkil olunacaq. İranda ilk uşaq teatrının təməli 102 il öncə azərbaycanlı müəllim və ziyalı Cabbar Bağçaba tərəfindən qoyulub.

“Ölkə səviyyəsində uşaq teatrı inkişaf etməmiş sahədir. 102 il bundan öncə təməli qoyulan festivalın keçirilməsindən məqsəd uşaq teatrını inkişaf etdirmək, onu Mərəndin incəsənət sahəsində tarixi kimlik sənədlərindən biri kimi tanıtdırmaqdır”-deyə, M.Salehyar bildirib.

O, festival çərçivəsində “Cabar Bağçaban və İranda uşaq teatrı”, “Uşaq teatrı və eşitmə qüsurlu uşaqların təlimi”, “Uşaq teatrının mənşəyi olan Mərəndin Şəhər bağı” və başqa mövzulardan bəhs ediləcək.

Festival 8 oktyabr tarixindən başlayaraq bir neçə gün davam edəcək.

Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban 1886 və ya 1885-cı ilin 25 noyabrında İrəvanda dünyaya gələn və 1966-cı ildə dünyasını dəyişən tanınmış Azərbaycan pedaqoqudur.

O, sonralar İrəvandan Türkiyəyə, oradan isə Mərənd şəhərinə köçüb. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır.

Pərvin

Şərhlər bağlıdır.