İranda cəmiyyətin social-iqtisadi inkişafına, xalqın madi-mənəvi rifahının yaxşılaşmasına “yox”, yoxsulluğa, milli ayrı-seçkiliyə və durğunluğa “hə” deyən siyasəti müdafiə edən SEPAH-ın mövqeyi gücləndirirlir.
(Yazı “İran azadi” saytının materialları əsasında hazırlanmışdır).
12 dekabr 2021-ci il tarixində Rəisi dövləti 1401-ci şəmsi ili (2022-2023-cü illər) üçün büdcə layihəsini müzakirə və təsdiq üçün Vilayəti-Fəqih hökumətinin parlamentinə təqdim etmişdir. Həmin layihədə diqqəti çəkən əsas məqam İslam İnqilab Keşikçiləri də (SEPAH) daxil olmaqla hökumətin güc strukturlarının büdcəsinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Belə ki, gələn il üçün büdcə layihəsindəki rəqəmlərdən göründüyü kimi, SEPAH-ın büdcəsi 241% artırılmaqla 93.000 milyard tümənə (22 milyard dollara) qədər yüksəldilmişdir. Başqa sözlə, keçən ildəkinə nisbətən qarşıdakı il üçün SEPAH-ın büdcəsi 2,4 dəfə çox olmuşdur.
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin iqtisadiyyat məsələləri üzrə müavini Möhsün Rzai “ölkəni idarə edən əvvəlki hökumətlər və məclislər təəssüf ki, iqtisadiyyat üçün aydın bir yol xəritəsi işləməmişlər” deyə bəyan etmişdir. O, eyni zamanda iqtisadiyyatın müəyyən bir yol xəritəsinə ehtiyacı olduğunu bildirmiş və bu əsasda özəl sektordan istifadə edilməsində ölkə prezidentinin israrlı olduğunu vurğulamışdır.
İnqilab Keşikçiləri Korpusunun özəl sektordan istifadə ilə bağlı bu cür açıqlamaları o vaxta təsadüf edir ki, dövlət rəsmilərinin sözlərinə görə, İnqilab Keşikçiləri İran iqtisadiyyatında geniş təsirə malik olmaqla elə özləri də həmişə özəl sektorun inkişafına mane olublar. Bu hərbi qrup İslam İnqilabından sonra yaradılıb və XX əsrin 80-ci illərində Xomeyninin orduya etimadsızlığı səbəbindən ona xüsusi diqqət yetirilib.
Səkkiz illik İran-İraq müharibəsi zamanı İnqilab Keşikçiləri Korpusu mülki və maddi-texniki təchizat fəaliyyətlərində mühüm rol oynayıb. Odur ki, İran İslam Respublikasının Ali Rəhbərinin və o zamankı Baş nazirin qərarlarına əsasən, bu hərbi təşkilata yol, o sırada şosse yolları və körpü tikintisi üçün ağır texnika və çoxlu sayda mütəxəssis verildi ki, ordu ilə birlikdə düşmən İraqın hərbi qüvvələrinə qarşı dayana bilsin.
Müharibə başa çatdıqdan sonra İnqilab Keşikçiləri Korpusu unikal bir mövqeyə malik oldu. Bu hərbi qrup müharibədən çoxlu texniki təchizat, minlərlə mütəxəssis və texniki heyətlə qayıtmışdı. Bundan sonra həmin hərbi qrup tikinti və quruculuq işləri kimi müxtəlif sektorlarda fəaliyyətə girişdi. Artıq yol, körpü və bənd tikinti texnikası üzərində monopoliyaya malik olan SEPAH, “Xatəmül-Ənbiya” tikinti düşərgəsini yaratmaqla Yollar Nazirliyi və Energetika Nazirliyinin nəhəng layihələrini öz üzərinə götürərək tikinti fəaliyyətinə başladı. Bəzilərinin dediklərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz iqtisadi fəaliyyətinə müharibədən sonra Əli Əkbər Haşimi Rəfsəncaninin istəyi ilə başlayıb.
İnqilab Keşikçiləri Korpusuna bağlı qəzetlərdən biri Xamneyinin Baş Qərargahdakı nümayəndəsi Əli Səidi Şahrudiyə istinadla həmin məsələ barədə bunları deyib: “Müharibədən sonrakı dövrdə ölkə infrastrukturun qurulmasına, inkişafına və təmirinə çox böyük ehtiyac duyulduğundan o zamankı dövlət başçısı Ayətullah Haşimi Rəfsəncani Ali İnqilab Rəhbərindən SEPAH-ın gücündən və imkanlarından əlavə kömək kimi istifadə edilməsini xahiş etdi və o da razılaşdı. Beləliklə də SEPAH iqtisadi arenaya, daha doğrusu, quruculuq işlərinə daxil oldu”.
SEPAH-ın yüksək rütbəli komandirləri də İran iqtisadiyyatında geniş şəkildə iştiraklarına haqq qazandırmaq üçün həmişə ölkənin bu hərbi təşkilatın köməyinə “ehtiyacı” olduğunu bəhanə kimi istifadə ediblər.
Bir çox tənqidçi və iqtisadçılar İranın bu günkü iqtisadi problemlərinin əksəriyyətində İnqilab Keşikçilərini günahlandırırlar. Onlar deyirlər ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun iqtisadiyyata müdaxiləsi təkcə monopoliya yaratmayıb, o, eyni zamanda özəl sektorun böyüməsinə mane olub. Bu hərbi qrupun İran iqtisadiyyatında mövcudluğu və fəaliyyəti cəmiyyətdə yoxsulluq, ayrı-seçkilik, və durğunluğun hökm sürməsi, inkişaf proqramlarına çıxış imkanlarının olmaması ilə nəticələnmişdir.
Hatəmi, Əhmədinejad və Ruhani hökumətləri zaman-zaman SEPAH-ın İran iqtisadiyyatında mövcudluğunu sərt tənqid etsələr də, sonda onlarla, eləcə də ordu ilə ümumi razılığa gəliblər. Hökumətin və İslam İnqilab Keşikçiləri Korpusunun iqtisadi fəaliyyətinə müdaxilə həmişə mübahisə mövzusu olub və bəzən şikayətlər həll olunmaq üçün ölkənin Ali dini rəhbərinə təqdim olunub. SEPAH-ın istehsal sektorundan tutmuş nəqliyyat və bank işlərinə qədər fəaliyyəti ordu və bəzi hallarda hökumətin işləri üçün bir növ narahatlıq yaratsa da, adətən hər iki tərəf üçün “qazanc” oyununa çevrilmişdir.
İslam İnqilabı Keşikçiləri Korpusunun İran iqtisadiyyatına (hətta, maliyyə imperiyası olsa belə) geniş şəkildə qarışması bu təşkilat üçün çətin məsələ deyil. Bu müdaxilələr sadə bir üsulla həyata keçirilir. Bu hərbi qrupun əsasını Xomeyninin müharibədə iştirak etmiş və sonralar İslam İnqilabını qorumaq və müxalif qrupları sıxışdırmaq müqabilində böyük siyasi, iqtisadi və ticarət imtiyazları əldə etmiş qohumları təşkil edir. Böyük taxıl idxalçılarının əksəriyyəti SEPAH-ın keçmiş və indiki komandirləridirlər, hətta bu hərbi qrupun üzvlərindən biri olan Rüstəm Qasimi vaxtilə Mahmud Əhmədinejadın neft naziri olmuş və hazırda Yollar və Şəhərsalma Nazirliyində korrupsiya və talanlarla məşğuldur.
Səməd Bayramzadə,
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Şərhlər bağlıdır.