CƏNUBDAN GƏLƏN TƏHLÜKƏ: ƏLƏMDƏN NƏŞƏYƏ QƏDƏR

AZƏRBAYCAN ŞİƏLİYİ İRAN ŞİƏLİYİNİN TƏSİRİ ALTINDAN ÇIXARILMALIDIR

Azərbaycanda din pərdəsi altında İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən şəxslərə və qruplara qarşı “təmizləmə əməliyyatı” keçirilir. Son 3 gündə Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində pozuculuq və təxribat işləri ilə məşğul olan 39 nəfər saxlanılıb.

Ölkəmizin əhalisinin əksəriyyəti, İranda olduğu kimi, islam dininin şiə məzhəbinə mənsub sayılır. Ancaq bu mənsubiyyət, xüsusilə cənub qonşumuzun ardıcıl təsiri altında, dini məzhəb bölgüsündən daha çox siyasi simpatizanlığa və agentura fəaliyyətinə rəvac verən faktora çevrilib. Rəsmi Tehran “din qardaşlığı” adı altında apardığı təbliğat vasitəsi ilə illərdir ölkəmizdə dini inanc sahibləri arasında bölücülüyü gücləndirməyə və məzhəb düşmənçiliyi yaratmağa çalışıb. Özünün siyasi, mədəni və hərbi ekspansiya planlarını şiə həmrəyliyi pərdəsinə bürüyərək, bu pərdənin altında Azərbaycanda casus şəbəkəsi formalaşdırıb.

Hələ ötən ilin yayında İranın Ali Rəhbəri Seyid Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi, İran Mədəniyyət Mərkəzinin rəhbəri Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi və Hüseyniyyə məscidinin fəaliyyəti dayandırılmışdı. Səbəb kimi “koronavirus infeksiyası” göstərilsə də, bu qərarın İranın 44 günlük müharibə zamanı və ondan sonrakı müddətdə ölkəmizə qarşı tutduğu mövqeyin cavabı olduğu aydın idi.

Həmin vaxt Pressklub.az saytında yazdığımız bir yazıda bu Mərkəzin və adı çəkilən zatın ölkəmizdə hansı “məzhəbə” qulluq etdiyini qeyd etmişdik.

Hələ SSRİ süqut edəndən və Azərbaycan yenidən müstəqillik qazanandan bəri diplomatik dildə özünü ölkəmizə dost kimi təqdim edən Tehran rejiminin gerçəkdə dost üzünü görməmişik. Elə Ocaqnejad cənabları da o vaxtlardan İran islam inqilabını mədh edən çıxışlarında Azərbaycanın şiə əhalisində “Tehran teokratiyası”na müsbət münasibət formalaşdırmaq üçün təbliğat aparırdı. Sovetlər süqut etdikdən dərhal sonra o, “Qafqaz müsəlmanlarına kömək” məqsədilə yaradılmış quruma rəhbər təyin edilir. Az sonra “Azərbaycanda olan tələbələrin təşkilatçısı” (?!) təyin edilir. Həm də kimlərin əmri ilə – ayətullaüzma Meşkini və Lənkərani kimi avtoritetli teokrat liderlərin! 1993-cü ildən İran Mədəniyyət Mərkəzinin rəhbəri, 1996-cı ildən Vəliyyi-Fəqihin – Ali Rəhbər Xamneyinin – Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi olur.

“…hələlik ortada olan fakt bir məscidin bağlanmasıdır. Cənab Ocaqnejadın rəhbərlik etdiyi İran Mədəniyyət Mərkəzi təşkilat olaraq bağlanıbmı? Bildiyimiz qədər, xeyr. Uzaqbaşı, Hüseyniyyə məscidi bağlandı deyə, dəftərini vurub qoltuğuna, gedib oturub özləri demiş, qeyri bir məkanda. Yəni, bağlanan Ocaqnejadın heç zadı deyil, bizim məscidimizdi. O ağa işindədi. Təşkilat yerində, şəbəkə işləyir, qazan qaynayır…” (Pressklub.az, 10.06.2021, “Ocaqnejadın ocağında nə bişirmiş?”) 

Həmin yazının əsas sualı da elə bu idi: “Axı nə bişirmiş bu ocağın üstündə, yaxud altında? Doğrudanmı, illərdir adı səs-küylü məhkəmə işlərindən, “casus oyunları”ndan kəm olmayan, terror ittihamları ilə yanaşı çəkilən bir Mərkəz və onun rəhbəri o boyda ofisdən buuuuboyda virusa görə çıxarılıb?”

