ƏLİŞ ƏVƏZ (MOSKVA)

Əliş Əvəz əslən Bərdədəndir, Moskvada yaşayır. Bir neçə şeirlər kitabı dərc olunub. Dünya jurnalistlərinin bir çoxunun yaxın dostudur. Şeirlərində haqqı, ədaləti müdafiə edir. Onun yaradıcılığı həmçinin belələri haqqında məlumat dairəmizi genişləndirir.

Şeir İbn-Sina, Nəvai yurdunun həqiqət carçısı, tələbəlik dostu, tanınmış özbək şairi və jurnalisti Kərim Bəhriyevə həsr olunur.

Azerbaycan-ruznamesi.org

 

Qaranlıq keçənəcən

Tanrım, mənə bir ömür ver

Dərdlərimi çəkənəcən.

Zəhər içib mömin ölən

Şirin şərbət içənəcən.

Gedər qışlar, gələr yazlar,

Qərib könlüm yenə sızlar.

Sarvan ağlar, nəri bozlar,

Haçanacan, haçanacan?!

Haqq böyük, şər kiçiləndi,

Bəxtim boya biçiləndi.

Qaradan ağ seçiləndi,

Ağı bozdan seçənəcən.

Yoxuşları ötəsiyəm,

Ölsəm yenə bitəsiyəm.

Haqq yoluyla gedəsiyəm

Dünyadan şər köçənəcən.

Dərd mənimdi, çəkim gedim,

Köhnə bürcün söküm gedim.

Göyə ulduz əkim gedim

Qaranlıqlar keçənəcən.

Şərhlər bağlıdır.