İranda hicabdan düzgün istifadə etmədiyi üçün saxlanılan və sonra dünyasını dəyişən Məhsa Əminiyə görə başlayan etiraz aksiyaları səngimir. Hazırda etirazlar liseylərdə davam edir.
Azerbaycan-ruznamesi.org xarici KİV-lərə istinadla xəbər verir ki, ötən həftə dərsdə, İranın ali dini lideri Xamnəini mədh edən himni oxumaq istəməyən 16 yaşlı Əsra Pənahi polis tərəfindən döyülərək öldürülüb.
Məlumata görə, Ərdəbildə İranın ali dini lideri Ayətullah Əli Xamnəini tərifləyən himni oxumaqdan imtina edən məktəbli qızın ölümü ölkədə növbəti etirazlara səbəb olub. Sinifdə himni oxumaqdan imtina edən 16 yaşlı Əsra Pənahinin digər tələbələrin gözü qarşısında əvvəlcə polis tərəfindən döyüldüyü bildirilir.
Qeyd olunur ki, orta məktəblərdə və universitetlərdə artan etirazların qarşısını almaq üçün məktəblərə basqın edən, tələbələrə rejimi vəsf edən mahnılar oxumağı əmr edən polis oktyabrın 13-də Ərdəbildəki məktəbə basqın zamanı Pənahini dəhşətli şəkildə döyüb, gənc qız qan içində xəstəxanaya aparılıb.
İran Müəllimlərin Həmkarlar İttifaqları 16 yaşlı qızın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişdiyini bildirib.
Qeyd olunur ki, Pənahidən başqa himni oxumayan digər tələbə qızlar da döyülüb.
İran rəsmiləri isə gənc qızın ölümünə görə polisin məsuliyyət daşımadığını bildirirlər.
Ölkədə bir aya yaxındır davam edən aksiyalarda hicab qaydalarına etiraz edən gənc qızlar və qadınlar etirazların mərkəzinə çevrilib. Polis bir çox məktəbə basqın edərək etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, bir çox tələbə qız döyülərək saxlanılıb.
İran İnsan Haqları Təşkilatının oktyabrın 17-nə olan məlumatına görə, etiraz aksiyalarında çoxlu sayda gənc qız və qadın da daxil olmaqla 215 nəfər həyatını itirib.
Şərhlər bağlıdır.