İslam inqilabı ideyasının ixracı İran üçün strateji məqsəd sayılır. Ocaqnejad bu sahədə usta kadrlardandır. Azərbaycan müstəqillik qazanandan bəri ölkəmizdə İranın neçə səfiri dəyişib? Neçə siyasətçi, QHT-çi, jurnalist, digər peşə sahibi İran xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda suçlanaraq həbsə göndərilib? N qədər… Amma cənab Ocaqnejada toxunulmayıb. Diplomat statusunda, dövləti təmsil edən rəsmi qurumun rəhbəri kimi işini davam etdirib.

Axı bu şəbəkənin izinə düşmək, onları üzə çıxarıb zərərsizləşdirmək ən geci elə həmin vaxt mümkün idi. Mütləq səfirliyimizə terror hücumu olmalı, bundan sonra bilinən həqiqətlər ucadan söylənilməliydi? İş o yerə çatdı ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də dilə gəldi: “İran bizim qardaşımız deyil… Ermənistanın qardaşıdır… Orada 30 milyon soydaşımız əsirdir…” Şeyx bu planda təsadüfi adam deyil, illərlə yürüdülən “din qardaşlığı” konsepsiyasının sütun isimlərindəndir. Həqiqəti söyləməsi çox yaxşıdır, pis olan gec söyləməsidir…

Qarabağın işğal altında qaldığı illər ərzində o torpaqları işğalçı ölkənin ordusu ilə bərabər talan edən İran deyildimi? Ölkəmizdə casusluq fəaliyyəti dəfələrlə üzə çıxarılan, hətta siyasi partiya adı altında təşkilatlanan, ölkə rəhbərliyinin həyatına qarşı qəsd planları aşkarlanan kimlər idi? KİV və vətəndaş cəmiyyəti sferasında özünə möhkəm dayaqlar yaradan, işğalçı dövləti ən ali tribunalar bir yana, lap gözümüzün qabağındaca müdafiə edən, məscidlərimizdə donuz saxlayan işğalçıların paytaxtında məscid təmir edən hansı dövlət olub? Xankəndidəki separatçı və cinayətkar rejimə nəfəs verən kim idi?

Saf dini inanc sahiblərini islamın mahiyyətindən çox-çox uzaq olan “ələm oynatmaq” kimi cəhalət tamaşasına yığmaqdan tutmuş, ölkəmizə narkotika qaçaqmalçığına şərait yaratmaqla genofondumuza qarşı qəsdə durmağa qədər hər cür əməl çıxdı bu “islam dövləti”nin başının altından… “İslam inqilabı ideyası” adı altında ələmdən nəşəyə qədər hər şey ixrac etdilər, təki məqsədə çatılsın.

Yaranmış vəziyyətdə məsələnin köklü həlli üçün xüsusi xidmət orqanlarının daha bir “təmizləmə əməliyyatı” həyata keçirməsi kifayət etmir. Azərbaycan mərkəzli dini inanc iyerarxiyasının yaradılması gündəmə gəlməlidir. İnsanlarımız niyə Tehrandan tutmuş Quma, ordan da Kərbəlaya qədər müxtəlif yerlərin müctəhidlərinə təqlid etməlidirlər? Ümumiyyətlə, təqlid iyerarxiyası islam dinində hansısa statusda varmı? Azərbaycan dini cameəsi və dövlət bu məsələdə, əlbəttə, inzibati üsullarla deyil, dini maarifləndirmə yolu ilə yerli sistemin yaradılmasını nəzərdən keçirməlidirlər. Vətəndaşlarımız, əlbəttə, din, hətta məzhəb seçimində azaddırlar və azad olmalıdırlar. Lakin Azərbaycan şiəliyi İran şiəliyinin təsiri altından çıxarılmalıdır. Eləcə də sünni məzhəbli insanlarımız ərəb dünyasının…

Ocaqnejadın qovulmasından sonra “təmizləmə işlərinə” pauza verilməsəydi, prinsipial xətt davam etdirilsəydi, ziyanın yarısında idik. İndi ifşa olunan, saxlanılan şəxslərin əksəriyyəti onun qurduğu şəbəkənin üzvləri, qarşısı alınan fəaliyyətlərin az qala hamısı həmin cənabın tərəfindən təməli qoyulmuş işlərdir. Tehran təmsilçilərinin əlini öpə-öpə öz ölkəsinin mənafeyinə zərbə vuranlar indi cəzalarına çatırlar.

Bizim də ötən il dərc etdiyimiz məqalədə söylədiklərimizi bir daha xatırlatmağımız o deməkdir ki, hələ gec deyil…

Qabil Abbasoğlu

Şərhlər bağlıdır.